İsimlər kəmiyyət, mənsubiyyət, hal və xəbərlik şəkilçiləri qəbul edərək dəyişir. Eyni bir isim bu kateqoriya əlamətlərinin hamısını qəbul edə bilir. Sıra qeyd etdiyimiz şəkildədir: söz kökünə və ya əsasına əvvəlcə kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal və nəhayət, xəbərlik şəkilçisi artırılır. Məsələn: Bu kitab Sizin kitablarınızdandır – cümləsindəki kitablarınızdandır sözündə kitab sözün kökü, -lar - kəmiyyət, -ınız – mənsubiyyət, -dan - hal, -dır – xəbərlik şəkilçisidir. Kateqoriyaları bu ardıcıllıqla öyrənmək lazımdır.
İsimlərdə kəmiyyət anlayışı obyekiv aləmin özündən yaranmışdır. Eyni cinsli maddi varlığı, əşya və hadisələri əksəriyyət etibarilə saymaq olur. Məsələn, ev, daş, ağac, adam, bulaq, çay, quzu, qoyun sözləri asanlıqla sayıla bilən varlıqların adını bildirir. Sayılması mümkün olmayan əşyalar da vardır: su, süd, qum, un, ayran, buğda, darı, düyü, arpa və s. Maddi varlığın bu cür növləri artıq başqa şəkildə – çəki, ölçü vasitələri ilə hesablanır: bir litr süd, bir qab ayran, beş pud buğda, üç kq darı və s.
Əslində, pillə-pillə bunları da zərrəbin altında saymaq mümkündür. Bunlar da sayılmazlıq dərəcəsi baxımından fərqlidir. Bu cəhətdən buğda, arpa, düyü sözləri su, süd, ayran ilə müqayisədə sayıla bilən maddi materiyanın adını bildirir. Hətta bu sonuncuları da müəyyən cihazlar vasitəsilə tərkib hissələrinə ayırmaq olar.
Lakin sayıla bilən, kəmiyyət etibarilə tək olan və ya eyni cinsli əşyalardan bir çoxunu bildirən və ya tərkibində çoxluq anlayışı olan isimlər kəmiyyət etibarilə dəyişən isimlərdir. Məsələn, daş, alma, balıq, yarpaq, kitab sözləri bir əşyanı da bildirə bilər, iki, üç və daha çox əşyanı da. Bu, həmin sözlərin cümlədə işlənməsindən asılıdır. Xalq sözü öz tərkibində sayıla bilən böyük insan toplusunu birləşdirir.
Maddi və mənəvi varlıqların adlarını bildirməklə isimlər adlandırdıqları əşyanın kəmiyyətcə müxtəlif olduğunu göstərir. Bu cəhətdən isimləri aşağıdakı qruplara ayırmaq olar:
Əşyanın kəmiyyətcə tək olduğunu bildirənlər;
Əşyanın kəmiyyətcə çox olduğunu bildirənlər;
Əşyanın toplu olduğunu bildirənlər.
Bunlara əsasən isimlər tək, cəm və toplu olmaqla üç qrupa bölünür.
Tək isimlərin morfoloji əlaməti yoxdur. -lar,-lər şəkilçisi olmadan işlənən isimlər qrammatik cəhətdən tək hesab olunur. Məs.: dəftər, alma, çiçək, odun, tələbə və s. kimi isimlər qrammatik cəhətdən tək isimlərdir. Lakin bu cür isimlər -lar, -lər şəkilçisini qəbul etmədən çoxluq da bildirə bilir. Məs.: Dəftərim evdə qalıb – Mən dəftər aldım; Alma qırmızıdır – Mən qırmızı alma aldım; Çiçək çox gözəl idi – Mən çiçək yığdım; Odun çox ağır idi – Meşədən odun topladıq; Tələbə gəldi – Universitet tələbə qəbul edir- cümlələrinin hər birində dəftər, alma, çiçək, odun, tələbə sözləri qrammatik cəhətdən tək hesab olunur. Lakin qoşa cümlələrin ikincisində həmin sözlər məna cəhətdən çoxluq bildirir. Şübhəsiz, sözlərin kəmiyyət etibarilə çoxluq-cəmlik bildirməsində həmin cümlələrin xəbərlərinin – aldım, yığdım, topladıq, qəbul edir sözlərinin də rolu vardır.
Qeyd. Hər bir ismi və feli xəbər şəxslər üzrə dəyişməklə tək və cəm ola bilir. Ayrı-ayrı şəxslərin cəmini bildirən isimlər də xəbərlik şəkilçilərinin (-ıq,-ik,-uq,-ük; -sınız,-siniz,-sunuz, -sünüz, -dırlar,-dirlər,-durlar,-dürlər) iştirakı ilə çoxluq bildirir. Lakin bunlar ismin kəmiyyət şəkilçiləri deyil, xəbərlik (şəxs) şəkilçiləridir və onların çoxluq bildirməsi xəbərlik kateqoriyasının ikinci - əlavə vəzifəsidir; məs.: müəllimik, tələbəyik, müəllimsiniz, tələbəsiniz, yaxşıyıq, yaxşısınız və s.
Cəm isimlər tək isimlərin kök və ya əsasına -lar,-lər şəkilçisinin artırılması ilə düzəlir.; məs.: alma – almalar, ev – evlər, dağ – dağlar, tarla – tarlalar, maral – marallar, durna – durnalar, sünbül – sünbüllər, işçi – işçilər, kəndli – kəndlilər və s.
Cəm isimlər əşyanın konkret kəmiyyətini deyil, ümumən çox olduğunu, daha dəqiq deyilsə, birdən artıq olduğunu bildirir.
Cəm şəkilçisi olmayan isimlər qeyri-müəyyənlik bildirən saylarla təyinləndiyi hallarda da qeyri-müəyyən miqdar bildirir: az adam, çox uşaq, xeyli kitab və s. Konkret miqdar sayları ilə təyinləndikdə isə dəqiq və konkret miqdar bildirir: beş vərəq, dörd kitab, otuz ağac, milyon il və s.
Tək və cəm isimlərlə yanaşı, dilimizdə bir sıra toplu isimlər də var. Bunlar kəmiyyət şəkilçisi artırmadan topluluq – çoxluq bildirən isimlərdir: xalq, millət, ordu, sürü, naxır, camaat, ailə və s.
Topluluq bildirən isimlərə -lar,-lər şəkilçisi artırdıqda ismin bildirdiyi anlayışın növ müxtəlifliyi ifadə olunur: xalqlar, millətlər, ordular, sürülər, ailələr, naxırlar və s.
Qeyd. Camaat sözü -at şəkilçili başqa sözlərdən (kainat – kainatlar, təbliğat – təbliğatlar, mətbuat – mətbuatlar) fərqli olaraq, -lar şəkilçisini qəbul etmir.
Mənəvi və mücərrəd anlayışları bildirən isimlərə də cəm şəkilçisi artırdıqda onlarda daxili kəmiyyət artıqlığı yox, növ müxtəlifliyi əmələ gəlir, onlar bir küll halında (bir-birindən say etibarilə fərqlənərək) çoxalır; məs.: arzular, istəklər, xəyallar, düşüncələr, fikirlər, məhəbbətlər, sevgilər, pərişanlıqlar, yaxşılıqlar, gözəlliklər, xəstəliklər, talelər və s.
İsimlər müxtəlif hal şəkilçiləri qəbul edərək dəyişir. İsmin hal dəyişmələrinin cəminə hallanma deyilir.
İsmin hal dəyişmələrinin dildə böyük rolu var. Maddi varlığın əsasını təşkil edən əşya və onun hərəkəti iki əsas nitq hissəsi – isimləp və fellər vasitəsilə ifadə olunur. İsimlərlə fellər arasında cümlə daxilində əlaqənin yaranması daha çox ismin hal dəyişmələrinin verdiyi imkanlara əsaslanır. Belə ki isimlər ilkin nominativ formada felləri və adları uzlaşma yolu ilə özünə tabe edir; yönlük, yerlik, çıxışlıq hallarında qeyri-müstəqim obyekt və ya məkan bildirməklə fellərlə əlaqələnir; təsirlik halda üzərində iş icra olunan obyekti bildirir; yiyəlik halda sahib şəxsi təmsil edir. Hal dəyişmələri hal şəkilçiləri adlanan şəkilçilərin vasitəsilə yaranır. Hal şəkilçiləri sözlər arasında əlaqə yaradan sözdəyişdirici şəkilçilərdir, vurğuludur və sözlərə bitişik yazılır.
İsmin hal dəyişmələri çox qədim tarixi olan prosesdir. İndiki hal şəkilçiləri əksəriyyət etibarilə müəyyən fonetik dəyişmələrlə hələ bir neçə min il əvvəl şumer dilində də işlənmişdir. Nəticə etibarilə hal şəkilçiləri bu günə qədər çox uzun inkişaf yolu keçmişdir. Bəzən ismin hal sistemini bütövlükdə dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Qoşmalar funksiya etibarilə ismin hal şəkilçilərinə çox yaxındır. Odur ki 1924-cü ildə «Türkcə sərf-nəhv» kitabında üçün və ilə qoşmalarının qoşulduğu sözlər də (qoşma ilə birlikdə) hallar sisteminə daxil edilmiş, ismin 8 halı olduğu göstərilmişdir. 1944-cü ildə ismin müasir 6 halı sabitləşdirilmişdir. (2, 73)
Hal dəyişmələri, yəni hallar üzrə dəyişmə isimlərin xarakter morfoloji xüsusiyyətidir. Hallanma ismə məxsus kateqoriyadır. Buna baxmayaraq, isimlərlə yanaşı, sifət, say, əvəzlik, məsdər, feli sifət və bir sıra zərflər də hallanır. Lakin qeyd olunan nitq hissələrinin hallanması müəyyən şərtlərlə bağlıdır və onların hallanması hal kateqoriyasının ümumi qrammatik kateqoriya olduğunu göstərmir.
