Qoşmalar ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə və birləşmələrə qoşulur. Təsirlik halda olan sözlər daim təsirli fel ilə əlaqələndiyi üçün qoşmalarla əlaqə saxlaya bilmir. Qoşmaların mənasında bir mütəhərriklik var – işin çıxış, başlanğıc nöqtələrini göstərə bilir, istiqaməti aydınlaşdırır, müqayisə bildirir. Yerlik hal isə statik haldır, ona görə qoşmalar yerlik halda olan sözlərə, birləşmələrə qoşulmur.
Qoşmaların lüğəvi mənası olmasa da, onlar qoşulduqları sözlərlə birlikdə, qoşulduqları sözlərin mənasından asılı olaraq, müqayisə, fərqləndirmə, bənzətmə, zaman, məkan, səbəb, məqsəd, intiha, istiqamət, yön, vəziyyət, aidiyyət, nisbət, uyğunluq, əsas, mənbə, istisna etmə və s. kimi mənalar ifadə edir. Bu mənalar onların qoşulduğu hallar və həmin hallarda olan sözlərlə, birləşmələrlə birlikdə təzahür edir.
Qoşmalar aşağıdakı hallarda olan sözlərə qoşularaq qeyd etdiyimiz mənaları ifadə edir.
1.Yalnız ismin adlıq halı ilə işlənən, adlıq halda olan sözlərə qoşulan qoşmalar. Bu qrupa içrə, üzrə, haqda, barədə, halda, -ca,-cə qoşmaları daxildir.
İçrə qoşması müasir ədəbi dilimizdə nisbətən az işlənir, məkan bildirir. Üzrə qoşması aidlik, müvafiqlik, uyğunluq çalarlarına malikdir: kənd içrə, meşə içrə; rayon üzrə, məcəllələr üzrə, bu ərazi üzrə və s.
Getdi meşə içrə odun qırmağa,
Şax-budağı başladı sındırmağa.(A.S.)
Haqda, barədə qoşmaları həm isimlərlə, həm də əvəzliklərlə adlıq halda əlaqəyə girir: məktəb barədə, məktub haqda, ev barədə, uşaq haqda, o haqda, bu haqda Məs.:
Mən onun arvadı-uşağı olduğunu bildiyim barədə heç nə hiss etdirmədim.(İ.Ə.)
Qəmərbanu Mirzə Salmandan xahiş etdi ki, keşişin qızı barədə bir məlumat gətirsin.(Elçin)
Atamın babam barədə dediyi xoş sözlər qəlbimi iftixar hissi ilə doldururdu. (A.R.)
Real vəziyyət haqda hələ bir xəbər yox idi.
Halda qoşması keçmiş zaman feli sifəti (və feli sifət tərkibi) ilə işlənərək şəxsli fellə münasibətdə qarşılaşdırma mənası yaradır, xüsusiləşmiş qarşılaşdırma zərfliyinin ifadəsinə səbəb olur. Məs.:
Salman birinci adam idi ki, atası etibar göstərdiyi halda, Pərşan soyuq yanaşırdı. (M.İ.)
Bəzən tərz bildirir:
O danışmayıb tutulduğu halda o yan-bu yana baxdı.(M.İ.)
-ca,-cə qoşması sözlərə adlıq hal formasında qoşulur, münasibət, miqdar, qədər, hüdudlanma və s. mənalar ifdə edir. Bəzi məqamlarda qədər, ilə qoşmaları ilə sinonimləşir. Məs.:
Tanrıqulunun oğlu, bir əlcə uşaq çox qeyrətlidir.(İ.M.)
