Məlumdur ki, hər bir dil özünün fonetik sistemi, lüğət tərkibi və qrammatik quruluşu ilə bir dil kimi mövcud olur və bu üç tərkib hissənin birgə fəaliyyəti ilə ünsiyyətə xidmət edir. Səslər söz şəklində birləşdikdə, sözlər qrammatik quruluşun ixtiyarına keçdikdə ünsiyyətin əsas vasitəsi olan dil də təşəkkül tapır.
Səslər – dilçiliyin bir şöbəsi olan fonetikada, lüğət tərkibi – leksikologiyada öyrənilir. Dilin qrammatik quruluşu isə «qrammatika» adlanan elm sahəsinin tədqiqat obyektinə daxildir.
Danışıq səsləri əsasən sabit olur və nisbətən az dəyişikliyə uğrayır. Lüğət tərkibində inkişaf və yeniləşmə daha güclü olur. Keçən minillik ərzində xeyli söz arxaikləşmiş, dilin lüğət tərkibinə çoxlu yeni sözlər daxil olmuşdur. Alınmaların mənbəyi və işləkliyi tez-tez dəyişmişdir.
Dilimizin qrammatik quruluşu isə bunların hər ikisinə nisbətən daha sabitdir. Lakin bu, qrammatik quruluşun dəyişməz olduğu demək deyildir. Əvvəlki yüzilliklərə nisbətən, XX əsrdə isim hallarının, fel şəkillərinin qrammatik mənası xeyli konkretləşmiş, isim halları və fel şəkillərində müvazi əvəzlənmələr azalmışdır. Şəkilçilərdə arxaikləşmə vardır. Az işlənən alınma qoşma və bağlayıcılar arxaik fonda keçmişdir. Əvəzliklər arxaik formalardan, söz birləşmələri izafətlərdən təmizlənmişdir. Mürəkkəb cümlə tipləri daha da zənginləşmişdir.
Dilimizin lüğət tərkibi ilə qrammatik quruluşu vəhdətdə olub, daim bir-birini zənginləşdirməkdədir. Lüğət tərkibinə daxil olan sözlərin bir qismi inkişaf prosesində tədricən müstəqilliyini itirərək köməkçi sözə və şəkilçiyə çevrilmiş, qrammatik quruluşun ixtiyarına keçmişdir. Öz növbəsində həmin köməkçi sözlər və şəkilçilər də lüğət tərkibindəki müstəqil mənalı sözlərə qoşularaq yeni sözlərin və birləşmələrin yaranmasına, lüğət tərkibinin zənginləşməsinə səbəb olmuşdur.
Sözün leksik və qrammatik mənaları. Hər bir tammənalı sözün həm leksik, həm də qrammatik mənası olur. Söz leksik və qrammatik mənaların mürəkkəb birliyidir. Məsələn, çəmən sözü yaşıl otlarla örtülü kiçik sahəni bildirir. Bu onun leksik mənasıdır.
Eyni zamanda bu söz ad bildirir, konkret isimdir, təkdir, adlıq haldadır. Bunlar onun qrammatik mənasıdır. Leksik məna həmişə konkret olur. Məsələn, daş, kitab, ev, odun sözlərinin hər biri konkret bir əşyanın adını bildirir. Qrammatik məna həmişə ümumiləşmiş olur, mücərrəd olur. Qrammatik elementlər söyləmi xüsusi vasitələrlə zənginləşdirir. Fikir yalnız tammənalı sözlərlə deyil, müxtəlif morfemlərin, köməkçi sözlərin, söz sırası və intonasiyanın köməyi ilə ifadə olunur. Dağlar yaşıllaşır. Dağlar yaşıllaşır? – cümlələrindən birincisində təsdiq, ikincisində sual mənası vardır. Lakin bu mənalar dağlar və yaşıllaşmaq sözlərinin ayrılıqda tələffüzü ilə deyil, cümləni təşkil edən üzvlərlə qrammatik əlaqəsi, bir sıra morfemlərin və intonasiyanın köməyi ilə ifadə olunmuşdur.
