MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MORFOLOGİYAYA GİRİŞ
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MORFOLOGİYAYA GİRİŞ

Morfologiya – cümlədə sözlərin dəyişməsi, müxtəlif şəkillərə düşməsi qaydalarının cəmi və bu qaydalardan bəhs edən elmin adıdır (yunanca morphe – forma, qəlib, loqos - elm, təlim sözlərindəndir).

Dilçiliyin başqa sahələri kimi, qrammatikanın morfologiya şöbəsi də nisbi müstəqilliyə malikdir. Morfologiyanın statusunu, nitq fəaliyyəti sistemində yerini öyrənmək üçün, hər şeydən əvvəl, onun sintaksislə sərhədini müəyyənləşdirmək vacibdir. Sözformaların paradiqmalarını morfologiyada öyrənmək də məqsədəuyğun sayılır. (5, 124)

Morfologiyanın əsas obyekti sözdür.

Morfologiya sözlərin qrammatik xüsusiyyətlərini öyrənir, o xüsusiyyətləri ki, onlar tək-tək sözlərə deyil, bütöv söz qruplarına aid olur, onların dəyişməsi, təsrifi sistemini üzə çıxarır, fikrin ifadəsinə xidmət edir.(4, 90) Filosofların dediyi kimi, «Dildə yalnız ümumilər vardır». Hər bir söz özlüyündə eynicinsli şeyləri birləşdirmiş olur. Məsələn, ev, yaxud heyvan sözlərinin hər biri eynicinsli predmetlərin ümumi adıdır. Rəngarəng yaşayış yerləri öz quruluşundan asılı olmayaraq ev adlanır; heyvan sözü ilə çox rəngarəng heyvan növləri ümumiləşmiş olur. Lakin qrammatika bundan daha geniş ümumiləşdirmə, mücərrədləşdirmə gücünə malikdir. Məsələn, Evi rəngləmək, heyvanı otarmaq – birləşmələrində hal şəkilçisi yalnız ev və ya heyvan sözü ilə deyil, çox böyük söz qrupu ilə bağlıdır və hərəkətin obyektinin nəyi bildirməsinin onun üçün heç bir əhəmiyyəti yoxdur. Qrammatikada mücərrədləşmə bu baxımdan çox böyük rola malikdər. Hər bir əşyanın adının obyekt bildirən söz kimi xüsusi bir ifadə forması olsa idi, ünsiyyəti davam etdirmək olmaz və ya son dərəcə çətin olardı.

Söz həm leksikologiyanın, həm də morfologiyanın tədqiq obyektinə daxildir. Əgər leksikada tək-tək sözlərin fərdi xüsusiyyətləri, leksik mənası, onun başqa sözlərdən məna fərqi, mənşəyi və s. öyrənilirsə, qrammatikada - morfologiyada sözlərin o qanunauyğunluqları və xüsusiyyətləri öyrənilir ki, onlar tək-tək sözlərə deyil, bütöv söz qruplarına və onların dəyişmə sisteminə aid olur. Morfologiyada sözlərin hansı qrammatik formalara düşdüyü, hansı qrammatik mənaları ifadə etdiyi və necə ifadə etdiyi, sözlərin hansı prinsiplər əsasında dəyişdiyi öyrənilir, sözlərin dəyişmə və təsrif sistemləri üzə çıxarılır, qrammatik kateqoriyalar, onların nitq hissələrinə xidməti müəyyənləşdirilir.

Lüğət tərkibindəki sözlərə morfoloji baxımdan yanaşdıqda aydın olur ki, sözlər əşya, hadisə, əlamət, kəmiyyət, hərəkət və sairi adlandırma baxımından müxtəlif qruplara ayrılır, böyük bir qisminin həm leksik, həm də qrammatik mənası vardır və bunlar insan ünsiyyətinin, fikir mübadiləsinin əsas vasitələridir. Sözlərin kiçik bir qrupu isə leksik mənadan məhrub olub, yalnız qrammatik mənaya malikdir və sözlər arasında əlaqə yaratmağa, modal münasibətləri gücləndirməyə xidmət edir. Elə bir qrup söz də var ki, ümumi və ya qeyri-müəyyən şəkildə əşya və hadisələri ifadə etməklə yuxarıdakı söz qruplarının əvəzində işlənə bilir. Bunların hamısı insan nitqinin tərkib hissələridir və ona görə də morfologiyada sözlər onların özlərinin verdiyi imkanlar əsasında nitq hissələri üzrə qruplaşdırılıb öyrənilir.