Sifətlər, saylar, feli sifətlər adi halda deyil, yalnız isimləşməklə hallana bilir. İşarə əvəzlikləri də isimləşərək hallanır. Əvəzliyin qalan növləri isimləri əvəz etməklə onun morfoloji xüsusiyyətini qazana – hallana bilir. Substantivləşməklə əvəz etmək eyni şey deyil. Substantivləşmə nitq hissəsinin öz xüsusiyyətlərini saxlayaraq isim xüsusiyyəti də kəsb etməsidir. Əvəzetmə isə fərqli prosesdir. Əvəzliklər boş sözlərdən ibarət olduğu üçün ümumi və qeyri-müəyyən şəkildə ismi əvəz etməklə onun morfoloji xüsusiyyətini qazanır və hallanır. Məsdər felin substantiv formasıdır, yəni fel -maq,-mək şəkilçisi qəbul etməklə, hərəkətin adını bildirir və hallanma imkanı qazanır. Zərflər isə (ora, bura, irəli, geri, yuxarı, aşağı, gecə, gündüz, səhər, axşam və s.), əslində, adverbial isimlərdir, buna görə də asanlıqla hallana bilir.
İsmin hal adları sıra ilə bunlardır:
Adlıq hal
Yiyəlik hal
Yönlük hal
Təsirlik hal
Yerlik hal
Çıxışlıq hal
Qeyd edilən hal adları 1934-cü ildə rus dili qrammatikalarındakı hal adlarından kalka edilmişdir.
Bu hal, başlıca olaraq, subyekt halı olub, şəxs, əşya, hadisə və s.-in adını bildirir. Morfoloji əlaməti yoxdur. Subyekt halı kimi, cümlədə əsas sintaktik vəzifəsi mübtədadır; xəbər, tamamlıq, təyin, zərflik vəzifələrində də işlənir. Şəkilçisiz olmasına baxmayaraq, fəaliyyətinin genişliyi ilə o biri hallardan fərqlənir.
Mübtəda vəzifəsində:
Gülür torpaq, gülür insan,
Qoca Şərqin qapısısan. (S.V.)
Cahan kiçik, aləm dardı şairə.(Ə.Q.)
Quş apardı, qarğa yedi dənimi.(Ə.Q.)
Gülüş də gözümdən aralanıbdır,
Mənim üzüdönük dostlarım təki. (Ə.Q.)
Hüsnübanu stul çəkdi. Zülfiyyə arvad döşək verdi. İkisi də bir ağızdan: -Otur! - dedilər.(E.M.)
Adlıq halda olub mübtəda vəzifəsində işlənən sözlərdə fərq var. Sərvər qapını açdı – cümləsindəki Sərvər sözü ilə Qapı açıldı – cümləsindəki qapı sözü fərqlidir: Sərvər sözü həqiqi subyektdir, qapı sözü isə obyekt bildirən və subyektin yerində işlənən sözdür.
Adlıq halda olan sözlər cümlənin xəbəri vəzifəsində də işlənir; məs.: Onun gözlərində bahar da qışdır. (S.V.) Göz sevənə əl çatmasa axırda Ayrılıqdır, vüsal deyil, kam deyil. (Ə.Q.) Saralan çəmənsən, Solan çiçəksən, Öldürən qatilsən, ölən mələksən. (Ə.Q.)
Mahmud soruşdu:
-Sən kimsən?
-Musayam, Davudam, İsayam, Məhəmmədəm.
-Allahsan?
-Yox, -dedi, -Adamam. Sənəm, oyam, mənəm, Məryəməm, Sofiyəm.(Elçin)
Yanaşma əlaqəli ismi birləşmənin asılı tərəfi kimi işləndikdə atributivləşərək təyin vəzifəsində çıxış edir; məs.: Təbiət deyir ki, lalə yanaqlar, Vurğunun dediyi yaqut dodaqlar Gəldi-gedər olur qoca dünyada. (S.V.) İpək yorğanına od ələməsəm, Saralıb budaqdan tökülməyəcəm. (Ə.Q.) Sağ qulağından iri dəmir halqa asılmışdı.(Elçin) Ziyad xan Qəmərbanuya baxdı, tum gözlərinin baxışları ilə onu sakitləşdirməyə çalışdı. (Elçin)
Adlıq halda olan sözlər mübtəda vəzifəsində həm ismi, həm də feli xəbərli cümlələrdə işlənərək onları uzlaşma yolu ilə özünə tabe edir. Ona görə də, adətən, adlıq halda olan sözlər cümlənin temasından («məlum olan»dan), xəbər və xəbər zonası «yeni»dən – remadan ibarət olur. Məs.: Bir fəhlə öz əli, öz zəhmətilə Mismar da düzəldir, şeir də yazır. (S.V.) İndi Zeynəb bütün respublikada ad qazanmış istehsalat qabaqcıllarındandır (M.İ.)– cümlələrində fəhlə, Zeynəb sözləri «məlum olan»ı, cümlənin fikir predmetini, mismar düzəldir, şeir yazır, istehsalat qabaqcıllarındandır hissələri – xəbər zonası «yeni»ni, fikir predmetinin hərəkətini, əlamətini bildirir.
Adlıq halda olan sözlər kim? nə? hara? suallarına cavab verir. İlə (-la,-lə), kimi, tək, sayağı, üçün, qədər, üzrə qoşmaları adlıq halda olan sözlərə qoşularaq onlarla birlikdə üzv olur (3, 20) və müxtəlif mənalar yaradır.
Qeyd. Bəzən ilə (-la,-lə) qoşmasını hal şəkilçisi hesab edirlər. İki hal şəkilçisi (əgər birincisi arxaikləşməyibsə) birlikdə işlənə bilməz. Belə ki ilə qoşması yiyəlik halın şəkilçisindən sonra da işlənə bilir: sənin ilə – səninlə, onun ilə – onunla. Digər tərəfdən, hal şəkilçiləri vurğulu olduğu halda, ilə vurğusuzdur.
İsmin yiyəlik halı yiyəlik, sahiblik, aidlik bildirir. Bu münasibət özünü sahib şəxslə mənsub əşya arasında və ya müxtəlif əşyalar, şəxslər arasında göstərir və ona görə də yiyəlik halda olan sözlər, adətən, söz birləşməsi tərkibində işlənir. «Sahib şəxs» anlayışı müxtəlif mənalarda başa düşülür (mənsubiyyət kateqoriyası haqqında qeydlərə bax).
Halların yaranmasının əsas səbəbi cümlədə sözlərin əlaqəsini təmin etmək olmuşdur. Dil özü insan müdaxiləsi olmadan bu zərurəti həll etmişdir. Sözlər arasında əlaqənin yaranması üçün onların dəyişməsi əsas şərtdir. Digər hallar üçün başlanğıc forma olan adlıq haldan sonra səciyyəvi xüsusiyyətləri ilə seçilən hal yiyəlik haldır. Bu hal əlaqə yaratma xüsusiyyətinə görə, bir tərəfdən, bütün sonrakı hallardan fərqlənir, digər tərəfdən, bilavasitə təsirlik hala qarşı durur. Belə ki yönlük, yerlik, çıxışlıq hallarında olan sözlər əksərən fellərlə, az hallarda ismi xəbərlə əlaqələnir, təsirlik halda olan sözlər yalnız təsirli feli xəbərlə və ümumən təsirli fellərlə əlaqələnir. Yiyəlik halda olan sözlər isə, bunun əksinə olaraq, yalnız adlarla əlaqələnir, məsdərlə, feli sifətlə mənsubiyyət əlaqəsinə girə bilsə də, təsirli feli xəbərlə əlaqə yarada bilmir.
İsmin yiyəlik halı da həmişə eyni şəkildə deyildir. Məs.:
Yarın saçları tək qaraydı gecə,
Yol aşiq canı tək olmuşdu incə (N.) –
misralarında yarın saçları birləşməsində yar sözü yiyəlik haldadır. İkinci misrada aşiq canı birləşməsindəki aşiq sözü də yiyəlik haldadır. Bunlardan birincisinin hal şəkilçisi var, ikincisinin yoxdur. Birincisi (yarın sözü) konkretlik bildirir, ikincisi (aşiq sözü) ümumilik. Ona görə də ismin yiyəlik halı iki cür olur:
Müəyyənlik bildirən yiyəlik hal;
Qeyri-müəyyənlik bildirən yiyəlik hal.
Misaldan göründüyü kimi, müəyyənlik və qeyri-müəyyənlik bildirən yiyəlik hal iki cəhətdən – həm formaca, həm də mənaca fərqlənir.