Mahmud Sofinin ardınca çapıb gəlmişdi.(Elçin)
At ağaclıqdan çıxıb irəlidə tozanaq qaldırmış o biri atın ardınca getdi. (Elçin)
Ceyranla Mahmud elə yoldaca üçüncü dəfə görüşdülər.(Elçin)
Sofi Gəncədən çıxıb iş dalınca getmişdi.(Elçin)
Bu axmağın dalınca getmək ona nə verəcək? (Elçin)
Ceyran həmin andaca sövqi-təbii hiss etdi ki, Mahmudgil onu görür.(Elçin)
Camaat elə qayalıqdaca ocaq çatıb kabab eləyib yemişdi.(Elçin)
Milliyyətcə erməni olub müsəlmanlığı qəbul etmiş Kərbəlayı Usta Ərsin Xətainin təzəcə yazılmış qəzəlini oxumağa başladı.(Elçin)
Mikola «xanım» sözünü azərbaycanca deyirdi.(İ.Ə.)
Mən Şaha azərbaycanca və rusca iki imla yazdırdım.(İ.Ə.)
Bu şəkilçi zərf düzəldən şəkilçi kimi də işlənir. Zərf düzəldən -ca,-cə vurğulu şəkilçidir. Qoşma kimi işləndikdə bu şəkilçi vurğu qəbul etmir. Əlcə, ardınca, yoldaca, dalınca, andaca, qayalıqdaca, milliyyətcə, azərbaycanca, rusca sözlərində vurğu axırıncıdan əvvəlinci hecaya düşür.
2. Həm adlıq, həm də yiyəlik halda olan sözlərə qoşulanlar: üçün, ilə (-la,-lə), tək/təki, haqqında, barəsində.
Üçün qoşması səbəb, məqsəd, aidlik, ilə(-la,-lə) qoşması vasitə, alət, birgəlik, məkan, zaman, qarşılaşdırma, tək qoşması müqayisə, bənzətmə mənalarına malikdir.
Bu qoşmalar əvəzlikləri yiyəlik halda, başqa nitq hissələrini adlıq halda tələb edir; məs.:
Mədəniyyət üçün birinci növbədə şərait lazımdır.(İ.Ə.)
Əbu Səidi əzmək üçün bundan ağıllı yolumuz yoxdur.(F.K.)
Kimin üçün nurdu, kimin üçün cəhənnəm odu.(F.K.)
Hökmdarlar zindanlar tikmək, insan zəkasını buxovlamaq üçün gəlir. (F.K.)
Dağların arasında adamlar sənin üçün ət, yağ, pendir hazırlayırlar.(İ.Ə.)
Elə bil, bir-birini üstələməkçün bütün alətlər bəhsə girmişdi.(İ.M.)
Şahlar pıçıltı ilə məndən soruşdu. (İ.Ə.)
O, yaş gözləri ilə Ziyad xana baxdı. (Elçin)
O bu sözü eşidən kimi qəhərləndi, yana çevrilib yaylığının ucu ilə gözünü sildi. (M.İ.)
Yumşaq xalının üstü ilə gedib işığı söndürdüm.(İ.Ə.)
Görəsən, Gülnisə xala indi oğlu ilə nə danışır? (İ.Ə.)
Tək, təki qoşmaları bənzətmə, müqayisə, zaman bildirir:
Kinayəli baxışlarla diş qıcayır bir iblis tək.(S.V.)
Şam təki sönmüşdür ümidlə çıraq. (S.V.)
Dağlar mənim üzümə o vaxtkı tək gülümsəməyiblər.(Ə.Ə.)
Ayaq səsləri eşidən təki gözlərini açdı.(İ.M.)
Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq.(S.)
Gövhər ustadı tək mən də yaratdım, Böylə bir xəznəni ortaya aidım.(N.)
Haqda, barədə, haqqında, barəsində qoşmaları:
Əvvəllər babam barəsində düşünməzdim. (A.R.)
Onun barəsində (haqqında) hələ bir məlumat ala bilməmişdik.
Bəzən barədə qoşması -ki şəkilçisi qəbul etmiş olur; məs.:
Yavərin əhvalının duruluğu Orxanın Fidan barədəki şübhəsini bir az da artırdı.(İ.M.)
3.Yönlük hal ilə işlənən qoşmalar. Bu qrupa:
görə;
qarşı;
tərəf, doğru, sarı;
məxsus, aid, dair;
nisbətən,
-dək qoşması daxildir.