İctimai bir hadisə olan dil elə yaranmışdır ki, qeyd edilən söz qrupları müəyyən keyfiyyət dəyişikliklərinə uğramaqla, bir qrup söz öz həqiqi mənasını saxlayır və o biri qrupları da əavəz edə bilir. Dilçilikdə bu hadisəyə ümumi şəkildə keçid prosesi deyilir. Bunlar da morfologiyanın mühüm tədqiq obyektlərindəndir.

Lakin morfologiyada daha mühüm öyrənmə obyekti vardır.

Ad bildirən sözlər şəkilçi qəbul edərək kəmiyyətə, hala, şəxsə görə dəyişir, bu və ya digər şəxsə mənsub olan əşyanı bildirir.

Hərəkət bildirən sözlər zamana, şəxsə görə dəyişir, şəkilçilər qəbul edərək müxtəlif şəkillərə düşür. Əlamət bildirənlər dərəcələr üzrə dəyişir. Morfologiyada sözlərin dəyişməsi, təsrifi məsələləri çox mühüm problemdir və hər bir söz qrupu ilk növbədə bu cəhətdən nəzərdən keçirilir.

Hər bir söz qrupu cümlədə əsas və əlavə sintaktik vəzifə daşıyır. Bunlar nitqin quruluşuna təsir edən amillərdir.

Lüğət tərkibinə daxil olan sözlər, təbii ki, yekcins deyildir. Minilliklər boyu inkişaf prosesində sözlərin quruluşu dəyişmiş, sözlər sadə, düzəltmə, mürəkkəb olmaqla müxtəlif şəkillərə düşmüşdür. Yaranış etibarilə CV və ya VC şəklində olan sözlər başqa sözlərlə və ya şəkilçilərlə birləşmə, daşlaşma əsasında öz tərkibini dəyişmiş və genişlənmişdir. Bu cəhətin öyrənilməsi tarixi morfologiyanın işidir. Müasir dildən bəhs edən morfologiyada yalnız mütəhərrik elementlər, müasir dildə müstəqil işlənən kök və şəkilçilər öyrənilir. Beləliklə, morfologiyanın mühüm problemləri içərisində sözün tərkibi və quruluşu məsələləri mühüm yer tutur.

Sözün tərkibi və quruluşu. Sözün fonetik quruluşu ilə morfoloji quruluşu, sözün fonetik tərkibi ilə morfoloji tərkibi eyni şey olmadığı kimi (8, 34), sözün quruluşu və tərkibi anlayışlarını da eyniləşdirmək olmaz. Sözün tərkibi anlayışı quruluşundan genişdir. Sözün tərkibi anlayışına sözün tərkibindəki səslər, hecalar, vurğu, sözün kökü və şəkilçilər daxildir. Sözün tərkibinə daxil olan maddi hissələrin hamısı – səs, heca, kök və şəkilçi eyni dərəcədə mənalı vahidlər deyildir. Səslər və hecalar ayrılıqda heç bir məna ifadə etmir. Bunlar yalnız söz şəklində birləşdikdə ictimai məna kəsb edir. Odur ki səslər və hecalar dilin maddi materialı kimi dilçiliyin danışıq səslərindən bəhs edən şöbəsində – fonetikada öyrənilir.

Söz kökləri və şəkilçilər isə mənalı vahidlərdir.

Sözün tərkibindəki ən kiçik mənalı vahidlərə morfem deyilir (yunanca morphe– forma, qəlib sözündəndir).

Morfem elə kiçik mənalı vahiddir ki, onu bir daha mənalı hissələrə ayırmaq olmaz. Morfem parçalandıqda səsə, hecaya çevrilə bilər. Məsələn, dilimizdə qoruqçuluq sözü vardır. Bu söz:
10 səsdən: q-o-r-u-q-ç-u-l-u-q,
4 hecadan: qo-ruq-çu-luq,
4 morfemdən: qoru-q-çu-luq ibarətdir.

Morfemlər səslərdən və hecalardan fərqli olaraq (morfemin hecaya uyğun gəldiyi halları istisna etməklə), məna ifadə edir: qoru morfemi bir şeyi, bir sahəni qorumaq mənası ifadə edir; -q morfemi sözə qorunan yer (qoruq) anlayışını əlavə edir; -çu morfemi qoruyan şəxs (qoruqçu), -luq morfemi sənət, peşə (qoruqçuluq) anlayışlarını artırır. Biz bu morfemlərdən heç birini bölməklə bu cür yeni anlayışlar ifadə edən morfem ala bilmərik. İkihecalı qoru morfemini də qo-ru şəklində hissələrə ayırsaq, tərəflər məna ifadə etməz.

