MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

TƏSDİQ VƏ İNKAR FELLƏR
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

TƏSDİQ VƏ İNKAR FELLƏR

İş və hərəkətin icra olunduğunu və ya icra olunacağını bildirən fellərə təsdiq, icra olunmadığını və ya icra olunmayacağını bildirən fellərə inkar fellər deyilir.

Fellər işin icra edildiyini bildirdiyi kimi, icra edilmədiyini də bildirir. Ona görə də iki növə ayrılır: təsdiq fellər, inkar fellər.

Təsdiq fellərin morfoloji əlaməti yoxdur. İnkar fellər təsdiq fellərin üzərinə -ma,-mə şəkilçisini (indiki və qeyri-qəti gələcək zamanlarda -m şəkilçisini) artırmaqla düzəlir. Məs.:
Ələm qoruqdakı ərik ağacına nəzər saldı. Budaqların çoxu puçurlanmışdı, tumurcuqların burnu ağarırdı. Ağac öz əbədi, əməli işini görürdü – mayalanırdı, sulanırdı, dirçəlirdi (İ.M.) – cümləsində nəzər saldı, puçurlanmışdı, ağarırdı, işini görürdü, mayalanırdı, sulanırdı, dirçəlirdi felləri təsdiq fellərdir.

Rüstəm kişi kəndə qayıdanda bıçaq vursan qanı çıxmazdı. Məktəbə müəllim gətirə bilməmişdi. (M.İ.)

Bu dəfə Bəbir hirslənmədi, çığır-bağır salmadı. (İ.M.)

Qönçə əvvəlcə bu gurultudan bir şey anlamadı, yerindəcə donub qaldı.(İ.M.)

Anasının dodaqlarının tərpəndiyini görürdü, amma dediklərini eşitmirdi (İ.M.)

- cümlələrinin bir qismində (gətirə bilməmişdi, hirslənmədi, çığır-bağır salmadı) iş üçün nəzərdə tutulan vaxtın ötdüyü və işin icra olunmadığı, bir qismində (eşitmirdi) nəzərdə tutulan işin icra olunmamaqda davam etdiyi, bir qismində isə (çıxmazdı) gələcəkdə də icra olunmayacağı ifadə olunmuşdur.

Felin təsdiq forması hələ işin icra olunduğu demək deyildir. Çünki iş həmişə keçmiş zamanla bağlı olmur. İşin icrası indiki zamanla bağlıdırsa, deməli, hələ iş icra olunub qurtarmayıb, gələcək zamanla bağlıdırsa, hələ icrasına başlanmayıb. Lakin hər iki halda təsdiq fellərdə işin icra olunacağı barədə müsbət fikir ifadə olunur. Yalnız fel keçmiş zamanda olduqda (nəzər saldı, puçurlamışdı) işin icra edilmiş olduğunu söyləmək mümkündür.

Hər bir feldə forma və şəkil əlamətlərindən, yəni feli sifət, feli bağlama, məsdər şəkilçilərindən, felin əmr, xəbər, vacib, arzu və şərt şəkillərindən əvvəl üç pozisiya boş olur. Bunlar felin təsirlik, növ və inkarlıq şəkilçilərinin yeridir. Bunlar ya şəkilçi ilə ifadə olunur, ya da pozisiyaları boş saxlanmış olur. Şəkilçi ilə ifadə olunduqda üçü də işlənə bildiyi kimi, ikisi və ya biri də işlənə bilər. Hər üçü şəkilçisiz də ifadə oluna bilər. Fel təsirli və ya təsirsiz olur. Təsirli olduqda təsirlik şəkilçisinə ehtiyac olmur. Məlum növdə ola bilər, məlum növün şəkilçisi yoxdur. Təsdiq fel ola bilər, təsdiq felin şəkilçisi olmur. Nitq prosesində bunların işlənməsi danışanın fikri ifadə vasitələrindən asılıdır. Məsələn:
yuyuram – təsirlidir, məlum növdədir, təsdiq feldir; hər üç pozisiya boşdur;

köç-ür-ür-əm – təsirlidir (1-ci -ür şəkilçisi), məlum növdədir, təsdiq feldir; iki pozisiya (növ və inkarlıq) boşdur;

biş-ir-t-di-m – təsirlidir (-ir şəkilçisi), icbar növdədir (-t şəkilçisi), təsdiq feldir (inkarlıq pozisiyası boşdur);

biş-ir-t-mə-di-m – təsirlidir (-ir şəkilçisi), icbar növdədir (-t şəkilçisi), inkar feldir (-mə şəkilçisi); hər üç pozisiya doludur.

Bu sıra sadə fellərdə sabitdir. Lakin təsirli feldən məchul, qayıdış, qarşılıq və şəxssiz növ fellər yarandıqda fel təsirsiz felə çevrilir. Təsirlik şəkilçiləri ilə həmin feli yenidən təsirli felə çevirmək olar. Bu zaman təsirlik şəkilçisi növ şəkilçisindən sonra işlənməli olur. Məs.: yu-(y)un-dur-ur-am – feli qayıdış növdədir; qayıdış növün -un şəkilçisindən sonra onu təsirli felə çevirən -dur şəkilçisi işlənmişdir. Bu halda sözə yenidən başqa bir növün şəkilçisi artırıla bilər: yu-yun-dur-ul-du, yu-yun-dur-t-dur-ul-du. Lakin bütün bu hallarda inkarlıq pozisiyası dəyişmir, inkar şəkilçisi təsirlik və növ şəkilçilərindən sonra işlənir: yu-yun-dur-ulma-dı, köç-ür-t-dür -m-ür-əm.

