MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

KÖMƏKÇİ ADLAR
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

KÖMƏKÇİ ADLAR

Azərbaycan dilində həm isimlərə, həm də qoşmalara yaxın olan bir söz qrupu var. Bunlar mahiyyət etibarilə isimlərə daha çox yaxındır, lakin semantik cəhətdən zəifliyinə və bir sıra xüsusiyyətlərinə görə qoşmalarla da oxşar cəhətlərə malikdir və ona görə də bilavasitə qoşmalardan sonra onların haqqında məlumat verilməsi daha məqsədə müvafiqdir.

Bunlara şərti olaraq köməkçi adlar deyilir. «Adlar» dedikdə burada felə qarşı duran adlar qrupuna aid nitq hissələri deyil, ad bildirən sözlər, yəni isimlər nəzərdə tutulur. Çünki bunlar əşya adı bildirən sözlər qrupu ilə daha doğmadır. Bunlar, başlıca olaraq: iç, orta, böyür, yan, dib, ön, arxa, dal, qabaq, ara, ard, qarşı, alt, üst, tərəf, haqq, yol, barə, boy, kənar, qıraq, qənşər, sayə və s. sözlərdən ibarətdir. (bax: 2) Məs.:
Orxan «Jiquli»ni gecə-gündüz bu ağacın yanında saxlayırdı. (İ.M.)

Daxmanın qabağından göyümtül tüstü qalxırdı. (İ.M.)

Çoban dizləri üstə oturub, qulaq asırdı.(Elçin)

Çobanın nəinki iri, qaba əlləri, sinəsinə alıb-buraxdığı nəfəs də gecə-gündüz ayaq üstə olmaqdan xəbər verirdi.(Elçin)

Çiçəkləmiş bu torpağın bir azdan sonra süvari atlarının dırnağı altında didim-didim didiləcəyini bilirdi. (Elçin)

Onsuz da, məmləkətin ətrafında həmişə at cövlan etmişdi. (Elçin)

Şah İsmayıla elə gəldi ki, indi Çaldıran düzündə beləcə arxası üstə uzanıb gözünü yummuş uşaq özü yox, Təhmasibdir.(Elçin)

Kim qızışanda qohum-əqrəbasının dalınca dişinin dibindən çıxanı demir? (M.İ.)

Nə isə ayağının altından sürünüb getdi, nə isə qulağının dibindən yel kimi şığıyıb ötdü.(M.İ.)

Bunların isimlərə yaxın cəhəti ad bildirmələridir. Lakin konkret əşyaların, maddi varlığın adlarını deyil, maddi varlıqla bağlı məkan, cəhət, boşluq adlarını bildirir və bu cəhətdən məkan bildirən isimlərlə yanaşı, zərflərə də yaxınlaşır. İsimlər kimi, bəzən müstəqil də işlənirlər, ismin başqa hallarında da ola bilirlər, bəzi şəkilçiləri (hal və mənsubiyyətdən əlavə) qəbul edirlər. Məs.:
Binanın sağ yanındakı balaca meydança əvvəllər uşaqla, böyüklə dolu olardı.(İ.M.)

Ağbəyim bir yanını qaçaraq qoymuşdu. (İ.M.)

Orxan «Jiquli»ni qabağından tüstü qalxan daxmanın böyrünə sürdü.(İ.M.)

Naxır gəlib üstünün yarısı dəmir, yarısı şifer olan daxmanın qabağında dayandı.(İ.M.)

Ağbəyim yanları qara qazandan boşqablara xörək çəkirdi.(İ.M.)

Gördüm qabaqda, çəpərin dibində bir şey işıldayır.(M.İ.)