Beləliklə, morfem sözün tərkibinə daxil olan mənalı vahiddir və morfologiyada sözün tərkibinə daxil olan hər cür vahidlərdən deyil, mənalı vahidlərdən – morfemlərdən bəhs olunur. Odur ki morfologiyaya qısa şəkildə belə də tərif verilir: Morfologiya – morfemlər elmidir.

Morfemlər iki növə ayrılır: kök (əsas) morfemlər, köməkçi morfemlər.

Kök morfemlər sözün sinxron planda mənalı morfemlərə ayrıla bilməyən, yeni sözlərin və söz-formaların yaranması üçün baza olan hissəsinə – söz köklərinə deyilir. (6, 5)
Köməkçi morfemlərə şəkilçilər, bağlayıcılar, qoşmalar, ədatlar, modal sözlər, nidalar, mimemlər və s. daxildir.

Morfologiya tədqiqat obyektinin daha çox quruluşu ilə maraqlanır. Odur ki bu termindən başqa elm sahələrində də istifadə edilir: bitki morfologiyası – bitkilərin, insan morfologiyası insanın, heyvan morfologiyası heyvanın, Yer morfologiyası Yerin quruluşundan bəhs edən elm sahələridir.

Dilçilikdə asemantik morfemlərdən də bəhs edilir. «Asemantik morfem» anlayışı mənalı vahid sayılan morfem anlayışı ilə bir növ ziddiyyət təşkil edir. Hər bir morfem öz mənasını saxlamaqla başqa bir morfemlə birləşmək imkanına malikdir. Bu cəhətdən, məsələn, axtar morfemi -ış morfemi ilə birləşərək yeni söz-forma yaradır (axtarış), hər iki morfem öz mənasını saxlamış olur. Lakin -ış morfemi artıq barış(maq) felində müstəqil morfem deyildir, çünki bar sözü barış(maq) sözünün mənasına uyğun heç bir mənaya malik deyil, ona görə də morfem barış sözünün özüdür, -bar asemantik morfemdir. Sözlərin o hissəsi kök morfem sayılır ki, onlar müstəqil ifadə olunmaq, başqa morfemlərlə müstəqil əlaqələnmək imkanına malik olur və öz mənasını saxlayır.

Bəzən sözdə qrammatik məna ifadə edilir, lakin morfem işlənmir. Məsələn, Sən gəl - cümləsində ikinci şəxsin, Uşaq gülür - cümləsində üçüncü şəxsin təkini bildirən şəxs şəkilçisi olmasa da, cümlələrin xəbərinin 2-ci və 3-cü şəxsin təkində olduğu bilinir. Bu cür morfemlərə sıfır morfem deyilir.

Ora, bura sözləri o, bu işarə əvəzliklərinə cansızlaşaraq sözdüzəldici şəkilçi kimi çıxış edən yönlük halın arxaik -ra şəkilçisinin artırılması ilə düzəlmişdir. Sözlərdə yönlük hal mənası da qalmışdır: Bura gəl, ora get. Bu cümlələrdəki bura, ora sözlərində yönlük hal mənası sıfır şəkilçi ilə ifadə olunmuşdur. Leksik vahidə çevrildikləri üçün ədəbi dil normalarına əsasən həmin sözlərə yönlük halın şəkilçisini də (-a) artırmaq olur: Buraya gəl. Oraya get. Bu cümlələrdə sıfır şəkilçi sıfır olmayan şəkilçi ilə əvəz edilmiş, lakin mənada heç bir dəyişiklik yaranmamışdır.