Sözün leksik mənası ilə yanaşı, semantik mənası da var. Sözün leksik və semantik mənaları nə qədər yaxın olsa da, müəyyən dərəcə fərqlənir. Semantik məna nitq və ya mətn şəraitində sözün leksik məna əsasında qazandığı mənadır. Semantik məna «gleksik mənaya tabedir. Semantik məna sözün leksik mənasında müxtəlif yol və vasitələrlə əmələ gələn məna incəlikləridir. Leksik məna məfhumun bilavasitə ifadəçisidir. Semantik məna məfhumla bağlı olsa da, onun müstəqil ifadəçisi deyil. Ona görə «leksik semantika» ifadəsini işlədirik ki, sözün leksik mənası geniş anlayışdır, semantik məna leksik mənanın içindədirg O, leksik mənadan ayrı deyildir, ondan kənarda yaşaya bilmir».(8, 210)
Beləliklə, qrammatik məna tək-tək sözlərə deyil, böyük söz qruplarına aid olan ümumiləşmiş, mücərrədləşmiş mənadır.
Sözün real mənası xarici aləmin bu və ya digər hadisəsindən asılı olur. Qrammatik məna isə sözün o mənasıdır ki, başqa sözlərlə əlaqədə meydana çıxır. Sözdə qrammatik məna tək olmur, sözlər sinkretik şəkildə müxtəlif qrammatik mənaları özündə birləşdirir. Mən kitabı oxuyuram – cümləsində kitabı sözünün isim olduğunu, təsirlik halda olduğunu, tək olduğunu müəyyənləşdirmək olur. Leksik məna çox zaman maddi aləmin özü ilə bağlı olur. Mən məktubları oxudum – dedikdə aydın olur ki, məktub çox imiş, ona görə də danışan şəxs həmin sözü cəmləmişdir. Lakin qrammatik məna sözlər arasındakı əlaqədən doğur, dilin özündən irəli gəlir.(9, 79-82)
Azərbaycan dili iltisaqi dillərdəndir. Sözlər arasında əlaqədə şəkilçilərin rolu böyükdür. Ona görə də dilimizdə qrammatik mənaların yaranmasında şəkilçilər xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, qrammatik mənaların yaranmasında vurğunun, intonasiyanın, qoşmaların, ədatların, modal sözlərin xüsusi rolu vardır.
Hər bir sözün qrammatik forması vardır. Sözün qrammatik forması - bu və ya digər sözün bir-birinə qarşı duran qrammatik formalarıdır. Yazıram, yazırsan, yazır, yazırıq, yazırsınız, yazırlar, yazarıq, yazarsınız, yazacaqlar və s. yazmaq felinin qrammatik formalarıdır. Bunlar sistemli şəkildə toplandıqda sözün paradiqmasını yaradır. Hər bir qrammatik formanın özü də söz-forma hesab olunur.(9, 83)
Məzmun və forma (ifadə) planında bir-birinə qarşı duran qrammatik mənaların birliyi qrammatik kateqoriyaları yaradır.