Şah İsmayıl bütün iradəsini toplayıb özünü bu təəssüf hissinin və həzinliyin içindən çıxartdı.(Elçin)

Bayaqdan bəri arxası üstə uzanıb gözlərini yummuş o uşağın dünyası yox olub getmişdi.(Elçin)

Xan Məhəmməd Ustaclı çapa-çapa Şah İsmayılın qabağına gəlib atın belindən yerə sıçradı.(Elçin)

Bu misallarda yan sözü -dakı şəkilçisini (yanındakı), kəmiyyət, mənsubiyyət (yanları) və təsirlik hal şəkilçisini (yanını), qabaq sözü yerlik və çıxışlıq hal (qabağında, qabağından), üst, qabaq sözləri yiyəlik və yönlük hal şəkilçilərini (üstünün, üstünə, qabağına) qəbul etmişdir.

Lakin bu cür sözlər daha çox maddi varlıq bildirən isimlərlə qarşılıqlı tabelilik əlaqəsində olan (ikinci və üçüncü növ) ismi birləşmələr şəklində birləşir. Mənsubiyyət və yerlik hal şəkilçilərini qəbul edərək ikinci tərəf kimi birləşmələr əmələ gətirir və bu cəhətdən qoşmalara oxşayır. Məs.:
Dünyanın bütün qorxuları bu Çaldıran düzünün yanında bir heç idi. (Elçin)

Qoy Rza gəlsin, Rzanın yanında danışarıq. (İ.M.)

Kimi sərnic, kimi vedrə götürüb özünü verdi mal-qaranın yanına. (İ.M.)

Elə bil, çoban sehrli bir aləm içində idi.(Elçin) 

Qarğa-quzğun az qala lap Sofinin başının üstündən ötməyə başladı. (Elçin)

Quşların qanadının altından gələn yeli sifətində hiss etməyə başladı. (Elçin)

O qarğa-quzğun səsi içindən Mahmudun fəryadı eşidildi. (Elçin)

O, iki lavaşın içinə pendir bürmələyib gətirdi.(M.İ.)

Yarməmməd stolun dalında oturdu. (M.İ.)

Bunların qoşmalara yaxın cəhəti hər iki söz qrupunun adlardan – hallana bilən və ismin müəyyən bir halında olan sözlərdən sonra işlənməsdir. Eyni zamanda, hər iki söz qrupu aid olduğu sözlə birlikdə bir üzv olur. Məs.:
Qayanın ortasında get-gedə nazilən bir yarıq vardı.(İ.M.)

Salman ayaq üstə durmuşdu, pəncələri üstə qalxıb-düşürdü (M.İ.)
– cümlələrindən birincisində köməkçi adın işləndiyi birləşmə (qayanın ortasında) yer zərfliyi, ikincisində (ayaq üstə, pəncələri üstə) tərz zərfliyidir.

Hər iki söz qrupu qoşulduğu sözlə birlikdə xəbərlik şəkilçisi qəbul edir və xəbər vəzifəsində işlənir:
Həyat elə bir məhəccərin içindədir ki, heç vaxt bu məhəccəri adlamaq olmayacaq.(Elçin)

Lakin köməkçi adlarla qoşmaların çox mühüm fərqləri var. Fərqlər aşağıdakılardır:

Qoşmalarla köməkçi adlar, hər şeydən əvvəl, mənalarına görə fərqlənir. Qoşmalar leksik-lüğəvi mənaya malik olmadığı, lüğəvi mənanı tam itirmiş olduqları halda, köməkçi adlar leksik mənadan məhrum deyil. Məs.:
Xəyallar bihuşedici şərbət kimi canına yayıldıqca onu huş apardı. (M.İ.)

Maya belə anladı ki, o, sirri açıldığı üçün bu hala düşdü (M.İ.)
– cümlələrində kimiüçün qoşmaları yalnız qrammatik mənaya malikdir, ümumiləşmiş şəkildə bənzətmə və səbəb bildirir.

Təhmasib də öz oğlunu beləcə gözlərinin qabağına gətirəcək. (Elçin)

Orxan maşının yanına gələndə gördü ki, klarnetçalan Ağazəki qəzet oxuyur.(İ.M.)

