Felləri nəzərdən keçirdikdə onların bir qisminin yalnız bir söz kökündən, bir qisminin kök və sözdüzəldici şəkilçidən ibarət olduğunu görürük. Fellərin və adların fellərlə birləşməsindən ibarət olan mürəkkəb fellər də var. Odur ki fellər də quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə, yəni əsli fellərdə müasir dil baxımından ikinci bir morfem (sözdüzəldici şəkilçi və ya söz kökü) ayırmaq mümkün deyil. Belə fellər yalnız söz kökündən ibarət olur. Məs.:
Çalış, ək, biç, aparsın bəy, evin qalsın dəyirman tək,
Ayılma, haqqını qanma, xəbərdar olma insan tək. (S.)
Bu misralarda çalış, ək, biç, aparsın, qalsın, ayılma, qanma sözləri sadə fellərdir. Buradakı yalnız xəbərdar olma feli quruluşca mürəkkəbdir və xəbərdar sifəti ilə olmaq felinin birləşməsindən əmələ gəlmişdir. Misaldakı çalış(maq), apar(maq), ayıl(maq) sözlərini kök və şəkilçiyə ayırmaq olmaz, çünki -ış, -ar, -ıl hissələrini ayırdıqda çal, ap, ay hissələri ya məna ifadə etmir, ya da felin ümumi mənası ilə əlaqəli məna ifadə olunmur.
Sadə fellərdən danışarkən aşağıdakı cəhətləri yadda saxlamaq lazımdır:
1. Olmaq, etmək, eləmək felləri az hallarda sadə müstəqil fel kimi işlənir. Ol sözü əsasən iki halda sadə müstəqil fel kimi çıxış edir:
a) yaşamaq mənasında işləndikdə; məs.: Onlar yaxınlıqdakı meşənin ətəyində olurdular.
b) bir şeyin mövcud olduğunu bildirdikdə; məs.;
Kababım olaydı, közüm olaydı,
Yar yanında ötkəm sözüm olaydı. (V.) (1, 112)
Çəmənim, çiçəyim payıza düşdü,
Solan çiçəyimlə solan olmadı.
Başımın üstəki qara bulud tək
Bircə yol gözləri dolan olmadı.(Ə.Q.)
Varlı, yoxsul, güclü, gücsüz olmayacaqdır.(C.C.)
Qalan hallarda ol feli adlarla birləşərək mürəkkəb fel əmələ gətirir; məs.: dost olmaq, heyran olmaq, parça-parça olmaq, daşürəkli olmaq, pərt olmaq, dilxor olmaq, asi olmaq və s. Bu misalların hamısında olmaq feli -dır şəkilçisi ilə əvəz oluna bilər: parça-parçadır, dilxordur, pərtdir və s.
Et, elə felləri də az hallarda müstəqil sadə fel kimi işlənir. Sadə fel kimi işləndikdə təsirlik halda müstəqil obyekt tələb edir; məs.: Bu işi kim etdi, nə üçün etdi? Bizə son məqamda köməyi sən elədin.
Qalan hallarda etmək, eləmək felləri də adlarla birləşərək yarımmüstəqil vəziyyətdə mürəkkəb fel əmələ gətirir; məs.: him eləmək, dərd eləmək, fikir eləmək, səhv eləmək, söhbət eləmək, ah etmək və s.
2. Fellər say etibarilə isimlər qədər çox olmasa da, məcaziləşmə imkanlarına görə bütün nitq hissələrindən üstündür. Odur ki əksər fellər həm həqiqi, həm də məcazi mənada işlənə bilir. Həqiqi mənada işləndikdə müstəqil sadə fel kimi çıxış edir. Məcaziləşdikdə başqa bir sözlə, xüsusən adlarla birləşərək frazeoloci vahid əmələ gətirir və dilin frazeoloci fondu daha çox belə fellərdən ibarətdir. İdiom şəklində olan frazeoloci vahidlər mürəkkəb fel hesab olunur; məs.:
Maşın getdi.
Əsgər bir an fikrə getdi.
O, maşından düşdü.
O, tezliklə hörmətdən düşdü.
Misallardakı getdi, düşdü felləri sadə, fikrə getdi, hörmətdən düşdü – mürəkkəbdir.
3. Müasir Azərbaycan dilində bir sıra fellər var ki, onları zahirən asanlıqla kök və şəkilçiyə ayırmaq olur; məs.: ağlamaq, saxlamaq, barışmaq, yarışmaq, inləmək və s. Əslində isə belə sözləri müasir dil baxımından kök və şəkilçiyə ayırmaq olmaz. Düzəltmə sözün əsas xüsusiyyətlərindən biri budur ki, belə sözlərin kökü ilə ondan düzələn söz arasında məna əlaqəsi olur. Məsələn, diş sözündən dişləmək, ağ sözündən ağarmaq, ayaq sözündən ayaqlamaq, təəccüb sözündən təəccüblənmək sözlərində olduğu kimi. Yuxarıda qeyd etdiyimiz tipdən olan sözləri kök və şəkilçiyə ayırdıqda ya kök məna vermir, yaxud da kökün mənası ilə düzəltmə hesab etdiyimiz sözün mənası arasında əlaqə olmur. Məsələn, saxlamaq felini kök və şəkilçiyə ayırdıqda sax kökü məna vermir, ağlamaq sözünü kök və şəkilçiyə ayırsaq, rəng bildirən ağ sözü ilə ağlamaq feli arasında əlaqə olmayacaqdır.
Bu hal onunla əlaqədardır ki, bu cür sözlər tarixən həqiqətən düzəltmə olsalar da, sözdə ya mənaca, ya da fonetik tərkibcə dəyişiklik olmuşdur. Sax sözü qədim abidələrin dilində saxlamaq mənasında işlənmiş, lakin tədricən bu forma arxaikləşmişdir. Ağla sözü isə tarixən ağılamaq şəklində (ağı demək) formalaşmış, tədricən ı saitini itirmişdir. İnləmək felində səs dəyişikliyi olmuşdur, söz tarixən ün (səs) sözündən ünləmək şəklində düzəlmiş və sonralar fonetik tərkibcə dəyişmişdir. Ona görə də belə sözlər müasir dildə düzəltmə deyil, sadə fel hesab olunur.
Aşağıdakı fellər də bu qrupa daxil olan sadə fellərdir: aşılamaq, adaxlamaq, bacarmaq, becərmək, bəsləmək, çabalamaq, çalışmaq, çevirmək, dağılmaq, devirmək, dinləmək, düşünmək, gizləmək, gövşəmək, güləşmək, güvənmək, qoxumaq, qovuşmaq, qurumaq, ləlimək, oxumaq, ödəmək, sınamaq, söyləmək, sümürmək, süpürmək, tanımaq, unutmaq, usanmaq, uyumaq, üşümək, yoğurmaq və s.
Anqırmaq, asqırmaq, bəyirmək, böyürmək, qışqırmaq, hıçqırmaq, muşqurmaq, öskürmək, püskürmək, fışqırmaq, tüpürmək, hovxurmaq, çəmkirmək və s. də belə sözlərdəndir və əksəriyyət etibarilə kökündə ayrılması mümkün olmayan təqlidi sözlər durur.
Köç, saç, düz, qoxu və s. bir sıra fellər isimlərlə omonimdir. Bunlar həm isim kimi hal, mənsubiyyət, xəbərlik şəkilçiləri, həm də fel kimi məsdər, təsirlik, növ, inkarlıq, zaman, şəxs şəkilçiləri qəbul edərək dəyişir.