Qrammatik kateqoriya birüzvlü ola bilmir. Həmişə bir-birinə qarşı duran tərəflərin birliyindən ibarət olur. Əgər tək isimlər varsa, cəm də olur, adlıq hal varsa, yiyəlik hal və digər hallar da olmalıdır, indiki zaman varsa, keçmiş və gələcək zamanlar da olmalıdır. Bir-birinə qarşı duran bu cür tərəflərin məzmun və forma birliyi kateqoriya şəklində təzahür edir. Ona görə də qrammatik kateqoriyalar bir-birindən yalnız mənasına, ifadə tərzinə görə deyil, həm də oppozisiya təşkil edən tərəflərinin sayına görə fərqlənir. Məsələn, kəmiyyət kateqoriyası iki üzvlüdürsə, hal altı üzvlüdür. Qrammatik kateqoriyalar ayrı-ayrı nitq hissələrinə xidmət edir və onların əsas spesifikasını müəyyənləşdirir.(9, 85)
Qrammatikanın köməyi ilə o mənalar ifadə olunur ki, onları tək-tək sözlərin köməyi ilə ifadə etmək olmaz. Qrammatik elementlər fikrin ifadəsi üçün nəzərdə tutulan anlayışlar arasında əlaqə yaradır. Qrammatik əlaqədə olmayan tək-tək sözlər bitkin fikir ifadə edə bilmir. Hər bir dilin qrammatik quruluşu öz spesifik cəhətləri ilə o dili başqa dillərdən fərqləndirir. Eyni zamanda qrammatik quruluş ayrılmaz şəkildə leksika ilə bağlıdır. Qrammatik quruluş olmadan dil də ola bilməzdi, lakin qrammatik quruluşun leksika ilə əlaqəsi olmadan da dil yarana bilməzdi. Qrammatik elementlər leksika ilə əlaqə əsasında özünü göstərə bilir. Qrammatik vasitələrin cəmi və onların bir-biri ilə qarşılıqlı əlaqəsi dilin qrammatik quruluşunu təşkil edir. (4, 98-99)
Qrammatika sözü ilk dəfə yunan alimi Əflatunun (e.ə.427348) «Kratil» əsərində işlənmişdir: qramma – yunanca hərf, yazı, tike – elm mənasında olub, söz ilkin mənada «hərf haqqında elm», «yazı sənəti» deməklir. Ərəstun dövründə (e.ə.384-322) oxumaq, yazmaq, savad mənasında işlədilmiş, frakiyalı Dionisi tərəfindən (e.ə.2-ci əsr) mənası daha da genişləndirilmişdir – ana dilində danışmaq qaydalarını öyrənmək mənası qazanmışdır. (7, 60-61)
Qrammatika sözü mühüm bir dilçilik termini kimi, iki mənada – həm dilin qrammatik quruluşu mənasında, həm də dilin qrammatik quruluşundan bəhs edən elm mənasında işlədilir.
Dilin qrammatik quruluşu - cümlədə sözlərin dəyişməsi və birləşməsi qaydalarının məcmusudur. İkinci mənada qrammatika – cümlədə sözlərin dəyişməsi və birləşməsi qaydalarından bəhs edən elmin adıdır.
«Qrammatik qaydalar», «qrammatik hadisələr» dedikdə dilin obyektiv şəkildə mövcud olan qrammatik quruluşu nəzərdə tutulur, «qrammatika kitabları» dedikdə dilimizin qrammatik quruluşu haqqında elmdən söhbət gedir. Bunlardan birincisinin tarixi çox qədimdir.
Azərbaycan dilinin qrammatik quruluşu çox qədimdir. Şifahi ədəbi dilimizin qədim abidəsi olan «Kitabi-Dədə Qorqud»un dilinin tədqiqi göstərir ki, müasir ədəbi dilimizin bütün dəyişmə və təsrif sistemi, sintaktik əlaqələr, sadə və mürəkkəb cümlə modelləri 1500 il əvvəlki ümumxalq Azərbaycan dilində tam formalaşmış şəkildə mövcud olmuşdur. Dilimizin qrammatik quruluşu əsrlərlə Azərbaycan xalqına xidmət etmiş, ötən müddət ərzində daha da zənginləşmiş və səlisləşmişdir. İndi dünyanın elə bir böyük əsəri yoxdur ki, onu Azərbaycan dilində layiqincə səsləndirmək mümkün olmasın.