Sözün quruluşundan danışarkən yalnız onun morfem tərkibi araşdırılır. Morfemlər isə bir az əvvəl qeyd etdiyimiz kimi, iki növə ayrılır:

  1. Həm leksik, həm də qrammatik mənaya malik olan morfemlər. Bunlar söz köklərindən ibarətdir.

  2. Yalnız qrammatik mənaya malik olan morfemlər. Bunlar şəkilçilərdir.

Bunlardan birincisinə mənalı, yaxud leksik morfemlər, ikincisinə köməkçi, yaxud qrammatik morfemlər deyilir. (5, 138)

Sözün quruluşu söz köklərinin və söz kökü ilə qrammatik-morfoloji şəkilçinin əlaqə və münasibətindən asılıdır. Bu cəhətdən quruluşuna görə sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:

a) söz yalnız bir kökdən – bir kök morfemdən ibarət olur və ikinci bir morfemə ayrıla bilmir; məsələn: yaz, bil, gəl, ev, su, göz, get, apar, saxla və s.;

Müasir dildə hadisəyə sinxron planda baxılır, tarixi-etimoloci cəhətə diqqət yetirilmir. Əgər diaxron planda diqqət yetirilsə idi, onda apar (al-par>al var), sax-la, hətta gə-l, ge-t sözləri də iki morfemə ayrılar, mürəkkəb və ya düzəltmə söz sayılardı.

b) söz kök morfemdən və qrammatik-leksik şəkilçidən ibarət olur; məsələn: gül-dan, dəmir-çi, sağlam-lıq, gözəl-ləş(mək) və s. Bu strukturda qrammatik-leksik şəkilçilər üst-üstə də gələ bilir və hər biri yeni mənalı söz yaradır; məs.: traktorçu-luq, maşın-sız-lıq, sür-ücü-lük, sürün-dür-mə-çi-lik və s.

Qrammatik-leksik şəkilçi bir sıra alınma sözlərdə kök morfemdən əvvəl də işlənə bilir: na-insaf, bi-həya, a-normal və s.

c) söz iki kök morfemin birləşməsindən ibarət olur: ağacdələn, qarğadili, uzunsifət, başıpozuq və s. Belə sözlərin tərəflərində həm qrammatik-morfoloji şəkilçilər (-ən, -i, -ı), həm də qrammatik-leksik şəkilçilər (poz-uq) ola bilir.

Dilçilikdə birinci qrupa sadə sözlər, ikinci qrupa düzəltmə, üçüncü qrupa mürəkkəb sözlər deyilir.

Söz kökü əsas anlayışı ifadə edir, ona görə də sözün zəruri hissəsi sayılır. Əcnəbi sözlər nəzərə alınmazsa, sözün əvvəlində yerləşir və əsasən sabit olur, dəyişmir. Şəkilçilər isə əlavə anlayışları bildirir və söz kökündən sonra işlənir, kökə əlavə olunur. Şəkilçilərin ifadə etdiyi anlayışlar söz kökünün ifadə etdiyi məna ilə bağlı olur. Məsələn, əkinçilik, maldarlıq sözlərində ək, mal kök, -in, -çi,-lik; -dar,-lıq şəkilçilərdir.

Söz kökünün türk dillərində, o cümlədən Azərbaycan dilində bir sıra xüsusiyyətləri vardır:

  1. kök sözün müstəqil leksik mənaya malik olan hissəsidir;

  2. kök sözün əsasını təşkil edir;

  3. söz kökü şəkilçilərdən ayrı işlənə bilir;

  4. bir kök müxtəlif şəkilçilər qəbul edə bilir;

  5. bizim dilimizdə (o cümlədən bütün türk dillərində) söz kökü əsasən sabit olur və dəyişmir.

Dağların gözünün yaşına baxma,
Şairlər çəkəni dağlar çəkməyib (H.A.) – 
misralarında dağ, göz, yaş, bax, şair, çək hissələri sözlərin köku, qalan hissələr (-lar, -ın, -ü, -(n)ün, -ı,-(n)a, -ma, -lər, -ən, -i, -lar, -mə, -(y)ib) şəkilçilərdir. Söz kökləri müstəqil leksik və qrammatik mənaya malikdir; şəkilçilər isə yalnız ümumiləşmiş qrammatik mənalar ifadə edir. Biz həmin söz köklərini şəkilçisiz də işlədə billərik:
Dağ çox ucadır.
Göz gördüyünü unutmaz.
Yaş 50-yə çatdı.
Bu dünya cəsur adamları sevir və s.
Qeyd edilən sözlərə qrammatik-leksik şəkilçilər artırmaqla müxtəlif sözlər düzəltmək olar: dağlı, dağsız, gözlük, gözcük, gözsüz, baxış, çəkmə, çəki və s.

Söz kökləri türk dillərində sabit olsa da, tam dəyişməz də deyildir. Yüksək, kiçik, uzanmaq tipli bir sıra sözlərdə daşlaşmış şəkilçilərin hərəkəti söz kökünün dəyişkənliyi təəssüratını yaradır. Müasir dilimizdə yüksə, kiçi, uza sözləri yoxdur, lakin bu köklərdən iki cür söz düzəlir: yüksək – yüksəl, kiçik – kiçil, islan – islat və s.

