Şirvan suvarma kanalı

Şirvan suvarma kanalı (2024-cü ilədək Yuxarı Şirvan suvarma kanalı)[1] — 1958-ci ildə istismara verilmiş, mənbəyini Mingəçevir su anbarından götürən suvarma kanalı[2]. Uzunluğu 123,5 km[3] və ya 122 km idi[4], yenidən qurmadan sonra 200 kilometrdən çox olacaq[5].

Yuxarı Şirvan kanalı
Axdığı yerlər Yevlax, Ağdaş, Göyçay,Ucar rayonu Zərdab, Ağsu, Kürdəmir, ŞamaxıHacıqabul rayonları
Giriş Xanabat bəndindəki baş qurğu
Uzunluğu 123,5 km
  • 1954-cü ildə Yuxarı Şirvan kanalının layihələndirilməsinə başlanıldı. Tələb olunan müddətlərdə kanalların layihə tapşırıqları və işçi cizgiləri hazırlandı.[6]
  • 1958-ci ildə istismara verilib.
  • Yuxarı Şirvan kanalı suyu Xanabat bəndindəki baş qurğudan alır. Su qəbul edilən yerdə kanalın dib yüksəkliyi 65,33 m-dir. Anbardan baş qurğuya su nəql edən kanalın uzunluğu 2,9 km-dir. Bu kanalın su qəbul etdiyi yerdə dib yüksəkliyi 70 m olduğuna görə, son illərdə (2000–2001) anbarda suyun səviyyəsi aşağı olduğundan Yuxarı Şirvan kanalına tələb olunan suyun verilməsində problemlər yaranmışdır. Bunu nəzərə alan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri anbardan su nəql edən kanalda dərinləşdirmə və genişləndirmə işləri aparmış və su qəbul edilən yerdə kanalın dib yüksəkliyini 68 m-ə qədər aşağı salmışlar.[7]
  • Bu kanal vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ağsu, Kürdəmir, ŞamaxıHacıqabul rayonlarının əkin sahələri və Şirvan qış otlaqları suvarılır.
  • Kanalın uzunluğu 123,5 km, sərfi 78 m³/san[8] və onun üzərində müxtəlif təyinatlı 129 hidrotexniki qurğu tikilib.
  • Kanalın trassası boyu relyef şəraiti mürəkkəb olduğuna görə, onun üzərində çoxlu sayda hidrotexniki qurğuların tikilməsi zərurəti yaranıb. Belə ki, kanalın dağ silsiləsinin cənubu ilə uzanan hissəsini sel sularından mühafizə etmək məqsədilə onun maneəsiz keçməsi üçün kanalın sol sahili boyu 80,52 km uzunluğunda dağ ətəyi kanal çəkilmişdir.
  • Bu kanalın üzərində tikilmiş 51 ədəd sel ötürücü qurğu vasitəsilə sel suları YŞK-nın sağ sahilinə ötürülür.
  • YŞK-nın Əlciyançay, Türyançay, Göyçay, Girdimançay və onun qolu olan Dəvəbatançay çayı ilə kəsişmə yerlərində 6 ədəd düker, Ağsuçay və Nəzriçayla kəsişmə yerlərində isə 2 ədəd akveduk və Potu kəndi ərazisində bir ədəd cəldaxıdan tikilib.
  • Göstərilən rayonların ərazilərində lazımi olan yerlərdə YŞK-dan su götürmək məqsədilə onun üzərində 33 ədəd suburaxıcı şlüz tikilib.
  • Yay mövsümündə Türyançay, Göyçay, Girdimançay çaylarında suyun az olması və yaxud hər hansı təhlükə yaranan zaman kanalın boşaldılması üçün 15–20 m³/san su buraxmaq qabiliyyətinə malik olan dükerlərin giriş hissəsində şlüzlar quraşdırılıb.
  • YŞK-nın yalnız bir yerində səviyyə qaldıran qurğu, əhalinin, maşın və mexanizmlərin onun sağ və sol sahillərinə hərəkətini maneəsiz həyata keçirmək üçün 29 yerdə körpü tikilib.
  • YŞK-nın 99,25 km-i torpaq məcrada tikilib, 29,95 km-ində isə beton üzlük çəkilib.
  • YŞK 56 ildən artıqdır ki, istismar edilir. Bu illər ərzində kanalda lazımi cari və əsaslı təmir işləri həyata keçirilməsinə baxmayaraq, həm kanalın trassasının yamaclarında uçqunlar, həm də onun üzərində tikilən hidrotexniki qurğularda müəyyən aşınmaların miqdarı getgedə çoxalır. Amma kanala suyun verilməsi və axıdılması proseslərinin həyata keçirilməsində əsas rolu olan baş suqəbulediçi qurğunun hidravliki ölçülərində hər hansı dəyişiklik aşkarlanarsa, o, dərhal aradan qaldırılır. Baş qurğudan 2 qapı vasitəsilə suyun kanala lazımi həcmdə verilməsi tənzimlənir.
  • Yuxarı Şirvan kanalının üzərində nasos stansiyaları da quraşdırılmışdır. Kanalın dibdən eni 8–3 m, inşaat dərinliyi 4,6–3,75 m, yamaclığı m = 2,0, m = 1,5 və kanalda suyun sürəti 0,72–0,5 m/san-dir.
  • Yuxarı Şirvan kanalının istismara verilməsindən sonra, Şirvan düzündə suvarılan əkin sahələrinin 1950-ci ildə 90 min hektardan 1965-ci ildə 167 min hektara çatdırılmışdır. Yuxarı Şirvan kanalı və onun su ötürdüyü təsərrüfatlararası və təsərrüfatdaxili kanallar torpaq məcrada çəkildiyindən, onlardan sızan sular hesabına qrunt sularının səviyyəsi tədricən qalxaraq, torpaqlar şorlaşmağa başlayır. Ona görə də, Şirvan düzündə 1960-cı illərdən başlayaraq, kollektor-drenaj şəbəkəsinin tikintisinə başlanılmışdır. Kanalın istismarını həyata keçirmək məqsədilə onun trassası boyu dambanın üstü ilə maşın və mexanizmlərin normal hərəkəti üçün yol çəkilmişdir.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Şirvan suvarma kanalının yenidən qurulması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 8 aprel 2024-cü il.
  2. "Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub". “Azərsu” Açıq Səhmdar Cəmiyyəti. 16-04-2024. 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-06.
  3. 1 2 Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Arxiv surəti 7 oktyabr 2024 tarixindən Wayback Machine saytında Bakı, 2016, s.479–480 (elektron variantından istifadə edilib)
  4. "İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-06.
  5. "İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-06.
  6.  Paşayev E. P., Həsənov F. H. "Azdövsutəslayihə" institutunun tarixi və inkişaf yolu. Bakı: Şərq-Qərb, 2010, s. Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine 53
  7. Paşayev E. P., Həsənov F. H. "Azdövsutəslayihə" institutunun tarixi və inkişaf yolu, s. Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine 60
  8. Paşayev E. P., Həsənov F. H. "Azdövsutəslayihə" institutunun tarixi və inkişaf yolu, s. Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine 58