Müəyyənlik bildirən yiyəlik halda olan sözlər müəyyən, konkret şəxsi, əşyanı, qeyri-müəyyənlik bildirənlər isə qeyri-müəyyən, ümumi şəxsi, əşyanı bildirir. Məsələn, pəncərənin pərdəsi, uşağın papağı, qadının geyimi, yayın istisi, dağın havası kimi birləşmələrin birinci tərəfində konkret və müəyyən şəxsdən, əşyadan söhbət gedir. Həmin birləşmələri, yiyəlik halın şəkilçisini ataraq, pəncərə pərdəsi, uşaq papağı, qadın geyimi, yay istisi, dağ havası şəklinə salsaq, ümumilik və qeyri-müəyyənlik mənası yaranacaqdır.
Müəyyənlik bildirən yiyəlik halın -ın,-in,-un,-ün şəkilçisindən ibarət morfoloji əlaməti var. Bu şəkilçi saitlə bitən isimlərə artırıldıqda bitişdirici n samitindən istifadə olunur: Bakının mənzərəsi, Əlinin atası, quzunun sahibi, sürünün çobanı. Qeyrimüəyyənlik bildirən yiyəlik halın şəkilçisi yoxdur - yiyəlik halın bu formasında hal şəkilçisinə ehtiyac olmur: yaz havası, inək südü, odun parçası, gül yarpağı.
Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan sözlərdən sonra, bilavasitə onun ardınca 3-cü şəxs mənsubiyyət şəkilçili söz işlənir və bu əlaqə heç vaxt pozulmur: ceyran sürüsü, iş adamı, fəhlə qüvvəsi, dağ qartalı, durna qatarı, pambıq tarlası və s.
Bu əlaqə cümlə daxilində də daim özünü sabit şəkildə göstərir; məs.: Anasının dediyinə görə, musiqi və şeir həvəsi ona rəhmətlik atası Kəngərlidən keçmişdir. (M.İ.) Nəcəf hələ məktəbdə oxuyanda maşın həvəskarı idi. (M.İ.) Mahmud həmin isti yay gecəsi nəyi isə gözləyirdi.(Elçin) Yer üzü üzüyün qaşı boydadı. (V.B.) Bir hasar dibində, xəlvəti tində Körpə bir görüş də qoy mənə düşsün.(V.B.) Şər çağı yolunu azan bir quşam, Bir məktub həsrəti hər səhər, axşam Burnumun ucunu göynədir yenə (V.B.) – misallarında musiqi həvəsi, şeir həvəsi, maşın həvəskarı, yay gecəsi, yer üzü, hasar dibi, şər çağı, məktub həsrəti birləşmələrinin birinci tərəfi ismin qeyri-müəyyənlik bildirən yiyəlik halındadır və təbii ki, mənsubiyyət şəkilçili ikinci tərəflə birlikdə işlənmişdir.
Yiyəlik halın qeyri-müəyyənlik bildirən formasında ümumiləşdirmə gücü artıq olur və ikinci tərəflə birlikdə ismin bu halında olan sözlər mürəkkəb söz yaradıcılığı üçün daim potensial baza təşkil edir. Elə buna görə də müəyyənlik bildirən sözlə onun əlaqədə olduğu mənsubiyyət şəkilçili söz arasına istənilən qədər söz, ifadə daxil ola bildiyi halda, qeyri-müəyyənlik bildirən yiyəlik haldan sonra – mənsubiyyət şəkilçili sözlə onun arasında başqa sözlər işlənə bilmir. Məs.: Qulağı ərinin təmkinli, ahəngdar səsində olan Səkinənin üzündə taleyindən razı bir ifadə vardı. (M.İ.) Qış gecəsi hər tərəfə hakim olurdu (M.İ.) - cümlələrindən birincisində yiyəlik halda olan ərinin sözü ilə onun birləşmə yaratdığı mənsubiyyət şəkilçili səsində sözü arasında təmkinli, ahəngdar kimi sözlər işləndiyi halda, ikinci misaldakı qış gecəsi birləşməsinin tərəfləri arasında belə sözlər işlənə bilmir. Qış gecəsi birləşməsinin tərəfləri arasına söz daxil etmək üçün birinci tərəfi müəyyənlik bildirən yiyəlik halda işlətmək lazımdır: qışın şaxtalı, çovğunlu, qaranlıq gecəsi...
Müəyyənlik bildirən yiyəlik halda olan sözlər kimin? nəyin? haranın? suallarına, qeyri-müəyyənlik bildirənlər nə? sualına cavab verir.
Sualından göründüyü kimi, qeyri-müəyyənlik bildirən yiyəlik hal zahirən adlıq hala oxşayır. Məs.: Qız atası ilə məktəb müdirinin yanına getdi – cümləsində qız sözü ilə məktəb sözü arasında forma fərqi yoxdur, lakin bunlardan birincisi adlıq, ikincisi yiyəlik haldadır.
Adlıq halda olan sözlərlə bu halda (qeyri-müəyyənlik bildirən yiyəlik halda) olan sözləri mətn daxilində aşağıdakı kimi fərqləndirmək olar:
1. Qeyri-müəyyənlik bildirən yiyəlik haldakı sözdən sonra mütləq onunla əlaqəli 3-cü şəxs mənsubiyyət şəkilçili söz işlənir. Məs.:
Böyük arzuların şəfəqləridir
Vətən torpağında yanan hər işıq.(N.X.)
İndi burda təmtəraqla açılır səhər,
Ram eyləmiş təbiəti insan qüvvəsi.(N.X.)
Bizim Bakı səhərini seyr edirəm yenə mən,
Duyuram ki, sərin yeldə dalğaların ətri var. (N.X.)
Qız atası olub başı aşağı gəzməkdənsə, heç olmasam yaxşı idi.(T.K.)
Bu misallarda Vətən, insan, Bakı, qız sözləri qeyri-müəyyənlik bildirən yiyəlik haldadır. Həmin sözlərdən sonra üçüncü şəxs mənsubiyyət şəkilçili torpağında, qüvvəsi, səhərini, atası sözləri işlənmiş və qarşılıqlı tabelilik əlaqəsində olan vətən torpağı, insan qüvvəsi, Bakı səhəri, qız atası birləşmələri yaranmışdır.
Lakin adlıq halda olan sözdən sonra 3-cü şəxs mənsubiyyət şəkilçili sözlər tələb olunmur, işləndikdə isə həmin sözlə əlaqəli olmur. Məsələn:
Məcnun sinəsindən söz bağlayırdı,
Gah oxşatma deyir, gah ağlayırdı (N.)
Qız atası ilə Muğanda qaldı (İ.Ə.) –
cümlələrindən birincisində sintaqm vurğusu və fasilə Məcnun sözünü sinəsi sözündən ayırır, odur ki bu sözlər birlikdə birləşmə yarada bilməmişdir, Məcnun sözü yiyəlik deyil, adlıq haldadır. Bu xüsusiyyət eyni şəkildə ikinci misaldakı qız və atası sözlərinə də aiddir: qız mübtədadır, atası sözü isə ilə qoşması ilə birlikdə vasitəli tamamlıq vəzifəsindədir.
2. Adlıq halda olan söz ilə qeyri-müəyyənlik bildirən yiyəlik halda olan sözlər sintaktik vəzifəsinə görə də fərqlənir. Adlıq halda olan söz cümlədə mübtəda, qeyri-müəyyənlik bildirən yiyəlik halda olan söz ikinci tərəflə birlikdə – birləşmə şəklində mübtəda, xəbər, tamamlıq, təyin, zərflik ola bilir. Məs.:
Pərşan radionu bağlayıb pəncərə qabağına getdi. (M.İ.)
Səkinə Pərşana qış corabı toxuyur və yavaş-yavaş danışan ərinə qulaq asırdı (M.İ.) -
cümlələrindən birincisində Pərşan, ikincidə Səkinə sözləri adlıq halda, mübtəda vəzifəsindədir. Birinci misalda pəncərə sözü qabağına sözü ilə, ikinci misalda qış sözü corabı sözü ilə birləşmə əmələ gətirmişdir: pəncər qabağına zərflik, qış corabı vasitəsiz tamamlıqdır.
3. Adlıq halda olan sözə yiyəlik halın şəkilçisini artırsaq, cümlənin mənası dəyişər və pozular; məs.: Ayı daş parçaları yomalayır – Ayının daş parçaları yomalayır. Lakin qeyri-müəyyənlik bildirən yiyəlik hala yiyəlik hal şəkilçisi artırsaq, məna daha da konkretləşər: Ayı daşın parçalarını yomalayır.
4. Adlıq halın sualları dəyişə bilmir, qeyri-müəyyənlik bildirən yiyəlik halda olan sözü müəyyən yiyəlik hala salmaqla sualını da dəyişmək – kimin? nəyin? haranın? şəklinə salmaq olar.