Sözün müstəqil mənaya malik olan, ayrılıqda işlənə bilən və dəyişməyən hissəsinə kök deyilir.

Beləliklə, söz lüğət tərkibinin vahidi olduğu kimi, morfologiyanın da əsas vahididir. Lakin morfoloji vahid olan sözlə lüğəvi vahid olan söz mahiyyətcə tam bir-birinin eyni deyildir. Morfologiyanın sözlə – leksik mənalı morfemlə yanaşı, şəkilçilərdən və köməkçi sözlərdən ibarət lüğəti də vardır. Morfologiyada söz həmin şəkilçilərin və köməkçi sözlərin iştirakı ilə fəaliyyət göstərir. Bu fəaliyyət və əlaqə nəticəsində sözləri ünsiyyətin əsas vasitəsinə çevirir.

Şəkilçilər aşağıdakı xüsusiyyətlərə malikdir:

  1. müstəqil leksik məna ifadə edə bilmir;

  2. sözdən ayrı işlənmir;

  3. yalnız qrammatik mənaya malik olur;

  4. söz kökünün tələbi ilə variantlaşır.

Sözlərin ayrılıqda işlənməyən, müstəqil lüğəvi mənaya malik olmayan, söz kökünə artırılarkən yeni mənalı söz düzəldən və ya sözlər arasında əlaqə yaradan hissəsinə şəkilçi deyilir.

Şəkilçi-morfemlər özləri də morfoloji funksiyasına görə fərqlənir və sözdüzəldici, sözdəyişdirici və formadüzəldici olmaqla üç qrupa ayrılır:

a) yeni söz düzəldən şəkilçilər; bunlar sözə artırıldıqda yeni mənalı söz yaradır; məsələn: tarix – tarixçi, göz –gözlük, turş – turşu, qoca – qocalmaq və s.

b) sözlər arasında əlaqə yaradan şəkilçilər; ismin hal, mənsubiyyət, felin şəxs şəkilçiləri cümlədə sözlər arasında əlaqə yaradan şəkilçilərdir; məsələn: Mən şəhərdən gəlirəm – cümləsində son sözdəki -əm şəkilçisi o sözü mən sözü ilə (mən gəlirəm), şəhərdən sözündəki -dən şəkilçisi həmin sözü gəlirəm sözü ilə (şəhərdən gəlirəm) əlaqələndirmiş, nəticədə cümlə yaranmışdır.

Bu iki qrup şəkilçidən birincisinə sözdüzəldici, ikincisinə sözdəyişdirici şəkilçilər, eyni zamanda birincisinə leksik, ikincisinə qrammatik şəkilçilər deyilir.

Qeyd: Hər iki qrup termin qüsurludur. Sözdüzəldici termini mümkündür, lakin qarşılığını sözdəyişdirici adlandırdıqda sistem pozulur, çünki sözdüzəldicinin özü də sözə artırılarkən onun şəklini dəyişir. Eyni zamanda leksik şəkilçi demək olar, lakin qarşılığına qrammatik şəkilçi dedikdə prinsip pozulur, çünki sözdüzəldici şəkilçilər özləri də qrammatik şəkilçilərdir və ümumiləşmiş qrammatik mənaya malikdir. Odur ki bunlardan birincisinə qrammatik-leksik, ikincisinə qrammatik-morfoloji şəkilçi demək daha düzgün olar.

c) şəkilçilərin bir qismi kateqorial şəkilçidir, nə yeni söz düzəldir, nə də sözlər arasında əlaqə yaradır. Bu və ya digər morfoloji kateqoriyanın yaranmasına xidmət edir. İsimdə kəmiyyət şəkilçisi, feldə inkarlıq, şəkil əlamətləri belə şəkilçilərdəndir. Mən şəhərdən gəlirəm – cümləsində indiki zaman şəkilçisinin (-ir) bu cümlənin formalaşmasında, daha doğrusu, sözlər arasında əlaqədə heç bir rolu yoxdur, onu keçmiş və ya gələcək zaman şəkilçiləri ilə də əvəz etmək olar. Bu cür şəkilçilərə formadüzəldici şəkilçilər deyilir.

