sif. 1. Həcmcə, ölçücə balaca; xırda (böyük müqabili). Kiçik əl. Kiçik göz. Kiçik otaq. Kiçik qab. Kiçik kitab.
– Qapıçı kiçik pəncərədən [Nəbinin] nə istədiyini xəbər alır. “Qaçaq Nəbi”.
Kiçik və yoxsul daxmasının səkisi üzərində ortaboylu, sağlam, yaşlı bir adam oturmuşdu. A.Şaiq.
2. Kəmiyyətcə, sayca, miqdarca çox olmayan; az. Kiçik bölmə. Kiçik dəstə.
– Beləliklə, tikintidə kiçik bir özfəaliyyət dərnəyi yarandı. İ.Əfəndiyev.
3. Azyaşlı, balaca. Evin kiçik uşağı.
– Anaxanım kiçik balasını öz ana qanadları altına alıb böyütməyə başladı. A.Şaiq.
Pəncərəm önündən hər səhər tezdən; Məktəbə gedirsən, a kiçik dostum! N.Rəfibəyli.
// Yaşca o birindən balaca olan. Kiçik bacı. Kiçik qardaş.
– İki gündən sonra Səfərin anasına sifariş göndərdilər ki, böyük qız ərə getməyincə kiçik qızı atası heç kəsə verməyəcək… Ə.Haqverdiyev.
Qoçaq və işgüzar qızlardan olduğuna [görə] qayınatası Mələkdən əl çəkməyib on üç yaşında kiçik oğluna nikah etdi. A.Divanbəyoğlu.
// İs. mənasında.
Böyüklə böyükdür, kiçiklə kiçik. (Məsəl).
Pəncərədə üzüm var; Ana, sənə sözüm var; Qonşu oğlanlarının; Kiçiyində gözüm var. (Bayatı).
Kiçiklər böyüklərin dalınca gəzir; Və həmişə başıaşağı. R.Rza.
Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə ağlına gəlməz. S.Rəhman.
□ Kiçikdən böyüyə qədər – yaşdan asılı olmayaraq; hamı. Kiçikdən böyüyə qədər bütün ailə toya gəlmişdi.
4. məc. Əhəmiyyətsiz, cüzi, yüngülvari. Kiçik bir hadisə. Kiçik bir mübahisə. Kiçik bir məsələ.
– [Firidun:] Kiçik bir xata böyük bəlalar törədir. M.İbrahimov.
Qoca mürəttib kiçik bir işarəyə bənddi. M.Hüseyn.
5. Vəzifəcə, rütbəcə, dərəcəcə aşağı. Kiçik elmi işçi. Kiçik zabit.
– Bizim aramızda Şuşa istirahət evlərindən qayıdan işçi və kolxozçular olduğu kimi, yeddi-səkkiz nəfər gənc tələbə, bir nəfər də kiçik komandir vardı. S.Hüseyn.
// İs. mənasında.
Kiçiklərin böyüməsi çətin işdi; “Böyüklərin” kiçilməsi; çox asandı. M.Araz.