5. Adlıq halda olan sözlə qeyri-müəyyənlik bildirən yiyəlik halda olan söz sintaktik əlaqəsinə görə də fərqlənir: adlıq halda olan söz xəbəri özü ilə uzlaşdırır, qeyri-müəyyən yiyəlik halda olan söz isə mənsubiyyət şəkilçili sözlə yanaşma əlaqəsində olur. (3, 32; 1, 53)
Yiyəlik halın şəkilçisi (-ın,-in,-un,-ün) ikinci şəxs təkin mənsubiyyət şəkilçisi ilə (-ın,-in,-un,-ün) eyni səs tərkibinə malikdir:
sən-in qələm-in
sən-in dəftər-in
sən-in əl-in
Bu misallarda sənin sözü yiyəlik haldadır, qələmin, dəftərin, əlin sözləri mənsubiyyət şəkilçilidir. Yiyəlik halın şəkilçisi ilə ikinci şəxs təkin mənsubiyyət şəkilçisini aşağıdakı qayda ilə fərqləndirmək olar:
Yiyəlik halda olan sözdən sonra (əgər xəbər vəzifəsində deyilsə) mütləq mənsubiyyət şəkilçili bir söz işlənməlidir. Məsələn: otaq sözünü yiyəlik halda - otağın şəklində işlətdikdə qapısı, pəncərəsi, tavanı, döşəməsi, divarı, havası, adamı və s. kimi sözlərdən biri tələb olunur. Lakin mənsubiyyət şəkilçili sözün bu cür sözlərə, xüsusən birinci tərəfə çox vaxt ehtiyacı olmur. Sənin dəftərin məndədir – əvəzinə məntiqi vurğu tələb olunmursa, sadəcə olaraq, Dəftərin məndədir - deyirik.
Yiyəlik halda olan ismə yenidən hal şəkilçisi artırmaq olmaz, lakin mənsubiyyət şəkilçili sözlər bütün hallar üzrə dəyişə bilir. Məsələn, sənin məktəbin birləşməsində mənsubiyyət şəkilçili ikinci tərəfə diqqət yetirək:
Sənin məktəbin
Sənin məktəbinin
Sənin məktəbinə
Sənin məktəbini
Sənin məktəbində
Sənin məktəbindən
Yiyəlik halda olan söz sahib şəxsi, mənsubiyyət şəkilçili söz mənsub əşyanı bildirir; məs.: Mən sənin aciz, gücsüz, yazıq olmağına inanmıram. Sənin əməllərin cinayət tərkiblidir (T.K.) - cümlələrində sənin sözü sahib şəxs, ikinci şəxs təkin mənsubiyyət şəkilçisi ilə işlənmiş olmağına, əməllərin sözləri mənsub əşya anlıyışı bildirir. «Mənsub əşya» anlayışı müxtəlif mənalardadır və müxtəlif məna çalarları ifadə edir. (3, 22)
İsmin yönlük halı hərəkətin yönəldiyi şəxsi, əşyanı, hərəkətin istiqamətini, çatacağı son nöqtəni, zaman və məkan hüdudunu bildirir.
Yönlük hal hallana bilən sözlərin kökünə və ya əsasına -a,-ə (saitlə bitən sözlərdə «y» bitişdiricisi ilə) şəkilçisini artırmaqla düzəlir.
Yönlük halda olan sözlər və birləşmələr kimə? nəyə? haraya? suallarına cavab verir, əşya, obyekt bildirdikdə cümlədə vasitəli tamamlıq, məkan, zaman məzmununa malik olduqda zərflik vəzifəsində işlənir. Məs.:
O, Aləmşahbəyimi görmüşdü və gözəlliyinə heyran qalmışdı. (F.K.)
O daha çox pəhləvana və cəngavərə oxşayırdı. (F.K.)
Nişanı geri qaytarmaq fikrinə düşmüsənsə, belə kələklər sənə yaraşmaz. (İ.Ə.)
Baba Keşiş gözlərini Məryəmgil üçün ayrılmış otağın pəncərəsinə zilləmişdi. (Elçin)
Salam, təbiətin yaraşığına,
Salam, gecələrin ay işığına,
Salam, sevgilimin xoş qılığına,
Onun dözmədiyim ayrılığına. (S.V.)
Bu misallarda gözəlliyinə, pəhləvana, cəngavərə, sənə sözləri, otağın pəncərəsinə, təbiətin yaraşığına, ay işığına, sevgilimin qılığına, onun ayrılığına birləşmələri ismin yönlük halında olub, qeyri-müstəqim obyekt bildirir.
Yönlük halda olan sözlər və birləşmələr məzmunundan asılı olaraq, hərəkətin yönəldiyi məkanı da bildirir; məs.:
Hacı sakit halda dəstamazını aldı, dama girərək təzə ağ keçənin üstündə namazını qıldı.(İ.Ə.)
Ərşad göydə sayrışan ulduzlara baxıb müəyyən elədi ki, işıqlanmamış çatacaqdır Kürdobaya. (İ.Ə.)
Mən razı olmaram ki, sənin kimi dağdan ağır kişi Zərəfşanın qapısına getsin. (İ.Ə.)
Qoyunun əli-qolu yoxdur ki, qapını açıb birbaşa gəlib girsin sənin ağılına. (İ.Ə.)
Lap gecə yarısı da Hacının evinə getsən, onun quzu bozartması, ərik qaysavası dərhal hazırdır.(İ.Ə.)
Bu misallarda dama, Kürdobaya sözləri, Zərəfşanın qapısına, sənin ağılına, Hacının evinə birləşmələri yuxarıdakılardan fərqli olaraq, məkan məzmununa malikdir.
Yönlük halda olan sözlər və birləşmələr cümlədə feli xəbər vasitəsilə idarə olunaraq müstəqil sintaktik vəzifə daşıyır. Məs.:
Vuruldum o gün ki şerə, sənətə,
Unutdum sevdiyim əyləncələri. (S.V.)
Kəndlər var ki, əməkgününə iyirmi beş kilo taxıl bölürlər. (M.İ.)
Mömin olanlar onlardır ki, allaha, axirət gününə, mələklərə, müqəddəs kitaba, peyğəmbərlərə inanırlar, yaxın adamlarına, yetimlərə, yoxsullara, yolçulara, divanələrə kömək edirlər. (Elçin)
Əgər bizim yurda düşsə güzarın, Xəbər apar məndən yara, göyərçin! (N.X.)
Sofi başa düşürdü ki, bu fikirlər bütün vücudunu qamarlayır, Sofiyə sahib olur, Sofini əsl həyata, əsl yaşayışa çağırır. (Elçin)
Qurbanlığın mənəmsə, xalına qurban olum, Kipriyinə, qaşına, telinə qurban olum. (Ə.Q.)
O, hansı günahın sahibi idi ki, dərviş olub çöllərə düşmüşdü. (Elçin)
Baba Keşiş ayaqlarını boşluğa atdı. (Elçin)
Allaha, peyğəmbərlərə, adamlarına, yetimlərə, yoxsullara, yolçulara, divanələrə, Sofiyə sözləri kimə?, şerə, sənətə, əməkgününə, axirət gününə, mələklərə, kitaba, həyata, yaşayışa, xalına, kipriyinə, qaşına, telinə sözləri nəyə?, çöllərə, boşluğa sözləri haraya? suallarına cavab verir.
Qeyd. Yönlük halda olan sözlərə və birləşmələrə haraya? sualı ilə yanaşı, hara? sualını da vermək olur. Çünki hara sözünün sonunda daşlaşmış arxaik -ra şəkilçisi hələ öz yönlük hal mənasını tam itirməmişdir. Bu hal bura, ora sözlərinə də aiddir. Bu sözlər yönlük hal məqamında həm bura, ora, həm də buraya, oraya şəklində işlənir.
Yönlük halda olan sözlər tərkib daxilində də işlənir; məs.:
İşıq payladıqca o, insanlara,
Dağlara, daşlara, sıx ormanlara,
Ulduzlar yer üstdə qoy yansın dedi. (S.V.)
Rüstəm kişi əkinçiliyə nəzər salanda gördü ki, burada vəziyyət maldarlıqdan da pisdir.(M.İ.)
Misallarda yönlük halda olan sözlər feli bağlama tərkibi daxilindədir və feli bağlama vasitəsilə idarə olunmuşdur:
insanlara, dağlara, daşlara, ormanlara işıq payladıqca
əkinçiliyə nəzər salanda.
Yönlük halda olan sözün hansı sintaktik vəzifədə işlənməsi daha çox onun öz mənası ilə bağlıdır. Sözlər həqiqi mənada məkan bildirdiyi kimi, obyekt də bildirir. Lakin bu sahədə yönlük halı idarə edən felin də müəyyən rolu vardır. Məsələn, Ağaca çıxıram, Dağa qalxıram – cümlələrində çıxmaq, qalxmaq felləri dinamik hərəkət bildirir, məkan tələb edir, ona görə də bu cümlələrdə ağaca, dağa sözləri yer zərfliyi vəzifəsində işlənmişdir.
Eyni şəkildə Ağaca baxıram, Dağa diqqət edirəm – cümlələrində baxmaq, diqqət etmək felləri statik feldir, məkan yox, obyekt tələb edir, nəyə? sualına cavab verir, ona görə də idarə etdiyi sözlər tamamlıq vəzifəsində çıxış edir. Bu şəkildə yuxarıdakı misallarda: təbiətin yaraşığına, ay işığına, sevgilimin qılığına, onun ayrılığına salam (olsun)
gözəlliyinə heyran qalmışdı
pəhləvana, cəngavərə oxşayırdı
sənə yaraşmaz
otağın pəncərəsinə zilləmişdi –
birləşmələrində salam (olsun), heyran qalmışdı, oxşayırdı, yaraşmaz, zilləmişdi felləri statik fellər olduğundan yönlük halda tələb etdikləri sözlər obyekt bildirir, tamamlıq olur.
dama girərərək
Zərəfşanın qapısına getsin
girsin sənin ağılına
evinə getsən
çatacaqdır Kürdobaya –
birləşmələrində fellər (girərək, getsin, girsin, çatacaqdır) dinamik fellərdir, hərəkətin icrası üçün məkan tələb edirlər, ona görə də yönlük halda idarə etdikləri sözlər və birləşmələr məkan bildirir, hara? sualına cavab verir.