Sözdəyişdirici şəkilçilər sözlərin kökünə və ya əsasına birləşərək söz-formaları əmələ gətirir. Söz-formalar sözlərin paradiqma cərgəsinə daxil olur və cümlə üzvü kimi çıxış edir. Sözdəyişdiricilik prosesində kökün, əsasın forması və semantikası sabit qalır. İsimlərdə mənsubiyyət və hal, fellərdə şəxs əlamətləri, feli sifət, feli bağlama, feli isim və məsdər şəkilçiləri sözdəyişdiricilik vasitələri sayılır. Sözdəyişdirici şəkilçilər sözün dəyişən hissəsi olub, cümlədə sözlər arasında əlaqə yaradır.

Sözdəyişdirici şəkilçilər sözdə eyni sistemdən olan bir şəkilçinin əvəzində işlənir. Məsələn, evin, evə sözərindən ikincisində şəkilçisi birinci sözdəki -in şəkilçisinin, gəlirəm, gəlirsən sözlərindən ikincisində -sən şəkilçisi birinci sözdəki -əm şəkilçisinin yerində işlənmişdir. Sözdüzəldicilikdə bu hal yoxdur, çünki hər dəfə yeni söz yaranır.

Sözdüzəldici şəkilçilər sözlərin kökünə və ya əsasına artırılaraq həm formaca, həm də mənaca fərqlənən yeni sözlər yaradır və həmin sözlər başqa sözlərlə yanaşı dilin lüğət tərkibinə daxil olur. Sözdüzəldicilikdə məna dəyişikliyi semantik dəyişiklikdir, bir sözdən yeni söz yaranır.

Türk dillərində, o cümlədən Azərbaycan dilində şəkilçilərin fonetik tərkibi sabit deyildir və onlar söz kökü və ya əsasının tələbi ilə dəyişir, variantlaşır. Və eyni zamanda yalnız sözə birləşdikdə müəyyən məna qazanmış olur. Aqlütinasiya əsasında sözlərdə şəkilçilərin düzülüş ardıcıllığı yaranır, daha ümumi məna ifadə edənlər dar məna ifadə edənlərdən, sözdüzəldicilər sözdəyişdiricilərdən əvvəl sözə artırılır.

Şəkilçilərin sözdə möhkəm sırası vardır. Əvvəl sözdüzəldici, sonra sözdəyişdirici şəkilçilər işlənər. Söz kök və ya əsaslarında şəkilçilərin hər birinin öz pozisiyası olur. Məsələn, qapılarınızdadır - sözündə əvvəl kəmiyyət (-lar), onun ardınca mənsubiyyət (-ınız), sonra hal (-da) və nəhayət, xəbərlik (-dır) şəkilçisi işlənmişdir: qapı-lar-ınız-da-dır. İsimlərdə bu cür sıra möhkəmdir və heç vaxt pozulmur. Bu və ya digər şəkilçi işlənmədikdə pozisiyası saxlanmış olur. Məsələn, şəxsli fellərdə zaman və şəkil əlamətlərindən əvvəl fel kökü və ya əsasına təsirlik, növ, inkarlıq şəkilçiləri artırıla bilər. Həmin cərgədə 1-ci təsirlik, 2-ci növ, 3-cü inkarlıq şəkilçisi işlənməlidir. Bu və ya digər şəkilçi işlənməyə də bilər, bu halda pozisiyası saxlanmış olur.

Təsirlik, növ, inkarlıq şəkilçiləri:

köç-mək
köç-ür-mək
köç-ür-t-mək
köç-ür-t-dür-mək
köç-ür-t-dür-mə-mək

qaç-maq
qaç-ır-maq
qaç-ır-t-maq
qaç-ır-t-dır-maq
qaç-ır-t-dır-ma-maq

Üstəgəl zaman və şəxs şəkilçiləri:

köç-ür-t-dür-m-ür-əm
köç-ür-t-dür-ür-əm
köç-ür-ür-əm
köç-ür-əm

qaç-ır-t-dır-m-ır-am
qaç-ır-t-m-ır-am
qaç-ır-ır-am
qaç-ır-am

Göründüyü kimi, təsirlik, növ, inkarlıq şəkilçiləri işlənmədikdə sıra ilə pozisiyaları qalmış olur.