Dilin qrammatik quruluşunun əsas xüsusiyyətləri aşağıdakı kimi müəyyənləşdirilir:
1) dilin qrammatik quruluşu fikri maddi dil cildinə salan əsas vasitədir;
2) qrammatik quruluş dilin əsəb sistemini təşkil edir və dildə olan bütün prosesləri idarə edir;
3) qrammatik quruluş ibtidada bəsit olur, tədricən inkişaf edib zənginləşir;
4) qrammatik quruluş birdən-birə deyil, uzun müddət ərzində, mərhələli inkişaf prosesində yaranıb formalaşır;
5) dilin qrammatik quruluşu səlisləşmə, zənginləşmə istiqamətində inkişaf edir;
6) qrammatik quruluş dilin başqa sahələrinə nisbətən daha sabit olur və əsrlərlə insanlara xidmət edir;
7) qrammatik quruluş dilin ən gec və yavaş dəyişən hissəsidir;
8) qrammatik quruluş dilin milli oricinallığının qorunub saxlanmasında böyük rola malikdir. (Bax: 3, 37)
Hər bir dilin qrammatik quruluşuna aid olan bu xüsusiyyətlər eyni dərəcədə Azərbaycan dilinin qrammatik quruluşuna da aiddir. İngilis dili lüğət tərkibindəki sözlərin 60 faizə qədəri, Azərbaycan dili lüğət tərkibindəki sözlərin 40 faizdən çoxu alınma sözlərdir, lakin oricinal qrammatik quruluşu olduğundan bu dillər müstəqil dil hesab olunur. Bu hal başqa dillərə də aiddir. Dilimizin qrammatik quruluşuna aid olan hal şəkilçilərinin çoxu 5000 il əvvəlki şumer dilində də mövcuddur. Deməli, bu şəkilçilərin təşəkkül tarixi daha qədimdir. Bağlayıcı sözlü budaq cümlələrə şumer dilində də rast gəlirik, deməli, bu cür cümlələrin təşəkkül tarixi ki bağlayıcılı analitik tabeli mürəkkəb cümlələrdən çox əvvəldir. Adların və fellərin dəyişmə və təsrif qaydaları, tabelilik üsulları, sadə və mürəkkəb cümlə tipləri «Dədə Qorqud»un dilində də vardır və keçən müddət ərzində bu qaydalar yalnız səlisləşmə, zənginləşmə istiqamətində inkişaf etmişdir.
Dilimizin qrammatik quruluşunun təşəkkül tarixi qədim olsa da, onun tədqiq və öyrənilmə tarixi çox qısadır. Uzun müddət Azərbaycan dilinin qrammatik quruluşu məktəb qrammatikası çərçivəsində öyrənilmişdir. Bu sahədə ilk geniş elmi tədqiqat professor Mirzə Kazım bəyin «Türk-tatar dilinin qrammatikası» (1839-1846) əsəridir. Bundan sonrakı dövrdə də həcmcə kiçik qrammatika əsərləri (N.Nərimanovun, S.M.Qənizadənin qrammatikaları və s.) yaranmışdır. Lakin Azərbaycan dili qrammatik quruluşunun həqiqi tədqiqi keçən əsrin ortalarından başlanmışdır. Dilimizin morfoloji və sintaktik quruluşunun tədqiqi sahəsində Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseynzadə, Ə.Abdullayev, Z.Budaqova, Z.Tağızadə, Y.Seyidov və başqa alimlərimizin böyük rolu olmuş, keçən 50-60 ilin müddətində qiymətli dərsliklər, dərs vəsaiti, monoqrafiya və dissertasiyalar meydana çıxmışdır.
Dilin qrammatik quruluşu bir neçə istiqamətdə öyrənilir. Ona görə də bir elm sahəsi kimi, qrammatikanın bir sıra növləri vardır.
Bunların başlıcaları aşağıdakılardır:
Tarixi qrammatika.
Müqayisəli qrammatika.
Tarixi-müqayisəli qrammatika.
Təsviri-elmi qrammatika.