Görə qoşması aid olduğu sözlə birlikdə müqayisə, səbəb, mənbə mənaları ifadə edir. Məs.:
Doğrusu, təkliyinə görə babama yazığım gəldi.(A.R.)
O yaşına görə çox cavan idi, dediyinə görə, günləri pis keçməmişdi.
Qarşı qoşması qarşılaşdırma, ziddiyyət çalarına malikdir:
Qaraş da nə isə Salmana qarşı gizli bir nifrət bəsləyirdi.(M.İ.)
Tərəf, doğru, sarı qoşmaları istiqamət, yön, məkan münasibəti bildirir:
Əbih Sultan onu qapıya tərəf apardı.(F.K.)
Mən tək-tənha idarənin artırmasında durub meşəyə tərəf baxırdım. (İ.Ə.)
Mahmud saraydan çıxıb bağça ilə saray darvazasına tərəf götürüldü. (Elçin)
Qızyetər yeni çıxmış günəşə tərəf boylandı.(M.İ.)
Qapıda dayanmayıb da, zala doğru dırmaşırsan.(S.)
Dönüb evlərinə sarı addımladı. (İ.Ş.)
İtlər qarasuyun o tayındakı qamışlığa doğru cumdular.(İ.Ş.)
Məxsus, aid, dair qoşmaları qoşulduğu sözlə birlikdə aidlik, məxsusluq mənaları bildirir:
Amerika fermerlərinin heyvanları qarğıdalı ilə nə cür bəslədiklərinə dair maraqlı misallar söyləyirdim.(İ.Ə.)
Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.(S.)
Bu şeylər sizə məxsusdur, onlara heç kim toxuna bilməz.
Nisbətən qoşması nisbət, dərəcə bildirir:
Mənə nisbətən siz çox cavansınız.
-dək qoşması zaman və məkan hüdudu bildirən, zamanın və məsafənin son həddini göstərən qoşmadır. Məs.:
Mən qırx yeddi yaşa çatanadək onunla birlikdə yaşamışam.
4. Adlıq, yiyəlik, yönlük halda olan sözlərə və birləşmələrə qoşulanlar. Bu qrupa kimi, qədər, -can, -cən qoşmaları daxildir. Bu qoşmalar isimlərə adlıq və yönlük hallarında, əvəzliklərə hər üç halda qoşulur. Adlıq və yiyəlik hallarına qoşulduqda müqayisə, bənzətmə mənasına, yönlük halda olan sözlərə qoşulduqda sözün mənasından asılı olaraq zaman və məkan hüdudu bildirir:
daş kimi
evə kimi
sən kimi
sənin kimi
sənə kimi
dağ qədər
evə qədər
sən qədər
sənin qədər
sənə qədər
evcən
evəcən
məncən
sənincən
sənəcən
Misallar:
Sara xatun danışığın gedişini olduğu kimi danışdıqca oğlu əsəbiləşirdi.(F.K.)
Ayğır nəfəs almağa başlayan kimi, ayağa qalxdı. (F.K.)
Xanəli böyük kişilər kimi, təşəxxüslə mənə baxırdı. (İ.Ə.)
Şüşə kimi parıldayan buz layını sındıraraq əl-üzümü yudum.(İ.Ə.)
Ay arvadlar, bir şey olan kimi, qarğa bazarı salmayın. (İ.Ə.)
Həmişəki kimi yaxşı geyinmiş Bağdagül bacı qalxıb qabağa gəldi.(İ.Ə.)
Hər nə oldu, yuyulmamış çömçə kimi özünü ortalığa atırsan.(İ.Ə.)
Mən nəyi isə gözləyirmiş kimi, paltomu çıxarmadan bir-iki dəqiqə sobanın yanında durdum. (İ.Ə.)
Sarı saçlarının qıvrımları kəhrəba kimi parıldayırdı. (İ.Ə.)
Keşişin o sısqa qızı Zəhra kimi ürəyiyumşaqdır. (Elçin)
Mahmudun sifəti də əynindəki gecə köynəyi kimi ağappaq idi. (Elçin)
Sofi torpaq adamı idi və hər şeyi olduğu kimi görürdü. (Elçin)
Gül kimi oğlandır, xoşxasiyyət, təmizürək. (M.İ.)
