MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

SİFƏTİN DƏRƏCƏLƏRİ
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

SİFƏTİN DƏRƏCƏLƏRİ

Müxtəlif əlamət, keyfiyyət dəyişmələrini ifadə etmək üçün sifətlərin düşdüyü şəkillərə sifətin dərəcələri deyilir.

Sifətləri başqa nitq hissələrindən fərqləndirən ən mühüm əlamət onun dərəcə əlamətləri sayılır. Əşyaya xas olan əlamət və keyfiyyətin dəyişməsi, yəni onun adi normativ vəziyyətdən aşağı və ya yuxarı səviyyəsinin dildə ifadəsi onun dərəcələrini yaradır.

Sifətlər vasitəsilə ifadə olunan əlamət və keyfiyyət iki istiqamətdə dəyişə bilir – ya artır, ya da azalır. Obyektiv aləmin özündən irəli gələn bu xüsusiyyət eyni zamanda danışanın subyektiv münasibəti ilə də bağlı olur. Məs.:
Burası təbii bir haldır, qəmli, kədərli adamların gözündə ən qiymətli cəvahir adi bir daşdan daha alçaqdır. (O.)
Divar dibində qotazlı mitəkkələr, iri balışlar, qalın döşəklər qoyulmuşdu. (F.K.)
Yanaqlarında qırmızımtıl ləkələr əmələ gəldi. (İ.Ş.)

Bu misallardakı sifətlərin bəzilərində əlamət, keyfiyyət adi normativ səviyyədədir: təbii, qəmli, kədərli, qotazlı, iri, qalın. Bir qismində keyfiyyət adi səviyyədən yüksəkdir: ən qiymətli, daha alçaq. Son misalda əlamət aşağı səviyyədə ifadə olunmuşdur: qırmızımtıl - qırmızı deyil, onun zəif çalarıdır.

Sifətin əlamət, keyfiyyət dəyişmələrindən bəhs edərkən həndəsi həcmin, formanın böyüməsi və ya kiçilməsi əlamətin artması və ya azalması kimi dərk olunmur. Zahirən elə görünə bilər ki, lap şirin, lap uzun, lap böyük əlamətin, keyfiyyətin çoxalması, lap acı, lap gödək, lap kiçik əlamətin azalması deməkdir. Əslində isə, şirin də, acı da, uzun da, gödək də, böyük də, kiçik də bir keyfiyyəti, bir əlaməti bildirir və ona görə də bu sözlərə lap ədatını artırmış olduqda əlamət mənfiyə və ya müsbətə doğru olmasından asılı olmayaraq artmış, çoxalmış olur. Ona görə də qrammatika üçün ən yaxşı, ən pis, ən dadlı, ən dadsız, ən uğurlu, ən uğursuz, ən gözəl, ən çirkin sözlərinin fərqi yoxdur və bunların hamısı çoxaltma dərəcəsindədir.(3, 70)

Əlamətin, keyfiyyətin dərəcəsi müqayisə əsasında yaranır. Belə müqayisə iki cür ola bilir.

Əlaməti, keyfiyyəti müqayisə olunan əşya meydanda olduğu kimi, onun müqayisə edildiyi əşya da meydanda olur. Məsələn: Bu alma o almadan şirindir – cümləsində müqayisə edilənlə müqayisə obyekti məlumdur. Lakin əksərən müqayisə olunan əşyaların hər ikisi meydanda olmur. Məsələn: Bu, çox şirin almadır. Birinci halda iki əşyanın keyfiyyəti müqayisə olunduğu üçün müqayisə konkretdir. İkinci halda isə sadəcə şirin sözündə nəzərdə tutulan əlamətdən yüksək əlamət ifadə olunduğundan müqayisə mücərrəddir, abstraktdır. (5, 65) Konkret müqayisə sözlərin əlaqəsi yolu ilə əmələ gəldiyindən sintaktik hadisə hesab olunur və ondan morfologiyada geniş bəhs olunmur. Mücərrəd müqayisələr morfoloji yolla – bir sıra şəkilçilərin, ədatların, miqdar və dərəcə zərflərinin köməyi ilə əmələ gəlir və morfologiyadə belə əlamət dəyişmələrindən bəhs olunur. Yeri gəldikcə konkret müqayisələr haqqında da danışılır.

Dərəcələr üzrə dəyişmək sifətin mənasından asılıdır və daha çox sadə – əsli sifətlərə aiddir. Düzəltmə və xüsusən mürəkkəb sifətlərdə dərəcə əlaməti qəbul edərək dəyişmə halları məhduddur.

Sifətin üç dərəcəsi var: adi dərəcə, azaltma dərəcəsi, çoxaltma dərəcəsi.