Azərbaycan dilinə məxsus şəkilçilər əksəriyyət etibarilə təkmənalıdır. Lakin müxtəlif mənalar ifadə edən şəkilçilər də var. Məsələn, mənsubiyyət şəkilçiləri şəxs, mənsubiyyət və eyni zamanda kəmiyyət bildirir.
-lar şəkilçisi yerinə görə həm kəmiyyət, həm də şəxs bildirir;
-lıq şəkilçisi sözdüzəldicidir, lakin artırıldığı sözün mənası ilə əlaqədar çoxluq bildirir.

Dilin morfoloji strukturunu öyrənərkən köməkçi sözlərin analizi də vacib sayılır.

Sözün qrammatik-morfoloji və formadüzəldici şəkilçilər çıxıldıqdan sonra qalan hissəsinə əsas deyilir.

Sözün leksik məna ifadə edən hissəsi əsas adlanır. Sözdüzəldici, formadüzəldici və sözdəyişdirici şəkilçilər həmişə sözün kökünə artırıla bilmir. Sözdəyişdirici şəkilçilər sözdüzəldici şəkilçidən sonra işlənir. Odur ki bu və ya digər şəkilçi haqqında danışarkən həmin şəkilçinin sözün kökünə deyil, əsasına artırıldığını söyləmək düzgündür. Məsələn, «Felin vacib şəkli = fel kökü+-malı,-məli + şəxs şəkilçisi» şəklində hökm vermək məntiqi cəhətdən doğru deyildir. Bu strukturda əsas sözünü də nəzərə almaq lazımdır: «Felin vacib şəkli = fel kökü və ya əsası +-malı, -məli + şəxs şəkilçisi».

Əsas dilin sinxron vəziyyətində iki cür olur: sadə əsaslar, düzəltmə əsaslar. Sadə əsas dedikdə mənalı morfemlərə ayrıla bilməyən söz kökləri nəzərdə tutulur: dağ, yer, ot, yaşıl, beş, xeyli, mən, o və s. Düzəltmə əsaslar sözdüzəldici şəkilçilərin və ya başqa bir əsasın söz kökünə birləşməsi ilə yaranır: daşlıq, dadlı, çoxlu, başlamaq, gözləmək; aravuran, ucaboy, suçiçəyi, Qoşabulaq və s.

Hər bir mənalı sözdə bir, iki və daha çox əsas ola bilir.

Məsələn: Boğazı düymələnməmiş ağ zolaqlı, göy ipək köynəyinin üstündən açıq rəngli yüngül qalstuk bağlamışdı (İ.Ə.) – cümləsini nəzərdən keçirək.

boğaz-ı – mənsubiyyət şəkilçili sözdür; bir əsası var: boğaz;

düy-mə-lə-n-mə-miş – inkarlıq (-mə) və feli sifət (-miş) şəkilçiləri çıxılmaqla dörd əsasdan ibarətdir: düy – sözün kökü və əsasıdır, düymə bu əsasdan yaranmış ikinci əsasdır – feldən isim düzəldib; -lə «düymə» əsasından yeni əsas düzəldib – isimdən fel; -n düymələmək əsasından yeni əsas düzəldib – feldən fel;

– əsasdan ibarətdir;

zolaq-lı – zolaq və zolaqlı əsaslarından ibarətdir;

göy - əsasdan ibarətdir;

ipək - əsasdan ibarətdir;

köynəy-i-(n)in – mənsubiyyət və hal şəkilçili sözdür, bir əsasdan (köynək) ibarətdir;

üst-ü-(n)dən – mənsubiyyət və hal şəkilçili sözdür, bir əsasdan (üst) ibarətdir;

aç-ıq – sözdüzəldici şəkilçilidir – feldən sifət düzəlib, iki əsası var: açmaq feli və açıq sifəti;

rəngli – sözdüzəldici şəkilçilidir – isimdən sifət düzəlib, iki əsası var: rəng ismi və rəngli sifəti;

yüngül - əsasdan ibarətdir;

qalstuk - əsasdan ibarətdir;

bağ-la-mış-dı - -mış zaman şəkilçisi, -dı – idi köməkçi sözünün şəkilçiləşmiş formasıdır; isimdən fel düzəlib; iki əsası var: bağ – isim, bağla – fel.

Beləliklə, bu cümlədə işlənmiş sözlərdən səkkizi (boğazı, ağ, göy, ipək, köynəyinin, üstündən, yüngül, qalstuk) bir, dördü iki (bağlı, zolaqlı, açıq, rəngli), biri (düymələnməmiş) dörd əsasdan ibarətdir.