İsmin yiyəlik halında olduğu kimi, yönlük halda olan sözlər də qoşmalarla əlaqələnir. Qoşmasız işləndikdə, yuxarıdakı misallarda olduğu kimi, sadəcə olaraq hərəkətin yönəldiyi şəxsi, əşyanı, əlaməti, məkanı göstərir. Qoşmalar yönlük halda olan sözlərdə və birləşmələrdə daha dəqiq mənalar yaradır. Heç şübhəsiz, bu mənalar qoşmaların ümumiləşmiş qrammatik mənasından irəli gəlir.
İsmin yönlük halında olan sözlərə və birləşmələrə aşağıdakı qoşmalar qoşulur: kimi, qədər, tərəf, sarı, doğru, -can, -cən, -dək, qarşı, dair, aid, görə, məxsus, nisbətən.
Bu qoşmaların bir qismi yönlük halda olan sözlə birlikdə hərəkətin varacağı son nöqtəni, son zamanı bildirir. Bu qrupa kimi, qədər, -cən, -dək qoşmaları daxildir. Bunlar bir-birini əvəz edə bilən qoşmalardır, qoşulduğu sözlə birlikdə haraya qədər? nə vaxtacan? suallarına cavab verir. Məs.:
Dərbənddən başlamış Bağdada, Diyarbəkrdən tutmuş Xorasana qədər sizin ixtiyarınızdadır. (F.K.)
Alaçıqların, komaların qabağında axşamacan əlvan paltarlı qız-gəlin hərlənirdi. (İ.Ə.)
O gecə səhərəcən heç birimiz yata bilmədik.
Bu misallarda Bağdada, Xorasana sözlərinə qədər qoşmasının əvəzinə kimi, dək, -cən qoşmalarını artırmaq, eyni zamanda axşamacan sözündəki -can qoşmasını kimi, qədər, -dək qoşmaları ilə əvəz etmək mümkündür.
Bir sıra qoşmalar (tərəf, sarı, doğru) istiqamət bildirir. Zahirən elə görünə bilər ki, Evə gedirəm – Evə tərəf gedirəm, Kəndə gedirəm – Kəndə sarı gedirəm – cümlələrində qoşmalı və qoşmasız yönlük halın məna fərqi yoxdur. Lakin qoşma mütləq məna çaları yaradır: evə tərəf getmək hələ evə getmək demək deyildir. Qoşmasız forma daha qəti məna ifadə etməsi ilə qoşmalı formadan fərqlənir.
Yönlük hala qoşulan dair, aid, məxsus qoşmaları yönlük hala aidiyyət, qarşı qoşması ziddiyyət, nisbət qoşması müqayisə, görə qoşması münasibət və ya səbəb mənaları əlavə edir. Bu cür məna incəliklərini aşağıdakı misallarda da görmək olar:
Bu sarayda bir işgüzarlıq hökm sürürdü və ev əşyalarından tutmuş saray adamlarının hərəkətlərinəcən hər şey həmin işgüzarlığa xidmət edirdi. (Elçin)
Anası bir gözü ilə şəhid olmuş oğluna ağlayır, bir gözü ilə kiçik oğlunun qurğusuna görə gülürdü. (F.K.)
Atların ayaq tappıltıları üfüqə doğru uzaqlaşdıqca tamaşa eləyən adamların həyəcanı artırdı. (İ.Ə.)
Fərhad yenə heç nə başa düşməyərək dönüb ağıla tərəf getdi.(İ.Ə.)
O, təzə öyrədilmiş çılpaq atın üstünə tullanaraq İbixanlılara tərəf çapdı. (İ.Ə.)
Saray adamları su daşıyıb gətirənəcən o məşəl tamam yanıb qurtarıb külə döndü. (Elçin)
Bu hiss Mahmuda qarşı qəzəbi söndürürdü. (Elçin)
Baba Keşiş bu doğma və mehriban pıçıltıda indiyə qədər olmayan başqa nəsə hiss etdi. (Elçin)
Tavanın yağını yarısınacan çəkdi başına. (İ.Ə.)
İsmin təsirlik halında olan sözlər və birləşmələr üzərində iş, hal, hərəkət icra olunan və hərəkətin təsirinə məruz qalan əşyanı, obyekti bildirir.
Məs.:
Şair, bu yerləri yaxından tanı,
Təbiət quranda Azərbaycanı,
Onu sığallamış qüdrətin əli. (S.V.)
Rüstəm yaşarmış gözünü yana çəksə də, trubkanı aldı, dostunun əlini sıxdı. (M.İ.)
Hər yerdə mal-qaranı, qoyun-quzunu, atı-dəvəni hesaba alırdılar. (İ.Ə.)
Sən dərdi görürsən, dərd axtarırsan hər şeydə, amma mən bax o dağları da görürəm, bu otları, çiçəkləri də görürəm, səndə nə yaxşı var, onu da görürəm. (Elçin)
Bu misallarda yerləri, Azərbaycanı, onu, gözünü, trubkanı, dostunun əlini, mal-qaranı, qoyun-quzunu, atı-dəvəni, dərdi, dərd, dağları, otları, çiçəkləri, onu sözləri və birləşmələri ismin təsirlik halında olub, işin icrası üçün vacib olan obyektləri bildirir. Obyekt bildirən həmin sözlər və birləşmələr təsirli fellərlə – tanımaq, qurmaq, sığallamaq, çəkmək, almaq, sıxmaq, hesaba almaq, görmək, axtarmaq felləri ilə bağlıdır. Həmin fellərin ifadə etdiyi işin o fellərin ifadə etdiyi işlə bağlı olan obyektə müəyyən təsiri vardır. Misallarda hərəkətin obyektə təsiri aydın görünməkdədir: yerləri tanımaq,Azərbaycanı qurmaq, onu (Azərbaycanı) sığallamaq, gözlərini yana çəkmək, trubkanı almaq, əlini sıxmaq. Odur ki bu cür fellər təsirli fellər (təsiri olan, obyektə təsir edən, onu və ya onun vəziyyətini az-çox dəyişən), təsirlik halda olan sözlər və birləşmələr isə hərəkətin təsirinə məruz qalan obyekti bildirən sözlər və birləşmələr, yəni vasitəsiz tamamlıq adlandırılır. Azərbaycanı qurmaq, əlini sıxmaq kimi birləşmələrdən bu da aydın olur ki, iş birbaşa (bilavasitə, heç bir vasitə olmadan) obyektin üzərində icra olunur, odur ki təsirlik halda olan sözlərə və birləşmələrə sintaksisdə vasitəsiz tamamlıq deyilir. Bu cür sözlər cümlədə başqa sintaktik vəzifədə işlənə bilmir, hətta universal üzv olan xəbər vəzifəsində də çıxış edə bilmir, təsirli fellər təsirlik halda olan sözlərə qoşmaların qoşulmasına da imkan vermir. Deməli, təsirlik halda olan söz təsirli feli xəbərli cümlələrdə işlənir.
Sofi barmaqlarını ovxalaya-ovxalaya əlini elə-eləcə ocağa tutmuşdu. (Elçin)
Emiliyanı döyməklə cinayət törətmisən (T.K.) –
cümlələrindən göründüyü kimi, təsirlik halda olan söz (barmaqlarını, Emiliyanı) təsirli feli xəbərli cümlələrdə tərkib daxilində də işlənir: Barmaqlarını ovxalaya-ovxalaya tutmuşdu, Emiliyanı döyməklə törətmisən.
Təsirlik halda olan sözlər və birləşmələr cümlə daxilində şəxsli fellə deyil, feli sifət, feli bağlama və ya məsdərlə bu cür bağlı olduqda ismi xəbərli cümlədə də işlənə bilər. Məs.: Məktubu gətirən Səlimdir – cümləsində təsirlik halda olan məktubu sözü gətirən feli sifəti ilə bağlı olduğundan ismi xəbərli cümlədə (Səlimdir) işlənə bilmişdir.
Qeyd. Təsirlik halda olan söz – vsitəsiz tamamlıq az hallarda təsirsiz fellərlə də əlaqələnir; məs.:
Müəllimlik – bu bir incə sənətdir,
Bu yolu hər gedən olmalı incə. (S.V.)
Bu hal göstərir ki, fellərin təsirli və ya təsirsiz olduğunu hər cür mətn şəraitində yoxlamaq lazımdır.
İsmin yiyəlik halı kimi, təsirlik hal da iki cür olur:
Müəyyənlik bildirən təsirlik hal;
Qeyri-müəyyənlik bildirən təsirlik hal.
Müəyyənlik bildirən təsirlik halda olan sözlər müəyyən, konkret əşya bildirir.
