MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MƏNSUBİYYƏT KATEQORİYASI
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MƏNSUBİYYƏT KATEQORİYASI

İsimlər mənsubiyyət şəkilçiləri qəbul edərək sahib şəxslə mənsub əşya arasındakı əlaqəni, münasibəti bildirir.

Buna görə də mənsubiyyət anlayışı normativ şəkildə iki komponentin iştirakı ilə ifadə olunur. Birinci tərəf sahib şəxsi, ikinci tərəf mənsub əşyanı bildirir. Birinci tərəf I və II şəxslərdə şəxs əvəzliyi, III şəxsdə həm şəxs əvəzliyi, həm də isimlərlə ifadə olunur. İkinci tərəf isimlərdən və isimləşmiş nitq hissələrindən ibarət olur və birinci tərəfdən asılı olaraq hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul edir; məs.:

mənim evim
sənin evin
onun (Əhmədin) evi

bizim evimiz
sizin eviniz
onların (Əhmədgilin) evi

Sahib şəxsmənsub əşya terminlərini hərfi mənada başa düşmək olmaz. Bunlar şərti qrammatik terminlərdir və hərfi mənada düşünülərsə, bütün mənsubiyyət birləşmələrini əhatə edə bilməz. Mənsubiyyət anlayışı geniş anlayışdır və sahib şəxs adı altında həmişə sırf sahblik nəzərdə tutulmur.
Kələntərli maşının qapısını açaraq sözünə davam etdi.(T.K.)
Lətifənin atası Müslümü tapmaq, bəzi məsələləri aydınlaşdırmaq pis olmazdı (T.K.) 
- cümlələrindən birincisində maşının qapısını birləşməsində küllün cüzə münasibəti ifadə olunmuşdur. İkinci misaldakı Lətifənin atası birləşməsində qohumluq münasibəti ifadə edilmişdir. Qadının geyimi, ovçunun tüfəngi tipli birləşmələrdə isə həqiqi mənada sahib şəxs, mənsub əşya anlayışı var.

Sahib şəxs və mənsub əşya anlayışları aşağıdakı mənalarda başa düşülür:

1. II tərəf bəzi canlı və cansız varlıqların adlarını bildirən isimlərdən ibarət olduqda 1-ci tərəf həqiqi mənada sahib şəxs, 2ci tərəf həqiqi mənada mənsub əşya bildirir; məs.;

mənim evim
sənin kitabın
onun (Səlimin) maşını

bizim evimiz
sizin kitabınız
onların (Səlimgilin) maşını

2. II tərəf birinci tərəflə əlaqədə müxtəlif insani münasibətləri (dostluq, yaxınlıq, qohumluq, düşmənçilik və s.) ifadə edir: mənim dostum, sənin qardaşın, onun əmisi, bizim düşmənimiz və s.

3. II tərəf dairə, ərazi, məkan, ölkə, dərə, dağ, meşə, çay və s. adlarından ibarət olduqda birləşmə məkan, ərazi münasibətləri ifadə edir: mənim vətənim, sənin kəndin, onların şəhəri, bizim çaylarımız və s.

4. Tərəflər arasında cüzün küllə, hissənin bütövə münasibəti ifadə olunur: mənim əllərim, sənin dişlərin, onun qaşları, dağın yamacı, stolun ayağı, evin qapısı və s.

Mənsuiyyət birləşmələri bir sıra başqa münasibətlərin də ifadəsinə xidmət edir.

Beləliklə, mənsubiyyət kateqoriyası əşyanın, hadisənin qrammatik şəxslərdən birinə aid olduğunu ifadə edən bir kateqoriyadır.

Mənsubiyyət əlaqəsinin yaranması üçün sahib şəxs bildirən sözlər yiyəlik halda olur, mənsub əşya bildirən sözlər mənsubiyyət şəkilçisi qəbul edir.

Mənsubiyyət şəkilçiləri aşağıdakılardır:

1-ci şəxsin təkində: -ım,-im,-um,-üm, saitlə bitənlərdə: -m;

1-ci şəxsin cəmində: -ımız,-imiz,-umuz,-ümüz; saitlə bitənlərdə: -mız,-miz,-muz,-müz;

2-ci şəxsin təkində: -ın,-in,-un,-ün, saitlə bitənlərdə: -n;

2-ci şəxsin cəmində: -ınız,-iniz,-unuz,-ünüz; saitlə bitənlərdə: -nız,-niz,-nuz,-nüz;

3-cü şəxsin təkində və cəmində: -ı,-i,-u,-ü. Söz saitlə bitdikdə s bitişdiricisindən istifadə edilir.

Məsələn:

Samitlə bitənlərdə
mənim bağım
sənin bağın
onun (Əlinin) bağı


Saitlə bitənlərdə
mənim quzum
sənin quzun
onun (Əlinin) quzusu


bizim bağımız
sizin bağınız
onların (Əligilin) bağı


bizim quzumuz
sizin quzunuz
onların (Əligilin) quzusu

Göründüyü kimi, 1-ci və 2-ci şəxslərdə saitlə bitən isimlərdə mənsubiyyət şəkilçisinin saiti düşür, 3-cü şəxsdə isə, əksinə, bitişdirici s samiti əlavə olunur.