Azərbaycan dilində şəkilçilər qayda üzrə sözün sonuna artırılır. Lakin dilimizdə alınma şəkilçilər bu qaydanı pozur. Ümumən dünya dillərində işlənmə yerinə görə şəkilçilər üç qrupa bölünür:

  1. Ön şəkilçilər;

  2. İç şəkilçilər;

  3. Son şəkilçilər

Ön şəkilçilər (prefikslər) bizim dilimizdə alınmalardan ibarətdir: a-normal, bi-tərəf, na-insaf, ba-məzə, anti-faşist və s.

İç şəkilçilər (infiks) flektiv dillərə aiddir və daxili fleksiya ilə söz köklərinin dəyişməsinə səbəb olur: Məhəmməd – Əhməd – Mahmud – Həmid və s.

Son şəkilçidir. Mənşə etibarilə Azərbaycan dilinin özünə məxsus olan bütün şəkilçilər son şəkilçilər – suffikslərdir.

Dediyimiz kimi, suffikslər sözdüzəldici, sözdəyişdirici və formadüzəldici olmaqla fərqlənir. Formadüzəldici şəkilçilər sözlər arasında əlaqə yarada bilməmək baxımından sözdüzəldici şəkilçilərə yaxındır. Sözdüzəldici və sözdəyişdirici şəkilçilərin bir sıra fərqləri var:

  1. Söz kökünə (və ya əsasına) əvvəl sözdüzəldici şəkilçilər, sonra sözdəyişdiricilər artırılır.

  2. Sözdəyişdirici şəkilçilər bir kateqoriyadan, bir nitq hissəsindən olan bütün sözlərə artırıla bilir. Məsələn, hal şəkilçilərini bütün isimlərə, şəxs şəkilçilərini bütün fellərə artırmaq olur. Lakin sözdüzəldici şəkilçilər bir kateqoriyadan olan bütün sözlərə artırıla bilmir. Məsələn, isimdən isim düzəldən -çı şəkilçisi çox məhsuldar olsa da, həmin şəkilçini hər ismə artırmaq olmaz – su-çu deyilir, havaçı deyilmir, qapıçı deyilir, pəncərəçi deyilmir, gülçü deyilir, tikançı deyilmir və s. Yaxud isimlərdən fel düzəldən -la,-lə şəkilçisi çox məhsuldardır. İşləmək, qarşılamaq, düzləmək, daşlamaq tipli saysız sözdən fel düzəldir. Bu şəkilçi, demək olar ki, bədən üzvlərinin adını bildirən əksər sözlərdən fel düzəldir: başlamaq, saçlamaq, boyunlamaq, kəllələmək, burunlamaq, üzləmək və s. Amma bu şəkilçini yanaq, alın, qaş sözlərinə artırmaq olmur. 

  3. Sözdəyişdirici şəkilçilər cümləni təşkil edən sözlər arasında əlaqə yaradır, sözdüzəldici şəkilçilər sözün kökünə və ya əsasına artırılaraq yeni məna verən söz düzəldir. 

  4. Sözdüzəldici şəkilçilər içərisində alınma şəkilçilər vardır. Bunların əksəriyyəti prefikslərdən ibarətdir. Suffikslər içərisində də alınmalar mövcuddur – inqilabi, insani, tərbiyəvi, ənənəvi sözlərində -i, -vi şəkilçisi kimi. Lakin sözdəyişdirici şəkilçilərin hamısı xalis Azərbaycan dilinə məxsusdur və içərisində alınma şəkilçi yoxdur. 

  5. Sözdüzəldici şəkilçilər cansızlaşmış olur, odur ki fəallaşaraq sözdəyişdirici şəkilçiyə çevrilə bilmir. Lakin bəzi sözdəyişdirici şəkilçilər tədricən cansızlaşaraq sözdüzəldici şəkilçiyə çevrilə bilir. Məsələn, ora, bura sözləri tarixən yönlük halın -ra şəkilçisinin o, bu sözlərinə artırılması ilə yaranmışdır. 

  6. Sözdəyişdirici şəkilçilər etimoloci cəhətdən müstəqil sözlərin köməkçi sözə çevrilməsi və tədricən şəkilçiləşməsi yolu ilə yaranır. Sözdüzəldici şəkilçilər isə müstəqil sözlərin fonetik dəyişikliyə uğraması nəticəsində formalaşır. Məsələn, çı sözü tarixən «adam» demək olub, tədricən variantlaşmış və şəkilçiyə çevrilmişdir. Rus dilindəki çelovek sözündə öz əslini saxlamışdır.