Yiyəlik hal kimi, müəyyənlik və qeyri-müəyyənlik bildirən təsirlik hal da iki cəhətdən – həm formaca, həm də məzmunca fərqlənir. Forma fərqi ondan ibarətdir ki, müəyyənlik bildirən təsirlik halda olan sözlər -ı,-i,-u,-ü şəkilçisinin iştirakı ilə düzəlir (söz saitlə bitdikdə n bitişdiricisindən istifadə olunur: quzunu, Əlini, əmini, bacını, sürünü). Qeyrimüəyyənlik bildirən təsirlik halın şəkilçisi yoxdur. Məs.: Ay çoban Kərəm, nə dondurursan o qonağı soyuğun-ayazın altında, gətir içəri, bir çay içək. (M.İ.)
Bu misalda qonağı və çay sözləri təsirlik haldadır, birinci söz -ı şəkilçisini qəbul etmişdir, ikinci sözdə şəkilçi yoxdur. Bu cür sözlər mənaca da fərqlənir: şəkilçili təsirlik hal müəyyən, konkret obyekti, hal şəkilçisi olmayan söz qeyri-müəyyən, ümumi obyekt bildirir.
Təsirlik halın şəkilçisini qəbul edən sözlər iş, hal, hərəkətin təsirinə məruz qalan müəyyən, konkret əşyanı bildirdiyindən bu cür sözlərdən əvvəl təyinedici, müəyyənləşdirici o, bu, həmin işarə əvəzlikləri də işlənə bilir; məs.:
Ktabı gətir – O kitabı gətir.
Lampanı yandır – O (bu) lampanı yandır.
Əti doğra – Həmin əti doğra.
Atı saxla – Bu atı saxla.
Qeyri – müəyyənlik bildirən təsirlik halda olan sözlər ümumi və qeyri-müəyyən obyekt bildir;
Məs.:
Şah bilər ölkədə hər nə götürər, hər nə qoyar,
Gah cibin, gah dərisin hər kimin istərsə soyar,
Baş kəsər, ev dağıdar, can çıxarar, göz də oyar,
Min də çıxsa göyə əfğanları iranlıların. (S.)
Qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözlər müəyyənləşdirici sözlərlə işlənə bilmir, daha çox qeyri-müəyyənlik bildirən «bir» ədatını tələb edir: Bir boşqab gətir, Bir lampa yandır, Bir meyvə doğra, Bir kitab oxu, Mənə bir kitab ver və s.
Müəyyənlik bildirən təsirlik halda olan sözlər kimi? nəyi? haranı?, qeyri-müəyyənlik bildirənlər nə? sualına cavab verir.
Qeyd. Qeyri-müəyyənlik bildirən təsirlik halın nə? sualını adlıq halın nə? sualı ilə eyniləşdirmək olmaz. Adlıq halın sualı dəyişmir, qeyri-müəyyənlik bildirən təsirlik halın nə? sualını sözlə birlikdə nəyi? şəklinə salmaq olar.
Müəyyənlik bildirən təsirlik halın şəkilçisi (-ı,-i,-u,-ü) III şəxs təkin mənsubiyyət şəkilçisi ilə (-ı,-i,-u,-ü) oxşar formalıdır; məs.:
maşını gətir – onun maşını
çəməni seyr et – dağın çəməni
unu ələyin – təhnənən unu
südü bişirin – inəyin südü
Təsirlik halın şəkilçisi ilə 3-cü şəxsin mənsubiyyət şəkilçisini aşağıdakı qayda ilə fərqləndirmək olar:
1. Təsirlik halda olan söz üzərində iş icra olunan obyekti bildirir; məs.:
Gəlsin yoldaş mühəndis,
Bu yeri də gəzək biz. (S.V.)
Burada – bu misalda yer sözü üzərində iş icra olunan obyekti bildirir: yeri gəzək.
Mənsubiyyət şəkilçili söz isə bir şəxsə, əşyaya mənsub olan əşyanı bildirir; məs.:
Qayaların çatıq qaşı
Başım üstə kölgə salsın. (S.V.) –
misralarında qaşı sözündəki -ı mənsubiyyət şəkilçisidir və qaşın qayalara məxsus olduğunu bildirir.
2. Söz saitlə qurtardıqda təsirlik halın şəkilçisindən əvvəl n, mənsubiyyət şəkilçisindən əvvəl s bitişdiricisindən istifadə olunur:
Atanı dinləmək – onun atası
quzunu gətirmək – onun quzusu
yuxunu yozmaq – onun yuxusu
ütünü qızdırmaq – onun ütüsü
Qeyd. Atanı dinləmək birləşməsində atanı sözündəki -nı mətndən asılı olaraq həm təkcə hal şəkilçisi, həm də mənsubiyyət və hal şəkilçisinin birliyindən ibarət ola bilər. Əgər birləşmə sənin atanı dinləmək şəklində təsəvvür olunursa və ata sözü sən sözü ilə bağlıdırsa, o zaman sənin atanı birləşməsindəki -n mənsubiyyət şəkilçisi, -ı hal şəkilçisidir: sənin ata-n-ı. Telli nənəmi ürəyim istəyir (M.İ.) – cümləsindəki nənə-m-i sözündə də bu cür mənsubiyyət və hal şəkilçisi birlikdə işlənmişdir.
Əgər ata sözünün bu və ya digər bir şəxsə mənsubluğu yoxdursa, o zaman n bitişdirici sammit, -ı təsirlik halın şəkilçisidir: ata(n)ı dinləmək.
3. Eyni bir sözdə həm mənsubiyyət, həm də hal şəkilçisi ola bilər. Bu cür hallarda, qeyd etdiyimiz kimi, əvvəl mənsubiyyət şəkilçisi, sonra hal şəkilçisi işlənmiş olur; məs.: Səlim şəhər məktəbini bitirmişdir - cümləsində məktəb sözünə əvvəlcə mənsubiyyət (şəhər məktəbi), sonra hal şəkilçisi (şəhər məktəb-i(n)i) artırılmışdır (n bitişdiricidir).
4. Müəyyən təsirlik halda olan sözlər qoşma ilə işlənmədiyi, xəbər ola bilmədiyi halda, mənsubiyyət şəkilçili sözlər xəbər vəzifəsində işlənir və qoşma qəbul edir; məs.: Bunlar onun uşaqlarıdır. Onun uşaqları üçün kitab almışam. (3, 20)
Təsirdlik halın şəkilçisi mənsubiyyət şəkilçisinə oxşadığı kimi, qeyri müəyyənlik bildirən təsirlik haldakı sözlər də zahiri formasına görə adlıq halda olan sözlərdən fərqlənmir; məs.:
Havalar yaxşı keçdiyi zaman çiyid sahə boyu və nizamla cücərir, kollar qoza ilə dolur, ipək kimi ağ pambıq saçaqlayır, zəhmət az, məhsul bol olur. (M.İ.)
Güllü don tikərəm, alıb geyərsən,
Sən də şirin-şirin qoğal yeyərsən (S.V.)
Bu misallardan birincisində işlənmiş çiyid, kollar, pambıq, zəhmət, məhsul sözləri ilə ikinci misaldakı don, qoğal sözləri arasında zahiri forma fərqi yoxdur. Lakin bunlar ismin müxtəlif hallarındadır. Birinci misaldakı sözlər (çiyid, kollar, pambıq, zəhmət, məhsul) adlıq halda, mübtəda vəzifəsindədir, ikinci qrup sözlər (don, qoğal) qeyri-müəyyənlik bildirən təsirlik haldadır və vasitəsiz tamamlıq vəzifəsindədir. Birinci misalda adlıq halda olan sözlər cücərir, dolur, saçaqlayır, az olur, bol olur tipli təsirsiz fellərlə, ikinci misaldakı sözlər geyərsən, yeyərsən tipli təsirli fellərlə əlaqəlidir. Adlıq halda olan söz təsirli fellə də əlaqələnə bilir: Rüstəm kişi bu sözləri deyə-deyə Şərəfoğlunu süzürdü. (M.İ.)
Adlıq halda olan sözlərlə qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözləri aşağıdakı kimi fərqləndirmək olar:
1. Adlıq halda olan sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqələnə bilir; məs.: Rəna kitab oxuyur. Rəna daranır – cümlələrindən birincisində adlıq halda olan Rəna sözü təsirli fellə (oxuyur), ikincisində təsirsiz fellə (daranır) bağlıdır. Təsirlik halda olan sözlər isə yalnız təsirli fellərlə əlaqələnə bilir; məs.:
Raqib əllərini stolun üstünə qoydu. (T.K.)
Kələntərli axşamlar sürücünü azad edər, maşını özü idarə edərdi (T.K.) –
cümlələrində təsirlik halda olan əllərini, sürücünü, maşını sözləri təsirli fellərlə (qoydu, azad edər, idarə edərdi) bağlıdır.
2. Adlıq halda olan söz şəxsli feli – feli xəbəri özünə tabe edir, qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözlər xəbərə tabe olur. Başqa sözlə, feli xəbər adlıq halda olan sözlə uzlaşma əlaqəsində olur, yəni xəbər onunla uzlaşır. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözlər isə təsirli feli xəbərlə yanaşma əlaqəsində olur: uzlaşma Rəna kitab oxuyur yanaşma.