Bəzən 3-cü şəxs cəmin mənsubiyyət şəkilçisinin -ları,-ləri şəklində – cəm şəkilçisi ilə birlikdə olduğunu qeyd edirlər: onların evləri, onların ataları və s. Qeyd etməliyik ki, -lar,-lər şəkilçisinin mənsubiyyət əlaqəsində bir rolu yoxdur. Bu şəkilçi mənsub əşyanın çoxluğunu bildirir. Belə ki mənsubiyyət birləşməsinin hər iki tərəfi tək, hər iki tərəfi cəm ola bildiyi kimi, tərəflərdən biri tək, o biri cəm ola bilir. Odur ki tərəflərin tək və ya cəm olduğunu nəzərə alaraq birləşmələri dörd növə ayırmaq olar:

1.Hər iki tərəf tək olur: mənim otağım, sənin otağın, onun otağı, Əhmədin otağı və s.

2.Birinci tərəf tək, ikinci tərəf cəm olur: mənim otaqlarım, sənin otaqların, onun otaqları və s.

3.Hər iki tərəf cəm olur: bizim otaqlarımız, sizin otaqlarınız, onların otaqları və s.

4.Birinci tərəf cəm, ikinci tərəf tək olur: bizim otağımız, sizin otağınız, onların otağı və s.

Mənsubiyyət anlayışı dildə bir neçə üsulla ifadə olunur.

1. Analitik-sintetik üsul. Mənsubiyyət anlayışının normal ədəbi ifadə forması iki komponentin iştirakı ilə düzəlir: birinci tərəf yiyəlik hal şəkilçili olur, ikinci tərəf mənsubiyyət şəkilçisi qəbul edir – uzlaşma və idarə əlaqəli ismi birləşmə şəklində: mənim atım, sənin evin, onun (şagirdin) məktəbi, bizim idarəmiz, sizin ölkəniz, onların (Əligilin) şəhəri və s.

İki komponent iştirak etdiyi və hər iki komponent şəkilçili olduğu üçün bu üsul analitik-sintetik üsul adlandırılır.

Saylarla, hamı, öz əvəzlikləri ilə biz, siz, onlar sözləri qeyri-müəyyənlik bildirən yiyəlik halda da əlaqələnə bilir: biz özümüz, siz özünüz, onlar özləri, biz hamımız, siz hamınız, onlar hamısı, biz üçümüz, siz üçünüz, onlar üçü və s. Məs.:
Elə bil ki, indi biz ikimiz də qəribə, qeyri-adi bir xəyal aləmindəydik. (İ.Ə.)

Lakin bu cür birləşmələrdə mənsubiyyət şəkilçili tərəf mənsubiyyət anlayışından çox, şəxs əvəzliyinin məzmununu dəqiqləşdirmək səciyyəsinə malikdir.

Canlı danışıq dilində, bədii dildə sahib şəxs və mənsub əşya bildirən sözlər bəzən öz yerini dəyişir. Məs.:
Qəlbi düşündürür duyduqca bəzən
Bu ağır duruşun, kamalın sənin.(S.V.)

Belə birləşmələrin mənsub əşya bildirən tərəfi sayla, bəzi əvəzliklərlə ifadə olunduqda birinci tərəf çıxışlıq halda da işlənə bilir. Məs.:
Mən əzdiyiniz milyonlardan biriyəm, bu gün deyilsə, sabah o milyonlar baş qaldıracaq və sizin qanlı taxt-tacınızı başınıza çevirəcəkdir.(C.C.)
Adamlardan bəziləri gecə növbəsində də işləyirdi.(1, 42-44)

2. Sintetik üsul. Mənsubiyyət şəkilçiləri tarixən şəxs əvəzliklərindən əmələ gəldiyindən sahib şəxs anlayışını da ifadə edir.

Məsələn, mənim atım birləşməsində atım sözündəki -ım şəkilçisi atın 1-ci şəxsin təkinə mənsub olduğunu bildirdiyi üçün çox zaman 1-ci şəxsin təkini bildirən mən sözünə ehtiyac olmur və sadəcə atım deyilir. Atım sözü ilə mənim atım birləşməsi arasında məna fərqi olmadığından bu qısa forma dildə daha çox işlənir və mənsub əşya bildirən söz sahib şəxsi də bildirir. Müqayisə və təkidli nitq prosesində, məntiqi vurğu altında olduqlda mənim sözü işlədilir: Sənin yox, mənim atım keçdi.
Deməli, mənsubiyyət anlayışı «mənsub əşya bildirən söz + mənsubiyyət şəkilçisi» (at-ım) şəklində də ifadə oluna bilir. Bu ikinci üsul şəkilçinin vasitəsilə düzəldiyindən sintetik üsul adlandırılır. Bu üsul türk dillərinin üstün cəhətlərindəndir və fikrin yığcam ifadəsinə imkan verir:
Mənim atım atım-atım atılar,
Qulaqları qarğı kimi çatılar. (S.V.)