Rəqiblik eləməyə mənim həvəsim yoxdur, özü də sənin kimi gözəlnən Şirzad kimi igidin arasında. (M.İ.)
Onda mən də sənin kimi düşünürdüm, ay ana.(İ.M.)
Yer üzündə sənin kimi mələklər olmasaydı, mənim kimi fəlakətzadələr bu dünyadan nə qədər binəsib gedərdilər! (M.İ.)
Ərdəbilli seyid iki gün gecə-gündüz dilinə bir qurtum su vurmadı, «Quran»ı birinci kəlməsindən axırıncı kəlməsinə kimi ahəstə səslə, aramla əzbər oxudu.(Elçin)
Göründüyü kimi, bu qoşma adlıq halda olan isimlərə (şüşə kimi, çömçə kimi və s.), feli sifətlərə (olduğu kimi, nəfəs almağa başlayan kimi və s.) daha çox qoşulmuşdur və həm də feli bağlamalara yaxın olan nəfəs almağa başlayan kimi tipli birləşmələrdə əsas tərəflə - adlıq halda olan feli sifətlə birgə zaman mənası da ifadə edir. İndiki zaman feli sifətləri qoşma ilə həm adlıq halda, həm də yönlük halda əlaqələnir. Bunların məna fərqi var. Feli sifət adlıq halda olduqda əsas feldəki işin icrası ilə feli sifətdəki iş eyni vaxta aid olur:
Rüstəm Mirzə taxta çıxan kimi, Sultanəli Ərdəbil padşahı olacaq.(F.K.) Feli sifət yönlük halda olduqda şəxsli feldəki iş feli sifətdəki iş başlanana qədər qurtarmış olur:
Rüstəm Mirzə taxta çıxana kimi, Sultanəli Ərdəbil padşahı olacaq.
Qədər qoşması isə kimi qoşmasının əksinə olaraq, yönlük halda olan sözlərə və birləşmələrə daha çox qoşulur, məkan hüdudu, məsafə, kəmiyyət, zaman hüdudu və s. bildirir. Məs.:
Həsən atın boynundan uçub qabaqda yerə düşdü və topuğa qədər palçığa batdı.(F.K.)
Yağış yavaş-yavaş isladırdı, həm də sümüyə, iliyə qədər keçirdi.(F.K.)
Mən çiyinlərimə qədər çirmənmiş qollarımı buzlu su ilə yudum.(İ.Ə.)
Qarşımda iyirmiyə qədər sağıcı qadın oturmuşdu. (İ.Ə.)
Əhənglə ağardılmış divarlar yarıya qədər yaş idi. (İ.Ə.)
Sofi indiyə qədər evlənməmişdi.(Elçin)
Keşikçilər indiyə qədər onun belə sərt səsini eşitməmişdilər.(Elçin)
Sahənin qırağını belləyib qurtarana qədər heç kəs danışmadı.(M.İ.)
Söz vermişdilər ki, kim xəzinəyə çatsa, öz ağırlığı qədər qızıl verib evinə buraxacaqdılar.(F.K.)
-Can,-cən qoşması canlı danışıq elementi kimi, özünü xalq danışıq dilinə yaxın məqamlarda daha çox göstərir. Məs.:
Mahmud axşamacan kitab oxudu, sonra bağçada gəzməyə çıxdı. (Elçin)
Şəhərəcən xeyli söhbət etdilər. Xınayı əsgər köynəyinin yaxasını açmışdı, qollarını dirsəyəcən çırmalamışdı. (İ.M.)
Bu işdən əl çəkən döyüləm, lap haracan olsa, gedəcəm. (İ.M.)
Qəmərbanu indiyəcən heç buna fikir verməmişdi. (Elçin)
Payızın ortalarınacan Məminin ülgücləri pas atacaq. (İ.M.)
5. Çıxışlıq halda olan sözlərə qoşulanlar:
əvvəl, qabaq, sonra, bəri;
başqa, özgə, qeyri, savayı;
ötrü;
çox, artıq.
