is. [
ər. ]
1. Zahiri görünüş, şəkil. Surəti dəyişmək. – [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm.
İndi görək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov.
Bədənnüma güzgüdə o; Baxıb görür surətini. N.Rəfibəyli.
// Üz, sifət, çöhrə, sima.
O saat sevgili anasının surəti [Nurəddinin] gözlərinin önündə durdu. S.S.Axundov.
…Mehriban çobanın surəti gözləri önünə gəldikdə, Səmədin qəlbində nakam məhəbbətin yarası daha şiddətlə sızıldamağa başlamışdı. İ.Hüseynov.
2. Şəkil, üsul, qayda, tərz.
[Odabaşı:] Bu məhəbbət onlar böyüdükcə təbəddülata uğrayıb axırda başqa bir surət aldı. Ə.Haqverdiyev.
3. Bir şeyin əslindən eynilə köçürülmüş nüsxəsi, üz. Protokolun surəti. Şəhadətnamənin surəti.
– Gəldiyev əvvəl bu vərəqənin surətini çıxartdırdı. Mir Cəlal.
Bu, Yusifin öz xahiş ilə … azad olunması barədə əmrinin surəti idi. B.Bayramov.
4. Yazıçının, rəssamın, artistin yaratdığı tip, obraz, xarakter. Yeni insan surəti. Səhnə surətləri.
– Gənc Baxşı Cabbarlının maraqlı surətlərindəndir. M.Arif.
5. Şəkil, portret, təsvir.
İndi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “dəli olub”. Ə.Haqverdiyev.
6. riyaz. Kəsirdə: bölünən ədəd. Kəsrin surəti.
7. “Surətdə” – şəklində bir sıra sözlərlə işlənərək
zərf birləşmələri düzəldilir;
məs.: süni surətdə, narazı surətdə, belə olan surətdə, təcili surətdə, rəsmi surətdə və s.
◊ Bu surətdə – belə olduqda, bu halda.
[Hacı Nuru şair:] Bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir? M.F.Axundzadə.
Bu surətlə – bu qayda ilə, beləliklə.
[Qızılquş balalarının] anası bu surətlə balalarına ovçuluq öyrədər. A.Şaiq.
O surətdə – onda, o zaman, o halda.
Bu elçinin oğlan evinə gətirdiyi məlumat əlverişli olsa, … o surətdə oğlanın ana və bacısı o evə rəsmi surətdə elçi gələcəklər. R.Əfəndiyev.