MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

ŞƏRT ŞƏKLİ
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA
ŞƏRT ŞƏKLİ

Felin şərt şəkli işin icrasının müəyyən şərtlə bağlı olduğunu bildirir.

Fel kökü və ya əsasına -sa,-sə şəkilçisinin və şəxs şəkilçilərinin artırılması ilə düzəlir. Məs.:
Əssə külək, qopsa da tufan yenə,
Əyməyə əsla gücü çatmaz mənə.(S.)

Kərim dayı sözə başlasa da, fikrini tamamlaya bilmədi

- cümlələrindən birincisində -sa,-sə şəkilçisi felin kökünə (əs-sə, qop-sa), ikincisində əsasına (başla-sa) artırılmışdır.

Şərt şəklini belə ümumiləşdirmək olar:

Şərt şəkli = fel kökü və ya əsası + -sa,-sə + şəxs şəkilçisi.

Şərt şəklində işlənən şəxs şəkilçiləri bunlardır:

I ş. tək: -m
II ş. tək: -n
III ş. tək -

cəm: -q,-k
cəm: nız,-niz
cəm: -lar,-lər

Məs:

mən gəl-sə-m
sən gəl-sə-n
o gəl-sə
biz gəl-sə-k
siz gəl-sə-niz
onlar gəl-sə-lər

mən al-sa-m
sən al-sa-n
o al-sa
biz al-sa-q
siz al-sa-nız
onlar al-sa-lar



Felin şərt şəklində fel kökü və ya əsası ilə şərt şəkilçisi arasında üç pozisiyada təsirlik, növ, inkarlıq şəkilçiləri işlədilir. 
Məs.:

mən yan-dır-sa-m
sən yan-dır-sa-n
o yan-dır-sa
biz yan-dır-sa-q
siz yan-dır-sa-nız
onlar yan-dır-sa-lar

mən vur-uş-sa-m
sən vur-uş-sa-n
o vur-uş-sa
biz vur-uş-sa-q
siz vur-uş-sa-nız
onlar vur-uş-sa-lar

Şərt şəklinin inkarı -ma,-mə şəkilçisi ilə düzəlir:

mən get-mə-sə-m
sən get-mə-sə-n
o get-mə-sə

biz get-mə-sə-k
siz get-mə-sə-niz
onlar get-mə-sə-lər

Əmr, xəbər, vacib, arzu və lazım şəkillərində olan sözlər hər bir sadə və mürəkkəb cümlənin müstəqil xəbəri ola bilir.

Şərt şəklində olan fellərin mühüm bir xüsusiyyəti ondan ibarətdir ki, bu şəkildə olan fellər müstəqil işlənə bilmir. Şərt şəklində olan feldən sonra başqa bir fel, başqa bir iş bildirən söz gəlməlidir ki, şərt şəklində olan fel onunla əlaqələnsin və onun ifadə etdiyi işin şərtini bildirsin. Ona görə də şərt şəklində olan fel adətən budaq cümlənin xəbəri kimi işlənir. Məs.:
Baba Keşiş qorxurdu, qorxurdu ki, qışqırtısına ara versə, ağzından başqa sözlər çıxar.(Elçin)

İndi tərpənsək, yolda malheyvanımız qırılar.(F.K.)

İnci üzə çıxarmı, çalxalanmasa ümman. (B.V.)

Məmiş dayına əl qaldırsan, lap atasının goruna da söysən, sənnən düşmən olmayacaq. (İ.H.)

Bir qıy vursam, bu gen dünya düşmənlərə dar kəsilər. (S.V.)

Hər şeyi qəlbimə salmasam, ana, Şerim könüllərə yol tapa bilməz.(B.V.)

Düşmənin gülləsi dəysə sinəmdən, Mehriban əlinlə yaramı bağla.(S.V.)

Yorulsa da, qabarsa da əl, Bir daş üstə bir daş qoya gərək hər insan. (S.V.)

