MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MƏLUM NÖV FELLƏR
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MƏLUM NÖV FELLƏR

Subyekti məlum və fəal olan fellərə məlum növ fellər deyilir.

Qeyd etdiyimiz kimi, növ adları işi icra edənin, subyektin vəziyyəti ilə müəyyən edilmişdir. «Məlum növ» o deməkdir ki, işi cra edən şəxs özünü cümlədə aktiv şəkildə göstərə bilir, bir subyekt kimi, bir mübtəda kimi həlledici mövqeyi var. Bu xüsusiyyət, yəni subyektin aşkarlığı və aktivliyi qayıdış, qarşılıq, icbar növ fellərdə də özünü göstərir. Lakin məlum növ fellərin subyekti ilə həmin növlərin subyekti arasında ciddi fərqlər var. Məlum növdə subyekt işi təkbaşına və fel təsirli olduqda başqa bir obyekt üzərində icra edir. Qayıdış növdə işi subyektin başqa bir obyekt üzərində icrası mümkün deyil, subyekt işi öz üzərində icra edir. Qarşılıq növdə bir deyil, bir neçə subyekt işi qarşılıqlı icra edir. İcbar növdə isə subyekt işi başqa bir subyektə icra etdirir və nəticədə məlum növ fellərin subyekti bütün başqa növlərdən olan fellərin subyektindən fərqlənir. Digər mühüm fərqi isə ondan ibarətdir ki, məlum növ fellərin morfoloji əlaməti yoxdur. Deməli, növ şəkilçisi olmayan bütün sadə fellər məlum növdə olur (subyektin cəm olması növ dəyişikliyinə səbəb olmur; O, odunu doğradı - cümləsi ilə Onlar odunu doğradılar – cümləsində felin növ fərqi yoxdur). Məs.:
Bu səslər altında Zeynəb tribunadan düşüb yerində oturdu. Şirzad ona baxdı. Bu saat Şirzadın fikri iti işləyirdi. Sanki bir fırtına içinə düşmüşdü. Zeynəbin çıxışı şübhələrini dağıtmışdı. (M.İ.)

Bu misallarda hər bir felin öz subyekti var:
Zeynəb oturdu.
Şirzad baxdı.
Şirzadın fikri işləyirdi.
Şirzad (fırtına içinə) düşmüşdü.
Zeynəbin çıxışı (şübhələrini) dağıtmışdı.

Bu cümlələrdə subyektlə felin əlaqəsinə heç bir başqa növ münasibəti qarışmamışdır. Fel təsirsizdirsə, onun yalnız subyekti var: Zeynəb oturdu. Şirzad baxdı. Şirzadın fikri işləyirdi. Şirzad (fırtına içinə) düşmüşdü. Fel təsirlidirsə, onun subyektlə yanaşı, müstəqim (təsirlik halda olan) obyekti də var: Zeynəbin çıxışı (şübhələrini) dağıtmışdı.

Qeyd. Felin məna növləri müasir dildə növ şəkilçilərinə əsasən müəyyənləşdirilir. Əgər tarixi aspektdə nəzər salsaq, hər bir sadə və düzəltmə feldə növ əlaməti görmək olar. Bir sıra sözlərdə isə növ əlaməti felə daşlaşmış şəkildə olur; məs.:
Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən,
Günəş yaydı şöləsini Vətənin göylərindən (S.V.)

– misralarındakı yola düşdü, yaydı fellərini subyekti məlum və fəal olduğu üçün məlum növ fellər hesab edirik. Subyektləri əsgər, günəş sözləridir. Lakin həmin cümlədəki tərpəndi felində aşkar şəkildə qayıdış növ mənası vardır. Əslində, sözün sonundakı «n» qayıdış növün sözə daşlaşmış şəkilçisidir. Sözü tərpət(mək) şəklinə saldıqda həmin səsin düşməsi də bunu təsdiq edir.

Məlum növdə olan fellərin subyekti cümlədə bilavasitə ifadə olunmaya da bilər. Bu hal hər üç şəxsin təkinə və cəminə aiddir. Məsələn:
Öz əlimlə inci kimi sapa düzəydim,
Aylarını, illərini əbədiyyətin. (S.V.)

Qardaşları ilə çölə getmək istəmirdi. Amma apardılar

cümlələrində mən, o, qardaşları sözlərini asanlıqla təsəvvür və bərpa etmək olar. Mən sözü cümlənin özündən təsəvvür olunur. 
Üçüncü şəxsdə isə subyekt mətnə əsasən müəyyənləşir: Yaqub çiynini divara söykəyib oturmuşdu. Qəmli-qəmli baxırdı – cümlələrindən ikincisində baxırdı felinin subyekti Yaqub sözüdür.

Yuxarıdakı misallardan göründüyü kimi, məlum növ fellərin bir qismi təsirli, bir qismi təsirsiz olur. Məs.:
Mən sualları ətraflı izah etdim. Müəllim cavabıma etiraz eləmədi.(Ə.V.)

Birinci misaldakı izah etdim feli məlum növ feldir və təsirlidir. Felin nəzərdə tutulan subyektindən (mən sözü) əlavə, sualları sözündən ibarət obyekti də vardır.

İkinci misaldakı etiraz etmədi feli də məlum növ feldir. Lakin təsirsiz fel olduğu üçün yalnız subyekti (müəllim sözü) vardır.

Ümumiləşmiş şəkildə qeyd edə bilərik ki, fel məlum növdə olduqda subyekti ya mütləq cümlədə olur, ya da təsəvvür edilir, obyekt isə felin təsirli və ya təsirsiz olmasından asılı olaraq ola da bilər, olmaya da bilər.

Məlum növdə olan təsirli fellər felin digər növləri üçün çıxış nöqtəsi hesab olunur. Az hallarda məlum növ təsirsiz fellərdən də yeni növlər (qarşılıq növdə birgəlik mənası, şəxssiz növ fellər) düzələ bilir.