Uçurumun dibində ac yırtıcılar dolanır (M.İ.)
– cümlələrində qabaq, yan, dib sözləri hər hansı bir əşya ilə bağlı müəyyən ətraf və ya daxili məkanın adlarıdır və tələffüz zamanı məhz həmin cəhəti (məkanı) nəzərə gətirir. Digər tərəfdən, qoşmalar çox müxtəlif qrammatik mənalar (səbəb, məqsəd, müqayisə, bənzətmə, zaman, məkan, aidiyyət, istiqamət və s.) bildirdiyi halda, köməkçi adlar, başlıca olaraq, məkan bildirir.

Qoşmalar adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşulur. Köməkçi adlar onlar üçün səciyyəvi olan yiyəlik hal ilə əlaqələnir, müəyyənlik və ya qeyri-müəyyənlik bildirən sözlərlə (2-ci, 3-cü növ) ismi birləşmələr əmələ gətirir: dağlar arasında, kitab üstündə, evin arxasında, çayın kənarında və s. Misallar:
Qarğa-quzğun qıyı arasından Mahmudun səsi gah eşidilir, gah da eşidilməz olurdu.(Elçin)

Yarməmməd söhbəti Rüstəm kişinin üstünə gətirdi.(M.İ.)

Yarməmməd qaranlığın içində daş kimi düşüb qaldı. (M.İ.)

Məryəmin sifəti Mahmudun gözlərinin qabağına gəldi. (Elçin)

Sofi, yaxınlıq da, uzaqlıq da insanın öz içindədi.(Elçin)

İclasda min adamın qabağında ağızağıza veriblər.(M.İ.)

Rüstəm kişinin qabağında necə dayanacağam? (M.İ.)

Sədrin yanında sözünün təhrini bilsin.(M.İ.)

Gecənin yarısı xanın adamları gəlib onu saraya apardılar. (Elçin)

Salmana çatdı, qurtardı, dilinin üstə qoyub piləyəcək.(M.İ.)

Naznaz ətli qolunu uzadıb suyu stolun üstünə qoydu. (M.İ.)

O, qabların arasında gizlətdiyi beşulduzlu konyakı Salmana verdi.(M.İ.)

Qoşmalardan sonra köməkçi ad işlənə bilmir. Lakin köməkçi ada qoşma qoşula bilər. Məs.:
Onlar mağaranın dibinə qədər gedə bildilər. Mahmud Sofinin ardınca çapıb gəlmişdi (Elçin) - misallarında qədər-ca qoşmaları köməkçi ada qoşulmuşdur.

Təbii ki, köməkçi addan əvvəl işlənən, yəni köməkçi adın əlaqələndiyi söz cümlədə işlənməyə bilər, düşə bilər, lakin qoşmanın qoşulduğu söz, qoşma qala-qala, düşə bilməz. Məsələn, Naznaz Yarməmmədə yaxınlaşdı, yanında oturdu (M.İ.) – cümləsində yanında sözündən əvvəl Yarməmməd sözü buraxılmışdır. İndiyə qədər elə bilirdin ki, həmişə Mahmudun yanında olacaqsan (Elçin) – cümləsindən indiyə sözünü atıb, qədər qoşmasını saxlamaq olmaz.

Qoşmalar törəniş etibarilə müxtəlif nitq hissələrindən yaranmışdır. Köməkçi adlar isə mənşəcə yalnız isimlərlə bağlıdır.

Köməkçi adların bir qismi tədricən qoşmalara çevrilməkdədir. Buraya haqqında, barəsində, uğrunda, əsnasında, əvəzində, xüsusunda, üzərində kimi sözlər daxildir. Bunlar tam qoşmalaşmadığı üçün iki cür işlənə bilirlər: haqda – haqqında, barədə – barəsində, xüsusda – xüsusunda və s.