3.Adlıq və təsirlik halda olan sözlər sintaktik vəzifəcə də fərqlənirlər: birincisi mübtəda, ikincisi vasitəsiz tamamlıq vəzifəsində işlənir; məs.:
Təkcə Azər əkib-becərib oğlanlarına çörək yedirdirdi, inəyə qulluq edib oğlanlarına süd içirirdi və buna görə də Əli də, Həsən də, Hüseyn də, Zeynalabdin də sağlam böyüyürdü. (Elçin)
Sonra qarı dağlara gedib bir ətək çiçək gətirdi (İ.Ə.) – cümlələrindən birincisində Azər, Əli, Həsən, Hüseyn, Zeynalabdin, ikinci cümlədə adlıq halda olan qarı sözləri mübtəda vəzifəsində işlənmişdir. Həmin cümlələrdə təsirlik halda olan çörək, süd, çiçək sözləri vasitəsiz tamamlıqdır.
4.Adlıq halda olan sözə təsirlik halın şəkilçisini artırdıqda cümlənin mənası pozulur və ya dəyişir. Məsələn: Ovçu tülkü gördü – Ovçunu tülkü gördü – cümləsindən məna dəyişmişdir.
Qeyri-müəyyənlik bildirən təsirlik hala təsirlik halın şəkilçisini artırdıqda məna konkretləşir, obyekt daha da dəqiqləşir:
Rəna kitab oxuyur - Rəna kitabı oxuyur
Ovçu tülkü gördü - Ovçu tülkünü gördü
5.Təsirlik hal şəkilçili sözlə mübtədanın yerini dəyişmək olar və məna dəyişməz: Rəna kitabı oxuyur – Kitabı Rəna oxuyur. Ovçu tülkünü gördü – Tülkünü ovçu gördü.
Qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözlə adlıq halda olan sözün yerini dəyişsək, məna dəyişər və ya pozular: Ovçu tülkü gördü – Tülkü ovçu gördü.
Qeyd etdiyimiz kimi, təsirlik halda olan söz xəbər vəzifəsində işlənmir və qoşma qəbul etmir. Təsirlik halda olan sözlər cümlədə yalnız vasitəsiz tamamlıq vəzifəsində işlənir. Hətta hara? sualına cavab verdikdə də tamamlıq olur. Məs.: Dolandım dağları, meşəlikləri – cümləsində dağları, meşəlikləri sözləri vasitəsiz tamamlıqdır. (4, 123)
Adlıq halda olan sözlər qoşma qəbul edir və cümlədə xəbər vəzifəsində işlənir: Uşaq üçün kitab aldım. Səlim hələ çox uşaqdır.
İsmin yerlik halında olan sözlər və birləşmələr işin, hərəkətin icra olunduğu yeri, əşyanın tutduğu sahəni, müəyyən bir xüsusiyyətin yerləşdiyi əşyanı, obyekti bildirir və hallana bilən sözlərə -da,-də şəkilçisinin artırılsması ilə düzəlir. Kimdə? nədə? harada? suallarına cavab verir.
Məs.:
Oxu tar!
Fabrikdə, zavodda,
Traktor başında.
Bu saat qarşında Nə qədər adam var! (M.M.)
Daşkəsəndə, dağda, daşda,
Hər cəbhədə – mərd savaşda
Himmət səndən, cürət məndən. (M.M.)
Soyuq divarlarda güllə nişanıg
Didir, parçalayır insan insanı.(S.V.)
Mahmud Məryəmin əynindəki donda bir ilan soyuqluğu hiss etdi. (Elçin)
Parlaqlıqda, dirilikdə gözləri eynən Bəbirin gözlərinə oxşayırdı.(İ.M.) Həzioğlu Qasım adamlıqda min Kamandara dəyər. (İ.M.)
Bu misallarda ismin yerlik halında işlənmiş fabrikdə, zavodda, traktor başında, qarşında, Daşkəsəndə, dağda, daşda sözləri məkan məzmununa malikdir, əşyanın yerləşdiyi sahəni bildirir və harda? sualına cavab verir. Bu xüsusiyyət cəbhədə sözünə də aiddir – cəbhə «döyüş meydanı» mənasındadır. Onun əlavəsi olan mərd savaşda birləşməsi də savaş meydanını xatırlatdığı üçün yer bildirir. Eyni halda bu birləşmə zaman çalarına da malikdir: Mərd savaş olan zaman himmət səndən, cürət məndən. Bunlar obyekt sualına cavab verə bilmir, əşyanın tutduğu sahəni («var» xəbəri ilə) və hərəkətin (hünər göstərmək, cürət göstərmək felləri ilə) yerini bildirir.
Sonrakı misallarda işlənmiş divarlarda, donda sözləri həm harada?, həm də nədə? suallarına cavab verir. Parlaqlıqda, dirilikdə, adamlıqda sözləri isə vasitəsiz tamamlığın nə barədə? sualına cavab verir. Yerlik halın şəkilçisi, adından göründüyü kimi, yer bildirən şəkilçidir, yerlik hal statik haldır və bu cəhətdən başqa hallardan fərqlənir. Yönlük və çıxışlıq hallardakı mütəhərriklik bu halda yoxdur.
Yönlük, yerlik və çıxışlıq halları ismin təsirlik halı ilə əkslik təşkil edir. İsmin təsirlik halında olan sözlər və birləşmələr nə qədər əşya, obyekt bildirirsə, bu hallar o qədər məkan bildirir, ona görə də çox zaman bu üç hala «məkani-qrammatik hallar» deyilir. Lakin məkanın da hüdüdu var. Güllə nişanı üçün divar, ilan soyuqluğu üçün don da məkandır. Lakin bunlar artıq hərəkətin icrası üçün geniş meydan deyil, əlamətin yerləşdiyi bir obyektdir, ona görə də divarlarda, donda sözləri zəif şəkildə harada? sualına cavab versə də, obyekt bildirən söz kimi əsaslı şəkildə nədə? sualını tələb edir.
Bu cür sözlər və birləşmələr xəbərlə birbaşa əlaqəli olduqda (tərkib mühitinə düşmədikdə) tamamlıq vəzifəsində çıxış edir.
Yerlik halda olan sözlər və birləşmələr xəbər vəzifəsində də işlənir; məs.:
Könül intizarda, göz yol üstdədir. (S.V.)
O maşınlar da Ümidin atasının maşınlarından idi. Fərqi təzəliyində idi. (E.M.)
Yerlik halın şəkilçisi mənsubiyyət şəkilçisindən sonra işlənərək idarə əlaqəli birləşmələr yarada bilir:
Üzündə son bahar, ağzında yaşmaq
Sənin gözəlliyin solğun görünür. (S.V.)
İsmin bu halında olan sözlər həm feli, həm də ismi xəbərli cümlələrdə işlənir. Məs.:
Əvvəl dediyim kimi, Kürdobanın şura sədri aranda qalmışdı.(İ.Ə.)
Mətbəxdəki radioda oyun havası çalınırdı.(İ.M.)
Şikəstə evdə darıxırdı, əlini ağdan–qaraya vurmurdu. Təkcə çöldə, işdə başı qarışırdı. (İ.M.)
Rayon nümayəndəsi nə qədər soruşdu ki, obada nə olub, İbrahimdən bir söz ala bilmədi. (İ.Ə.)
Yaylaqda komalar bir-birinə yaxın tikilir. (İ.Ə.)
Nurunun yaraları yaylağın təmiz havasında sürətlə sağalırdı.(İ.Ə.)
O, başını qaldırıb göyə baxdı, ancaq göydə bircə dənə də quş görmədi (İ.M.)
Bu misallarda yerlik halda olan sözlər qarşısında qeyd edilən fellərlə idarə olunmuşdur:
aranda - qalmışdı
radioda - çalınırdı
evdə - darıxırdı
çöldə - başı qarışırdı
işdə - başı qarışırdı
obada - nə olub
yaylaqda - tikilir
göydə - görmədi
Yerlik halda olan sözlər ismi xəbərlə də əlaqələnir:
İbrahim keçmişdə kasıb bir tərəkəmə idi. (İ.Ə.)
Yovşanlıda hamı bilirdi ki, Şikəstənin şöhrətində, ad-sanında Bəbirin də payı var. (İ.M.)
Bəbirin elədikləri dəryada damla kimi idi. (İ.M.)
İsmi xəbərlə əlaqəsi:
keçmişdə - tərəkəmə idi
şöhrətində - (payı) var
ad-sanında - (payı) var
dəryada - damla kimi idi
Fellərə (qalmışdı, çalınırdı, darıxırdı, başı qarışırdı, nə olub, tikilir, görmədi) diqqət yetirdikdə aydın olur ki, yerlik halda olan sözlər daha çox hal-vəziyyət felləri ilə əlaqələnir, fellərdə geniş məkan tələb edən dinamika olmasa da, yerlik halda olan sözlər daha çox işin, hərəkətin icra olunduğu yeri bildirir. Yaylağın havasında, radioda sözləri həqiqi məkan deyil, nisbi məkan çalarına malikdir və bu sözlər obyekt bildirən söz kimi çıxış edir.
İşdə sözü isə «işdə olan zaman» mənasında hərəkətin zamanını bildirir. Sonrakı – ismi xəbərli cümlələrdə də obyekt, məkan və zaman mənaları vardır. Belə sözlər əksərən əşyanın yerləşdiyi məkanı, əlamətin aid olduğu obyekti, bir xüsusiyyətin mövcud olduğu başqa bir əşyanı bildirir.