Gözləri oğlunda olan Gülnisə xala dodaqlarını bir-birinə sıxıb dərindən nəfəs aldı.(İ.Ə.)

Mənsubiyyət anlayışının analitik-sintetik tipindən fərqli olaraq, mənsub əşya bildirən söz təklikdə işlənib sahib şəxsi bildirdiyi kimi, bəzən sahib şəxsi bildirən birinci tərəf də tək işlənir, -kı,-ki,-ku,-kü şəkilçisini qəbul edərək, ümumi və qeyri-müəyyən şəkildə mənsub əşyanı da ifadə edir.
Mənim kitabım buradadır, sənin kitabın da buradadır əvəzinə, Səninki də buradadır,- deyirik. Və ya:
İqbal zəbun oldu, mənimki belə düşdü (S.)
Şah qədəhini havada tutmuş olduğu halda susurdu. Miko ilə mən stəkanlarımızı onunkuna vurub içdik.(İ.Ə.)
Bizimkilər silos üçün iki cür yer düzəldirdilər (İ.Ə.)
– cümlələrində mənimki, onunkuna, bizimkilər sözləri kimi. Bu üsul da sintetik üsuldur.

3.Analitik üsul. Mənsubiyyət anlayışının ifadəsi üçün bəzən sahib şəxs bildirən söz yiyəlik halda işlənir, lakin mənsub əşya bildirən söz mənsubiyyət şəkilçisi qəbul etmir. Bu hal yalnız birinci və ikinci şəxslərin cəminə aiddir: bizim atalar, sizin babalar, bizim ellər, sizin dağlar və s.

Birinci tərəf birinci və ikinci şəxslərin cəmi ilə ifadə olunduqda ikinci tərəfdə mənsubiyyət şəkilçisini hər vaxt ixtisar etmək olmaz. İkinci tərəf ümumiləşmiş əşya və hadisələri bildirdikdə mənsubiyyət şəkilçisi ixtisar oluna bilir. (8, 208)

Bu cür birləşmələrdə tərəflər arasında əlaqə zəif olduğu üçün birinci tərəf cümlədə ayrıca təyin hesab olunur. Məs.: Nə qədər ah çəkdi bizim babalar. (S.V.)

Beləliklə, mənsubiyyət anlayışı üç üsulla ifadə olunur:
Analitik-sintetik üsulla: bizim vətənimiz, sizin ölkəniz...
Analitik üsulla: bizim dağlar, sizin ölkələr...
Sintetik üsulla: mənim vətənim – vətənim, sənin məktəbin – məktəbin; bizim dağlar – bizimkilər, sizin ellər – sizinkilər.

Bəzən mənsubiyyət birləşməsinin tərəfləri bir neçə sözdən ibarət olur. Birinci tərəfdə müxtəlif şəxs əvəzlikləri işlənə bilir.

Bu zaman ikinci tərəf birinci tərəfin son sözü ilə uzlaşır; məs.: mənim və sənin taleyin; sənin və onun ulduzu.

İkinci tərəf həmcins olduqda həmcinslərdən əvvəlkilərdə mənsubiyyət şəkilçisi ixtisar oluna bilər: sənin dəftər, qələm və kitabın; onun ata, ana və qardaşı.

Mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər hallanır. I və II şəxslərin tək və cəmi samitlə bitən isimlər kimi hallanır: III şəxs mənsubiyyət şəkilçili isimlər hallanarkən hal şəkilçisindən əvvəl n bitişdiricisindən istifadə olunur:

atım
atımın
atıma
atımı
atımda
atımdan


atımız
atımızın
atımıza
atımızı
atımızda
atımızdan

atın
atının
atına
atını
atında
atından


atınız
atınızın
atınıza
atınızı
atınızda
atınızdan

atı
atının
atına
atını
atında
atından


at(lar)ı
at(lar)ının
at(lar)ına
at(lar)ını
at(lar)ında
at(lar)ından

III şəxsdə bərpaedici n samitinin işlənməsi hal və mənsubiyyət şəkilçili II şəxs təklə III şəxs təkin oxşar forma almasına səbəb olur. Bunları sahib şəxsə əsasən fərqləndirmək olur:

sənin at-ın
sənin at-ın-ın
sənin at-ın-a
sənin at-ın-ı
sənin at-ın-da
sənin at-ın-dan

onun at-ı
onun at-ı-(n)ın
onun at-ı-(n)a
onun at-ı-(n)ı
onun at-ı-(n)da
onun at-ı-(n)dan

Qeyd. Üçüncü şəxsin təki tarixən saf n səsi ilə tələffüz edilmiş və ərəb əlifbasındakı «nun» hərfi ilə yazılmışdır. İkinci şəxsin təki, indi Qarabağ şivələrində olduğu kimi, sağır «n» ilə tələffüz edilmiş və yazılmışdır. Bu sonuncu hərf əlifbadan çıxarıldığı üçün ikinci və üçüncü şəxs mənsubiyyət şəkilçili sözlər hallanarkən oxşar forma alınır.