Məktəb qrammatikası.
Bunlardan əlavə, məntiqi, fəlsəfi, nəzəri, akademik qrammatikalar da vardır.
Tarixi qrammatika – qrammatikanın maraqlı növlərindən biridir. Qrammatikanın bu növündə sözlərin, söz birləşmələri və cümlələrin quruluşu, dəyişmə və inkişafı tarixi aspektdə öyrənilir. Tədqiqat işi dilimizin ən qədim abidəsi olan «Kitabi-Dədə Qorqud»un dilindən başlayır, qədim məsnəvilərin (Suli Fəqihin «Yusif və Züleyxa», İsanın «Mehri və Vəfa» məsnəviləri, «Dastani-Əhməd Hərami» məsnəvisi), klassik söz ustalarımızın – Qazi Bürhanəddin, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, Qurbani, M.P.Vaqif, M.F.Axundov kimi sənətkarların dil materialı əsasında hər bir kateqoriyanın inkişaf, səlisləşmə, zənginləşmə istiqamətində keçdiyi yol mərhələlər üzrə tədqiq olunur. Bu cür araşdırma diaxronik (tarixi) qrammatikanın işidir və böyük tədqiqat tələb edir. Dilimizin qrammatik quruluşunun bu cür tədqiqi sahəsində Ə.Dəmirçizadə, H.Mirzəzadə, R.Məhərrəmova, T.İ.Hacıyev kimi alimlərimizin böyük xidməti vardır.
Tarixi qrammatikanın bir növü də sinxron tarixi qrammatikadır. Tarixi qrammatikanın bu növündə dilin tarixi inkişaf mərhələlərindən birində (məsələn, XVI, XIX və b. əsrlər) Azərbaycan dilinin quruluş xüsusiyyətləri tədqiq edilir.
Müqayisəli qrammatikada bir dilin dialekt və şivələri ilə ədəbi forması müqayisəli şəkildə öyrənilir. Eyni zamanda, qrammatikanın bu növündə qohum dillərin qrammatik quruluşu müqayisəli şəkildə tədqiq edilir. Bu cür tədqiqat işi bütün qohum dilləri və ya onların bir qismini əhatə edə bilər. Məsələn, bütün türk dillərinin və ya Oğuz qrupu dillərinin qrammatik quruluşunu bu cür öyrənmək olar. Bu sahədə bizim dilçilikdə və ümumən türkologiyada bir növ pərakəndə şəkildə tədqiqat aparılsa da, xeyli iş görülmüşdür.
Müqayisəli qrammatikanın bir növünü qarşılaşdırma yolu ilə aparılan tipoloci qrammatika təşkil edir. Tipoloci qrammatikada qohum olmayan dillərin qrammatik quruluşu qarşılaşdırma yolu ilə öyrənilir. Son dövrlərdə dilçiliyimizdə rus və Azərbaycan, ingilis və Azərbaycan, fransız və Azərbaycan dillərinin qrammatik quruluşunun müqayisəli-tipoloci tədqiqinə meyil artmışdır.
Tarixi-müqayisəli qrammatika – dilçiliyin ən maraqlı sahələrindən biridir. Tarixi-müqayisəli qrammatika imkan verir ki, qohum dillərin qrammatik quruluşuna tarixi aspektdə və müqayisəli şəkildə nəzər salmaq mümkün olsun. Bunun üçün qohum dillərin ən qədim abidələrindən başlanılır. Məsələn, türk dillərinə məxsus belə qədim abidələr hələlik Orxon-Yenisey abidələrinin (V-VIII əsrlər) dili hesab olunur. Bu cür tədqiqatın əhəmiyyəti orasındadır ki, belə bir istiqamətdə tədqiqatla Yer üzərində yaranmış vahid Ulu dilin qrammatik quruluşunun əsaslarını öyrənmək olar. Lakin bu, çox böyük və geniş tədqiqat tələb edir. Bunun üçün hər bir dil ailəsinə daxil olan dillərin qrammatik quruluşu tarixi aspekitdə diqqətlə öyrənilməlidir. Sonra həmin dillərin arxetipləri müqayisə edilməklə hər bir dil ailəsinin başında duran protodilin qrammatik quruluşu aydınlaşdırılmalıdır. Yalnız bundan sonra protodillərin qrammatik quruluşunu müqayisəli şəkildə öyrənməklə Ulu dilin qrammatikası barədə təsəvvür qazanmaq olar.