Əvvəl, qabaq, sonra, bəri qoşmaları qoşulduqları sözlərlə birlikdə zaman bildirir. Lakin bunların özləri də zaman bildirmə baxımından fərqlənir. Əvvəl, qabaq, sonra qoşmaları əsas feldəki işin icra zamanını, bəri qoşması əsas feldəki işin davam etmə müddətini bildirir. Məs.:
Mən idarədən çıxandan sonra yasliyə getdim.(İ.Ə.)
Əbu Səid dəri cildli kitabı dodaqlarına yaxınlaşdırandan sonra onu Şeyx Heydərə uzatdı. (F.K.)
Şeyx Heydər kitabı öpüb gözünə qoyandan sonra qızıl qabına saldı. (F.K.)
Uzun Həsən suyu da içəndən sonra qalxıb alaçıqdan çıxdı.(F.K.)
Ağsaqqal kişi oturandan sonra söhbəti özü açdı. (F.K.)
Əllərini məhrəba ilə qurulayandan sonra yeməyə başladı.(F.K.)
Biz işimizi qurtarıb gedəndən sonra danışarsan.(F.K.)
Feodara ilə Uzun Həsənin toyundan sonra onun adını dəyişib Dəspinə xatun qoymuşdular. (F.K.)
Onu taxta sənin adamların çıxarandan sonra hər şeyə razı olar.(F.K.)
Sobanın üstünə əyilib qızışandan sonra oturub çəkdiyim xörəyin hamısını yedim. (İ.Ə.)
Yeddi gündən sonra yadına düşdü ki, Mahmud kilsəyə getmir. (Elçin)
İllərdən bəri əldə etdiyi dözüm yox oldu.(Elçin)
Səfa bayaqdan bəri bu qəşəng müğənniyə bircə dəfə də nəzər yetirməyib. (İ.M.)
Bayaqdan bəri sakit görünən Qoşatxan da ciddiləşdi. (M.İ.)
Bunu hamıdan əvvəl katibə sezdi. (M.H.)
O, əlini irəli uzadaraq Seyid əfəndidən qabaq danışdı. (M.H.)
Dilimizdə sonra qoşması daha fəaldır. Əsas feldəki iş bu qoşmanın qoşulduğu sözdəki (tərkibdəki) iş icra olunduqdan sonra başlayır. Bəri qoşması əsas işin başlanma anını və davam etmə müddətini göstərir. Əvvəl və qabaq qoşmaları əsas işin qoşmalı birləşmənin ifadə etdiyi işdən əvvəl icra olunduğunu bildirir.
Başqa, özgə, qeyri, savayı qoşmaları seçilmə, fərqləndirmə, istisna etmə mənalarına malikdir; məs.:
Sofi həmişə belə fikirləşirdi ki, onun Mahmuddan başqa, heç kimi yoxdur.(Elçin)
Sofinin Mahmuddan başqa, bir də ki Qəmərbanunun iztirablarından başqa, heç bir qayğısı yox idi. (Elçin)
Xəfiyyələrdən başqa, o özü də Mahmudu qoruyacaqdı. (Elçin)
Orxana anlatmaq istəyirdi ki, «mən səninçün rəqs eləyirəm, burda səndən başqa, heç kimi görmürəm». (İ.M.)
Dünyada zəhmətdən başqa, bir təmənnası yoxdur. (M.İ.)
Ananın göz yaşından savayı, heç nəyə gücü çatmırdı. Qalanın içərisində məndən savayı, hamı paltarlı idi. (A.R.)
Alagözdən savayı, bizim bir övladımız da vardı.(B.B.)
Ey sevdiyim, səndən qeyri kimim var?! (Vid.)
Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadən qeyri. (F.)
Başqa, özgə, qeyri, savayı qoşmaları qrammatik mənasına görə sinonim qoşmalardır. Lakin işlənmə baxımından fərqlənirlər. Ədəbi dildə daha çox başqa qoşması işlənir, özgə, qeyri, savayı sözləri isə əsasən canlı danışıq dilində məhdudlaşmaqdadır.