Çaylar axıb getsə, sellər keçsə də, Varlıq dəyişsə də öz surətini, Unuda bilməyir məhəbbətini.(M.R.)

O böyük günləri görməsəm də mən, Deməyin yazıqmış bizim babalar.(S.V.)

Vələd dəlisovluğun daşını çoxdan atıb, sataşsalar da, döysələr də, qanrılıb cavab verməyəcək. (İ.M.)

Şərt şəklində olan fellər ismi xəbərlə də əlaqələnir,ismi xəbərli cümlələrə də aid olur; məs.:
Solğun görünsə də gözlərimizə, Hər batan günəşin öz aləmi var.(S.V.)

Bəbirin başına ləçək
bağlamasam, atamın qızı deyiləm.(M.C.)

Bu saat onu yaralı quş kimi tapmasam, parçalamasam, atamın oğlu deyiləm. (M.C.)

Rüstəm dayı əl qatmasa, Şirzadın işi düzələn deyil. (M.İ.)

Bunlar şərt şəklinin sadəsidir. Şərt şəklinin sadəsi işin müəyyən şərtlə icrasını gələcək zamanla bağlayır.

Şərt şəklinin mürəkkəbi sadə şərt şəklinin üzərinə idi, imiş köməkçi sözlərini və ya onların şəkilçiləşmiş formasını artırmaqla düzəlir. İdi – şərt şəklinin hekayəsini, imiş – rəvayətini düzəldir.

İdi, imiş zaman ədatları şərt şəklində adətən ayrı yazılır. Ayrı yazıldıqda da, bitişik yazıldıqda da şəxs şəkilçisi idiimiş ədatlarından sonra işlənir:

alsa idim
alsa idin
alsa idi
alsa idik
alsa idiniz
alsa idilər

alsa imişəm
alsa imşsən
alsa imiş
alsa imişik
alsa imişsiniz
alsa imişlər

Bitişik yazılarkən hər üç şəxsin hekayə və rəvayətində idiimiş ədatlarının ixtisar şəklindən əvvəl «y» bitişdiricisi işlənir.

Mən başlasaydım
Sən başlasaydın
O başlasaydı
Biz başlasaydıq
Siz başlasaydınız
Siz başlasaymışsınız

Mən başlasaymışam
Sən başlasaymışsan
O başlasaymış
Biz başlasaymışıq
Onlar başlasaydılar
Onlar başlasaymışlar

Hekayədə şəxs şəkilçisi şühudi keçmişdə, rəvayətdə nəqli keçmişdə olduğu kimidir.

Şərt şəklinin hekayə və rəvayətində hekayə və rəvayət məzmunu qalmaqla yanaşı, adətən, işin icra olunmaması və işin icra olunmamasından doğan təəssüf hiss olunur. Məs.:
Yəqin Tanrıqulu evdə yox idi, evdə olsaydı, Bəbir belə qışqırmazdı.(İ.M.)

İş icra olunmuş da ola bilir. Bu, mürəkkəb şərt şəklinin inkarında özünü daha çox göstərir. İşin nəticəsi mətnə əsasən müəyyənləşə bilir. Məsələn: Mən həmin gün işə başlasaydım (başlasaymışam), yaxşı olardı (yaxşı olarmış) və ya pis olardı (pis olarmış). Hər halda, işin icrasına əksərən başlanmadığı, işin icra olunmadığı bilinir, işin icrasının bəzən arzu olunduğu ifadə olunur. Müəllim gəlsəydi, dərsimiz boş keçməzdi – cümləsini iki cür izah etmək olar: müəllim gəlmədi, dərsimiz boş keçdi; kaş müəllim gələydi, dərsimiz boş keçməyəydi.

Şərt şəklinin mürəkkəbi hadisələrin şərtlə bağlı olduğunu keçmiş zamana köçürmüş olur.