Mürəkkəb fel məsələsi dilçiliyimizdə mübahisəlidir. Bir sıra tədqiqatçıların fikrinə görə, Azərbaycan dilində ümumiyyətlə mürəkkəb fel yoxdur.(9, 108) Lakin faktlar göstərir ki, başqa nitq hissələri ilə yanaşı, dilimizdə fellər də quruluşca mürəkkəb ola bilir. Doğrudur, bəzən mürəkkəb fel hesab etdiyimiz vahidlərin tərəflərindən biri qeyri-müstəqil, semantik cəhətdən zəif, tərz və modallıq bildirən sözlərdən ibarət olur, lakin forma və məzmun vəhdəti onları mürəkkəb fel kimi izah etməyə imkan verir.
Mürəkkəb felllər müxtəlif sözlərin məna və qrammatik cəhətdən birləşərək bir məna ifadə etməsi nəticəsində düzəlir.
Mürəkkəb fellər fellərin fellərlə və müxtəlif nitq hissələrinin fellərlə birləşməsi nəticəsində əmələ gəlir.
Fellərin fellərlə birləşməsi yolu ilə aşağıdakı hallarda mürəkkəb fellər düzəlir:
1. Yaxın mənalı, sinonim və ya antonim fellərin birləşməsi yolu ilə. Belə mürəkkəb fellərin birinci tərəfi feli bağlama şəklində olur və söz defislə yazılır.
Bunların özlərini də iki qrupa ayırmaq olar:
a) mürəkkəb fel tammənalı fellərin birləşməsi şəklində formalaşır; məs.: çalışıb-vuruşmaq, əsib-coşmaq, qışqırıb-bağırmaq, yanıb-yaxılmaq, qızarıb-bozarmaq, saralıb-solmaq,qatıb-qarışdırmaq, aşıb-daşmaq, qaynayıb-qarışmaq və s.
b) əsas leksik məna birinci tərəfdə olur, ikinci tərəf yarımmüstəqil olub birinci tərəfi tərz etibarilə tamamlayır; məs.: Birdən şirin bir musiqi axıb gəldi. (İ.Ə.) Onlar gördükləri bu mənzərədən donub qaldılar.
2. Bilmək feli -a,-ə şəkilçili bir fellə birləşərək bacarıq tərzini əmələ gətirir və belə fellər mürəkkəb hesab olunur; məs.: yaza bilmək, oxuya bilmək, yata bilmək, gülə bilmək, işləyə bilmək, qaça bilmək, baxa bilmək və s.
3.Olmaq feli -mış, -an, -acaq,-malı,-ası şəkilçili feli sifətlərlə analitik üsulla birləşərək mürəkkəb fel düzəldir; məs.: yazmış olsam, yazan olsam, yazacaq olsam, yazmalı olsam, yazası olsam; gəlməli oldum, gələsi oldum, gələn oldum, gələcək oldum, gəlmiş oldum və s.
Məs.: Mən ona bir də məktub yazmalı (yazası) oldum.
Adların (isim, sifət, say və əvəzliklərin) və məsdərlərin, zərflərin fellərlə birləşməsi yolu ilə düzələn mürəkkəb fellərin aşağıdakı növləri var:
1. Ol, et, elə felləri yarımmüstəqil, köməkçi fel kimi işlənərək, adlarla birlikdə mürəkkəb fel düzəldir.
Ol felinin iştirakı ilə: sirdaş olmaq, qohum olmaq, parçaparça olmaq, sahib olmaq, amansız olmaq, alt-üst olmaq və s.
Et, elə fellərinin iştirakı ilə: sakit eləmək, zəng eləmək, heyrət eləmək, abır eləmək, qırıq-qırıq eləmək, təəccüb eləmək, alt-üst eləmək, yaxşılıq eləmək, başçılıq etmək, söhbət etmək, güman etmək və s.
2. Fellər qədim tarixi olan bir nitq hissəsi kimi həqiqi mənada işləndikləri kimi, əksəriyyət etibarilə məcaziləşərək başqa bir sözlə (adlarla) birləşir və frazeoloci vahidlər əmələ gətirir. Belə fellər də mürəkkəb sayıla bilər; məs. Maşın getdi. Əsgər bir an fikrə getdi. Maşın gəldi. Rəna gözə gəldi – cümlələrində getdi, gəldi felləri sadə, fikrə getdi, gözə gəldi mürəkkəbdir.
Belə fellərin adlardan ibarət olan tərəfi ismin müxtəlif hallarında olur.
a) əksərən mənsubiyyət şəkilçili ad bildirən tərəf adlıq halda olur: yazığı gəlmək, rəhmi gəlmək, heyfi gəlmək, ürəyi getmək, zəhləsi getmək və s.
b) ad bildirən tərəf yönlük halda olur: razılığa gəlmək, dəhşətə gəlmək. fikrə getmək, başa salmaq, dilə tutmaq və s.
c) ad bildirən tərəf qeyri-müəyyənlik bildirən təsirlik halda olur: bel bağlamaq, dil tökmək, baş açmaq, əl çəkmək, haray salmaq və s.
Qeyd. Təbii ki, bu cür fellərin ad bildirən tərəfinə müəyyənlik bildirən təsirlik halın şəkilçisini artırdıqda fel məcaziliyini itirir: beli bağlamaq, başı açmaq və s.
ç) ad bildirən tərəf yerlik halda olur: nəzərdə tutmaq, fikrində tutmaq və s.
d) ad bildirən tərəf çıxışlıq halda olur: əldən düşmək, taqətdən salmaq, yaddan çıxmaq, özündən getmək və s.
Bu cür fellərin tərəfləri arasına müxtəlif sözlər daxil ola bilir; məs.:
İşsiz oturanda yadıma həmişə kənd düşür. (M.H.)
Hətta tərəflərin yeri dəyişə bilir: Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can! (S.)
Mürəkkəb fellər cümlənin sadə üzvü olur.
Qeyd. Bəzən mürəkkəb fellər sırasında yazır idi, gəlməli idi, gələsi imiş kimi 2-ci tərəfi idi, imiş zaman ədatlarından ibarət olan fellər də verilir. (2, 156) İdi, imiş köməkçi sözlərinin – zaman ədatlarının kökü i tarixən fel olsa da, artıq o sözlərdə fellik qalmamışdır. Zaman ədatları (bunları köməkçi fel də adlandırmaq olmaz) adlarla da işlənir: Müəllim idi, yaxşı idi, o idi, Rəna imiş, gözəl imiş, o imiş və s. Bu cür isimlər mürəkkəb hesab olunmur. Mürəkkəb söz iki müstəqil sözün birləşməsindən əmələ gələr, idi, imiş isə heç bir müstəqil mənaya malik deyil. Odur ki idi, imiş ilə işlənən sözləri mürəkkəb söz saymaq olmaz.
Mürəkkəb fellərin, xüsusən adların köməyi ilə düzələnlərin birinci tərəfində leksik, ikinci tərəfində qrammatik məna – fellik güclü olur. Təsirlik, növ, inkarlıq, zaman, şəkil, şəxs əlamətləri ikinci tərəfdə özünü göstərir.