Təsviri-elmi qrammatikada dilin hazırkı inkişaf vəziyyəti, müasir səviyyədə dilin qrammatik quruluşu elmi şəkildə tədqiq edilib öyrənilir. Dilin müasir səviyyəsi dedikdə yaxın vaxtlara qədər daha çox Sovet dövrü Azərbaycan ədəbi dili nəzərdə tutulurdu. «Müasir dil» anlayışını dar və geniş mənada başa düşmək olar. Geniş mənada Azərbaycan dilinin XVI əsrdən sonrakı milli dil əsasında formalaşma və inkişaf dövrü, konkret halda isə müstəqillik illəri Azərbaycan ədəbi dili nəzərdə tutulur. Doğrudur, dil formasiyalara laqeyddir, lakin hər iki bölgü bir çox cəhətdən prinsip etibarilə doğru bölgüdür. Sovet hakimiyyəti illərində ədəbi dilə ictimai nəzarət, dövlət nəzarəti güclü olduğundan, ədəbi dilin elmi, bədii, publisistik üslubları ahəngdar inkişaf etdiyindən, dəfələrlə orfoqrafiyaya, orfoepiyaya dair müzakirələr aparıldığından, saysız lüğətlər nəşr olunduğundan ədəbi dil XX əsrin birinci rübünün ədəbi dilindən öz saflığı, təmizliyi, səlisliyi baxımından xeyli fərqlənirdi. Müstəqillik illərində ədəbi dilə dövlət nəzarəti, ictimai nəzarət daha da güclənmişdir. Doğrudur, qəzetlərin çoxluğu və qəzet dilinə nəzarətin zəifliyi dildə reqressiv hallara da imkan yaratmışdır, lakin bütövlükdə dilin inkişafı, xüsusilə kargüzarlıq işinin və dövlət sənədlərinin Azərbaycan dilində aparılması ümumi inkişaf və yeniləşmə ilə bağlıdır. Odur ki konkret halda müstəqillik illərini tədqiqatın əsasına qoymaqla təsviri-elmi qrammatikanın tədqiqat obyekti kimi XX əsrin 50-ci illərindən sonrakı dövrü əsas götürmək olar.
Məktəb qrammatikası – ənənəvi tədqiqatlara əsaslanan və ümumtəhsil məktəblərində öyrənilən qrammatikadır. Burada yığcam şəkildə dilin qrammatik quruluşunun hamı tərəfindən qəbul edilən mühüm müddəaları əhatə olunur. Məktəb qrammatikası xüsusi proqram əsasında yazılır və onu dəyişmək, istənilən mübahisəli məsələləri dərsliyə daxil etmək olmaz. Keçən əsrin 30cu illərindən başlayaraq, ilk məktəb dərsliklərinin yaradılmasında Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseynzadə, S.Cəfərov və başqalarının xüsusi əməyi olmuşdur.
Dilin qrammatik quruluşunda iki mühüm proses əsasdır: 1) sözlərin cümlədə dəyişməsi, müxtəlif şəkillərə düşməsi prosesi və 2) sözlərin cümlədə, cümlələrin mətndə birləşməsi, əlaqələnməsi prosesi. Bunlardan biri – sözlərin cümlədə dəyişməsi, müxtəlif şəkillərə düşməsi qaydaları morfologiyanın, sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəklində əlaqələnməsi qaydaları sintaksisin tədqiqat obyektinə daxildir.