İnkar şəkilçisi -ma,-mə feldə inkarlıqdan əlavə heç bir məna yarada bilmir. Yaz, gəl, bax felləri əmr şəklində olduğu kimi, yazma, gəlmə, baxma felləri də əmr şəklindədir və yalnız birinin təsdiq, digərinin inkar məna ifadə etməsi ilə fərqlənirlər.

İnkar şəkilçisi -ma,-mə vurğusuz şəkilçidir, vurğu qəbul etmir və vurğu həmişə bu şəkilçidən əvvəlki hecanın üzərinə düşür; məs.: yazaca`qlar – yaz`mayacaqlar, gələcək`lər – gəl`məyəcəklər, almalı`yam – al`mamalıyam, gələcə`yəm – gəl`məyəcəyəm və s. Məs.: Bir dəfə də olsun hökmdar onun məsləhətindən çıx`mamış, yaxud onu cəzalandır`mamışdı.(F.K.)

İnkarlıq şəkilçisi feldən isim düzəldən -ma,-mə şəkilçisindən formaca fərqlənmir. İsim düzəldən -ma,-mə vurğulu şəkilçidir. Bunlar vurğuya görə fərqlənərək omoqraf əmələ gətirir:

yaz`ma – yazma`
böl`mə – bölmə`
tik`mə – tikmə`
qaz`ma – qazma`

hör`mə – hörmə`
vur`ma – vurma`
anla`ma – anlama`
yay`ma – yayma`

İnkarlıq şəkilçisi formadüzəldici, isimdüzəldən isə, adından göründüyü kimi, sözdüzəldicidir.

Azərbaycan dilində sözün, ifadənin, cümlənin inkar məna ifadə etməsi üçün -ma,-mə şəkilçisi ilə yanaşı, nə – nə (nə – nə də, nə – nə də ki)deyil sözlərindən də istifadə olunur. bağlayıcıdır. Lakin inkarlıq funksiyasını da yerinə yetirir, həm adlarla, həm də fellərlə işlənir; məs:
Nə yatır, nə dincəlir. Nə dinir, nə danışır.
Nə ətdir, nə balıq. Nə daşdır, nə divar.

bağlayıcısı ilə -ma,-mə şəkilçisi inkar məna yaratmaq üçün feli xəbərli cümlələrdə növbələşir, yəni bunlardan biri işləndikdə o biri işlənməz. Məsələn:
Hər nə çəksən çək, bəradər, çəkmə düz mizanını,
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını. (S.)

massac ilə, məsnuyi-tənəffüslə bunun
dağ ilə olur dərdinə dərman, ölübə! (S.)

Lakin bədii dildə, canlı danışıq dilində bir çox hallarda bu prinsipə əməl olunmur, eyni zamanda həm nə bağlayıcısı, həm də inkarlıq şəkilçisi işlədilir; məs.:
qanun, din,
Nə də hakimlərin qərarı bizi,
Bizim bu ölməyən məsləkimizi
Yolundan sapdıra bilməyəcəkdir. (S.V.)

Adlar qrupuna daxil olan nitq hissələrinin, söz birləşmələrinin, feli sifət və məsdərlərin inkarı həm nə bağlayıcısı, həm də deyil sözü ilə düzəlir; məs.:
Müəllim idi – Müəllim deyildi. 
Yaxşı idi – Yaxşı deyildi.
Birinci idi – Birinci deyildi.
O idi – O deyildi.
Tez idi – Tez deyildi.
Oxuyan idi – Oxuyan deyildi.
Məqsədi oxumaq idi – Məqsədi oxumaq deyildi.

Səlim Sübhan böyük aktyor deyildi, bunu özü də etiraf edirdi. (İ.M.)

Bu çay içməli çay deyil – cümləsində deyil sözü isimlə, çay sözü ilə bağlıdır və bu hal təbiidir. Bu çay içməli deyil – cümləsində isə içməli sözü ilə bağlıdır. Belə çıxa bilər ki, felin vacib şəklinin inkarı da deyil sözü ilə yarana bilir. Əslində isə bu cümlədə içməli sözü vacib şəklində deyil, substantivləşmiş feli sifətdir və ona görə də onun deyil ədatı ilə işlənməsi təbiidir.

Qeyd. Dilimizin morfoloji quruluşunun tədqiqinə həsr olunmuş kitablarda felin lazım şəklinin inkarının -ma,-mə şəkilçisi ilə yox, deyil sözü ilə düzəldiyi qeyd olunur: alasıyam – alası deyiləm, gələsiyəm – gələsi deyiləm, biləsiyəm – biləsi deyiləm və s. Bu hal göstərir ki, «lazım şəkli» deyilən şəkil, əslində, fel şəkli deyil, feli sifətdir və feli sifətdən təcrid olunaraq fel şəkli kimi inkişaf etməkdədir.

Felin bacarıq tərzinin komponentləri təsdiq və ya inkarlığa münasibətinə görə müxtəlif olur (bacarıq tərzinə bax); məs.: yaza bilərəm, yazmaya bilərəm, yaza bilmərəm, yazmaya bilmərəm.