Ötrü qoşması daha çox məqsəd çalarına malikdir:
Orxan kimi subay bir oğlanla yaxınlıq Səfadan ötrü lap göydəndüşmə idi.(İ.M.)
Çox və artıq qoşmaları sinonim olub, artırıldığı sözün, birləşmənin ifadə etdiyi işin dairəsinin şəxsli feldəki eyni işdən məhdud olduğunu göstərir. Məs.:
Şeirlə könlünü aldığım qız da,
Şeirdən çox, sevir uşaqlarımı.(Ə.Q.)
Onun iztirablarını hamıdan çox, Mirzə Salman başa düşür. (Elçin)
Ağazəki qəzet-kitab oxuyan deyildi, indi də əlindəki qəzetdən çox, gəlib-gedənlərə baxırdı.(İ.M.)
Qoşmalar tarixən tammənalı leksik vahidlərdən, müstəqil sözlərdən əmələ gəlmişdir. Bu proses hazırda da davam etməkdədir. Bir sıra qoşmalar qədim dövrlərdən təşəkkül tapmış və dilimizdə uzaq keçmişdən qoşma kimi sabitləşmişdir. Məsələn, kimi qoşması gimi, gim şəkillərində beş min il əvvəl şumer dilində işlənmişdir. (1, 111) Elə qoşmalar da var ki, inkişaf prosesi keçirir. Qoşmaların bir qismi daha qədim tarixə malik olduğu üçün köməkçi sözlərdən şəkilçiləşməyə doğru inkişaf edir. Odur ki qoşmaları inkişaf səviyyəsini nəzərə alaraq adətən üç növə ayırırlar:
1. Sabit qoşmalar;
2. Qeyri-sabit qoşmalar;
3. Şəkilçiləşən qoşmalar.
Sabit qoşmalar o qoşmalardır ki, onlar çox qədim dövrlərdən təşəkkül tapmışlar, dilimizdə yalnız qoşma kimi sabitləşmişlər və başqa heç bir vəzifə daşımırlar. Bu qrupa aşağıdakı qoşmalar daxildir: üçün, ötrü, görə, kimi, üzrə, içrə, təki, sarı, dair, sayaq, məxsus. Məs.:
Ahım şərəri etməz əsər bir kəsə, Hophop!
Bu söz sənin ancaq alışan canın üçündür. (S.)
Telli arvad yumşalmış kimi, bir az açıldı. (M.İ.)
Nəcəf kimi oğlan ömründə pis sözə qulaq asan deyil. (M.İ.)
Bizə görə özünü şən aparırdı, istəmirdi ki, bizim qanımız qaralsın.(İ.M.)
Orxan anasının könlünü almaq üçün zarafatla dedi.(İ.M.)
A Telli xala, bu söz üçün səndən incidim.(M.İ.)
Qeyri-sabit qoşmalar dildə daha çoxdur. Bunlara keçici qoşmalar da deyilir. Bunlar mətndən asılı olaraq həm əsas nitq hissəsi, həm də qoşma kimi işlənir. Odur ki ayrılıqda onların hansı nitq hissəsi olduğunu müəyyənləşdirmək çətindir. Onların əsas nitq hissəsi və ya qoşma olduğunu yalnız mətnə əsasən müəyyənləşdirmək mümkündür. Bunlar əsas nitq hissələrinə daxil olan bir sıra sözlərin tədricən qoşmalaşması şəklində inkişaf yolu keçdiyindən və bu formalaşma prosesi tam başa çatmadığından bu sözlər keçici, qeyri-sabit xarakter daşıyır, məna və vəzifəsindən asılı olaraq həm qoşma, həm də isim, sifət, zərf və s. kimi çıxış edir. Bu qrupa tək, doğru, bəri, əlavə, əvvəl, sonra, qabaq, başqa, qeyri, tərəf, irəli, qədər, geri, əlavə və s. sözlər daxildir. Məs.:
Bir dərin fikirli varmış ki, o tək
Yazmış bu şeyləri nəzmə çəkərək. (N.)
Gövhər ustadı tək mən də yaratdım,
Böylə bir xəznəni ortaya atdım.(N.)