Deməli, qrammatikanın mühüm obyektləri bunlardır: söz, söz birləşməsi, cümlə və mətn. Qrammatika sözlərlə leksikada olduğu kimi semantik aspektlə deyil, onların qrammatik elementlər qəbul edərək mücərrədləşməsi prosesi ilə maraqlıdır. Bu cəhət nitq hissələrini və nitq hissələrinə daxil olan kateqoriyaları üzə çıxarır. Sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəklində əlaqəsi sintaktik kateqoriyaları yaradır.
Sözlərin dəyişməsi və cümlədə birləşməsi əlaqəli, bir-biri ilə bağlı proseslərdir və birlikdə dilin qrammatik quruluşunu təşkil edir, ünsiyyəti, fikir mübadiləsini birlikdə təmin edir. Dəyişmə və birləşmə təcrid edilmiş halda ünsiyyətə xidmət edə bilməz.
O, nəğmə, məhəbbət, əfsanə, danışmaq sözlərinə diqqət yetirək. Bunları necə birləşdirmək, necə cümlə qurmaq olar? Bu sözlər mənaca bağlanmaq üçün qrammatik cəhətdən də bağlanmalıdır. Bağlanmaq, əlaqəyə girmək üçün sözlər müvafiq şəkilçilər qəbul edərək dəyişməlidir. O sözü ilə nəğmə sözünün birləşməsi üçün o – yiyəlik hal, nəğmə 3-cü şəxs mənsubiyyət şəkilçisi qəbul etməlidir: o-nun + nəğmə-si = onun nəğməsi; məhəbbət sözü yiyəlik halda mənsubiyyət şəkilçili əfsanə sözü ilə birləşməlidir: məhəbbət əfsanə-si; danışmaq sözünün zamanı və şəxsi olmalıdır ki, onun nəğməsi birləşməsi ilə uzlaşsın: Onun nəğməsi danışırdı. Aradakı sözləri birləşdirmək üçün məhəbbət əfsanəsi birləşməsi dəyişməli, çıxışlıq hal şəkilçisini qəbul etməlidir: Onun nəğmələri məhəbbət əfsanəsindən danışırdı. Əfsanə sözü tək də ola bilər, cəm də: Onun nəğmələri məhəbbət əfsanələrndən danışırdı.
Sözlərin dəyişməsi və birləşməsi qaydaları dildə sistem təşkil edir. Odur ki bunlar qrammatikanın ayrı-ayrı şöbələrində – sözlərin dəyişməsi, təsrifi qaydaları morfologiyada, birləşməsi qaydaları sintaksisdə öyrənilir.
Morfologiya və sintaksis qrammatika elminin bərabərhüquqlu şöbələridir. Morfologiyada analiz sözlərin bu və ya digər elementləri qəbul edərək dəyişməsi sisteminə, sintaksisdə analiz cümlənin elementlərinə – birləşmə və cümlələri təşkil edən sözlərin əlaqələnməsi qaydalarının təhlilinə yönəldilmiş olur. Belə ki morfologiyanın söz üzərində başladığı analizi sintaksis başa çatdırır; baxmayaraq ki morfologiya da, sintaksis də sözü əsas götürür, lakin qrammatikanın bu şöbələrində sözə müxtəlif cəhətdən yanaşılır, dilin ümumi sistemində onların fərqli qarşılıqlı münasibətləri izah edilir. (4,100) Sintaksisdə ümumiləşdirmə, mücərrədləşdirmə morfologiyadan daha genişdir. Sözlərin dəyişməsi, təsrifi, cümlədə birləşməsi qaydaları insan təfəkkürünün uzunmüddətli inkişafının məhsuludur. Qrammatikada dəyişmələr, inkişaf bilavasitə cəmiyyətin inkişafı ilə bağlı baş verir.