Dünyada ən böyük dərd ac qalmaq dərdidir (Elçin) – cümləsindən göründüyü kimi, yerlik halda olan söz bəzən cümlənin əvvəlinə meyil edir. Bu onun xəbərlə nisbətən zəif əlaqəsindən irəli gəlir.
İsmin çıxışlıq halı iş, hal, hərəkət və hadisənin çıxış, başlanğıc nöqtəsini bildirir, subyektin hər hansı bir obyektdən uzaqlaşdığını göstərir. İsimlərə və hallana bilən sözlərə -dan, -dən şəkilçisinin artırılması ilə düzəlir, kimdən? nədən? haradan? nə zamandan? suallarına cavab verir.
Məs.: O maşını saxlayıb tarladan çıxdı, qıyğacı başından aça-aça Bəbirdən soruşdu. (İ.M.) – cümləsində Bəbirdən sözü kimdən?, başından sözü nədən?, tarladan sözü haradan? sualına cavab verir.
İsmin çıxışlıq halında olan sözlər və birləşmələr öz lüğəvi mənasından asılı olaraq ya hərəkətin çıxış, başlanğıc məkanını, ya hərəkətin başlanğıc zamanını, yaxud da əlamətin ayrıldığı obyekti bildirir. Məs.: Nəhayət, uzaqdan itlərin hürüşməsi eşidildi. Heç yerdən işıq gəlmirdi.(İ.Ə.) Çoban Ərşad bunu deyib, damdan çıxdı (İ.Ə.) - cümlələrində uzaqdan, heç yerdən, damdan sözləri hərəkətin çıxış, başlanğıc yerini bildirir.
Bizim işimiz havadan, küləkdən, qardan, yağışdan, günəşdən asılıdır. (M.İ.) Şikəstənin bu gün yenə tutması tutmuşdu, deyəsən, bütün dünyadan, bütün adamlardan, lap doğmaca qardaşından da zəhləsi gedirdi.(İ.M.) Əli Abdal bazarlığa gedəndə yoldaşlarından pul götürməzdi. (İ.M.) – cümlələrində isə fərqləndirilmiş sözlər obyekt bildirir və kimdən? (adamlardan, qardaşından, yoldaşlarından) və nədən? (havadan, küləkdən, qardan, yağışdan, günəşdən, dünyadan) suallarına cavab verir.
Çıxışlıq halın şəkilçisi bəzən yiyəlik hal məqamında işlənir və küllün cüzə münasibətini bildirən ismi birləşmələr, zərf birləşmələri yaradır; məs.: Patronla dolu kəmərlərdən birini götürüb çiyninə saldı. (İ.Ə.) Eyvaz dayı tezdən durdu ki, nişan gələn heyvanlardan birini saxlayıb qalanlarını göndərsin Haramıdakı sürüsünə (İ.Ə.)
Bu misallarda kəmərlərdən birini, heyvanlardan birini birləşmələri küllün cüzə münasibətini bildirdiyi, ikinci tərəfi sayla ifadə olunduğu üçün yiyəlik birləşmələrinə müvafiq qurulmuşdur. Hamıdan gec yatardı, hamıdan tez durardı (İ.M.) – cümləsində isə çıxışlıq halda olan söz zərf birləşməsinin asılı tərəfi kimi işlənmişdir.
Çıxışlıq halda olan sözlər başqa, özgə, qeyri, savayı, əlavə, bəri, qabaq, ötrü, çox, artıq və s. qoşmalarla işlənərək müxtəlif mənalar ifadə edir.
Başqa, özgə, qeyri, savayı qoşmaları çıxışlıq halda olan sözün mənaca istisna təşkil etməsinə, başqalarından ayrılmasına, seçilməsinə səbəb olur; məs.: Tüfəngin yerini Ərşaddan başqa, heç kəs bilmirdi.(İ.Ə.) Şərif səkkizinci sinifdə oxuyurdu və səkkiz ildə «əla»dan savayı, qiymət almamışdı. (İ.M.) Dilqəmin arvadından savay, evdə adam yox idi. (İ.M.) Ey sevdiyim, səndən qeyri, kimim var?! (Vid.)
Çıxışlıq halda olan sözlərlə birlikdə bəri qoşması daha çox işin başlanğıc, sonra qoşması qurtardığı zamanı bildirir:
Baba Keşiş dünəndən bəri eşitmədiyi o doğma və mehriban pıçıltını yenə eşitdi.(Elçin)
Onun şəkili Mahmudun gözlərinin qabağına gəlmişdi və səhərdən bəri çəkilib getmirdi.(Elçin)
Mən görəndən bəri o, xeyli sınıxıb.(İ.Ə.)
Məryəm Gəncədən çıxdıqları o gecədən sonra atasının necə iztirab çəkdiyini bilirdi.(Elçin)
Bozartma hazır olandan sonra Zərəfşan daş kimi yatmış iki kiçik oğlunu oyatdı.(İ.Ə.)
O işıq yanandan bəri Gülnisə xalanın yuxusu ərşə çəkilib.(İ.Ə.)
Artıq və çox qoşmaları çıxışlıq hala dərəcə mənası əlavə edir:
Bir dinsizlik çirkabı ki, bu cür adamlıq donuna bürünüb Məryəm kimi təmizliyi də aldatmağa qıyırdı və aldada bilirdi, bundan artıq nə riyakarlıq ola bilərdi? (Elçin)
Miko, mən Şahı həddindən artıq çox istəyirəm. (İ.Ə.)
Əlbəttə, mən Şaha özümdən artıq inanırdım. (İ.Ə.)
Mən qarşıma çıxan adamların hamısından çox, Şahı sevmişdim.(İ.Ə.)
Çıxışlıq halda olan sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqələnir, cümlədə qeyri-müstəqim obyekt bildirərək tamamlıq, hərəkətin çıxış məkanını bildirərək yer zərfliyi vəzifəsində işlənir; məs.:
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Şeirdən, xülyadan necə əl çəkim? (M.M.)
O quşdan, bu çiçəkdən,
Bəxtəvər gələcəkdən
Almışam sorağımı. (M.M.)
Yar-yaraşıq səndən gəlsin,
Şeir, nəğmə, sənət məndən! (M.M.) –
cümlələrində gecədən, gündüzdən, aydan, günəşdən, fəzadan sözləri əl çəkmək feli ilə, quşdan, çiçəkdən, gələcəkdən sözləri sorağını almaq feli ilə idarə olunmuşdur. Nədən? sualına cavab verən bu sözlər tamamlıq vəzifəsində işlənmişdir. Səndən və məndən sözləri kimdən? sualına cavab verir. Bu sözlərin əlaqələndiyi gəlsin feli həqiqi hərəkət bildirmir, olsun mənasındadır.
Lakin aşağıdakı misalda gəlir feli həqiqi hərəkət bildirir və onun çıxışlıq halda tələb etdiyi sözlər haradan? sualına cavab verərək zərflik vəzifəsində işlənmişdir:
Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkarandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar. (S.V.)
Çıxışlıq halın şəkilçisi zaman mənalı sözlərə artırıldıqda işin başlanğıc zamanını bildirir: Keçən ildən qazanc dalınca gedib.
İsmin çıxışlıq halı mahiyyət etibarilə yönlük halın əksinədir. Çıxışlıq halda olan sözlər işin, hərəkətin, əlamətin başlanğıc, çıxış nöqtəsini, yönlük halda olan sözlər isə istiqamət, yönəlmə çalarları ilə yanaşı, qurtaracaq nöqtəsini bildirir. Yönlük hal hərəkəti özündən başqasına, çıxışlıq hal başqasından özünə yönəldir; məs.: Sənə deyirəm – Səndən soruşuram.
Sənə arxalanıram – Səndən qorxuram.
Sənə arxayınam – Səndən narahatam.
Sənə pul verirəm – Səndən pul alıram.
Sənə nifrət edirəm – Səndən xoşum gəlir.
Sənə bel bağlayıram – Səndən ehtiyat edirəm.
Sənə məsləhət verirəm – Səndən məsləhət alıram.
Sənə iş görürəm – Səndən iş tələb edirəm və s.
İsmin hallarında elə geniş mücərrədləşdirmə imkanı vardır ki, onun üçün əşyanın, obyektin, məkanın, zamanın başlanğıcı və ya sonu birdir, bunların heç birinə başqa gözlə baxmır, heç birini fərdi şəkildə ümumiləşdirmir, zamanı da, məkanı da, obyekti də eyni istiqamətə yönəldir və ya zamanın, məkanın, obyektin başlanğıcına eyni şəkildə nəzər yetirir.
Qeyd.
1. Çıxışlıq halın şəkilçisini isimdən isim düzəldən -dan (qənddan, güldan və s.) və zərf düzəldən -dan,-dən (astadan, birdən və s.) şəkilçiləri ilə eyniləşdirməməli.
2. Obaşdan sözünə daşlaşmış -dan şəkilçisi çıxışlıq hal mənasını itirmək üzrə olduğundan canlı danışıq dilində bəzən sözə yenidən çıxışlıq halın şəkilçisi artırılır; məs.:
Kərim obaşdannan evdən çıxırdı. (İ.M.)
Feyruz obaşdannan gedərdi bazara.(İ.M.)