Doğru deyən olsaydı, yalançı usanardı. (S.)
Qapıda dayanmayıb da, zala doğru dırmaşırsan.(S.)
Ay «rəhbər», bəri bax! (S.V.)
Könlüm sənə maildir əzəldən bəri, ey pul! (S.)
Qoşa işlənmiş bu misallardan birincilərdə tək, doğru, bəri sözləri zərf, ikincilərdə qoşmadır. Tək qoşması qoşulduğu sözü adlıq halda, doğru qoşması yönlük, bəri qoşması çıxışlıq halda tələb etmişdir. Başqa misallar:
Əlavə, tərəf sözləri isim kimi: Mənim bir əlavəm var: tərəflər bir-birinə mane olmamalıdır.
Əlavə, tərəf sözləri qoşma kimi: Bu işlərdən əlavə, o, dərslərinə də hazırlaşmalıdır. Procektor indi də onlara tərəf çevrildi.
Başqa, özgə sözləri sifət kimi: Ağlına başqa fikir gəlməsin. Özgə adamın kölgəsinə niyə sığınırsan?
Başqa, özgə sözləri qoşma kimi: Qardaşı uşaqlarından başqa, heç kəsi yox idi. Mənim zəhmətdən özgə, ayrı bir fərəhim yoxdur.
Əvvəl, sonra sözləri zərf kimi: Bağdagül əvvəl qıza, sonra Şahlara baxıb yeni bir bənd də oxudu.(İ.Ə.)
Əvvəl, sonra sözləri qoşma kimi: İki gün bundan əvvəl o, Kürün sahilində Mələyə rast gələndə heç nə fikirləşməmişdi. (İ.Ş.)
Kağızı oxuyub qurtarandan sonra atamın üzünə baxdım. (Ə.V.)
Bu cür sözlər əsas nitq hissəsi kimi işləndikdə lüğəvi mənaya malik olur, suala cavab verir, cümlə üzvü və ya cümlə üzvünün bir komponenti olur. Qoşma kimi çıxış etdikdə isə bu əlamətlərdən məhrum olur, özündən əvvəlki (qoşulduğu) sözü ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarından birində tələb edir və qoşulduğu sözlə birlikdçə bir cümlə üzvü olur.
Şəkilçiləşən qoşmalar. Dilimizdə elə qoşmalar da var ki, şəkilçiləşmişdir. -can,-cən, -ca,-cə və -dək belə qoşmalardandır.
İlə qoşması isə şəkilçiləşmə prosesi keçirir, ona görə də həm ilə şəklində bütöv, həm də -la,-lə şəklində işlənir. Məs.: evəcən, axşamacan, evədək, qapıyadək, sənin ilə, Həsən ilə, səninlə, Həsənlə, milliyyətcə, xasiyyətcə.
Azərbaycan dilindəki qoşmaların əksəriyyəti yarımvurğulu olub, qoşulduğu sözdən ayrı yazılır. Məs.: sənin üçün, ondan ötrü, çox çalışdığına görə, pambıq kimi, ay təki, evə sarı, bizə məxsus, bayaqdan bəri, səhərə qədər və s.
Qoşmaların yalnız az bir qismi vurğusuz olub, qoşulduğu sözlərə bitişik yazılır. Bunlar şəkilçiləşən qoşmalardır: səhərədək, şəhərədək, yaylağacan, payızacan, yol boyunca və s.
İlə qoşması samitlə bitən sözlərdə həm bitişik, həm də ayrı yazılır. Məs.: Onların dediyinə görə, Şah Abbas da, Qacar da Tiflisi talamağa bu yolla (bu yol ilə) gediblər. (İ.Ş.)
Saitlə bitən sözlərdə isə ayrı yazılmalıdır. Məs.: İndi həmin adam özü öz ayağı ilə gəlib çıxmışdı.(İ.Ş.)
Lakin bədii dildə, mətbut dilində bu qaydaya əməl olunmur: Sonra xumar baxışıyla canlar alan o sərvinaz Gözlərimə yenə baxdıg (S.V.)