Hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir.[4]
İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. AMEA-nın Tarix muzeyi ötən əsrin 20-ci illərindən millətin ixtiyarına verilib. Bu muzey məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşir.
Maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz işğalçı erməni quldurları tərəfindən zəbt edilərək ya qarətə, ya da dağıntıya məruz qalmışdır. İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını yoxa çıxarıblar.
1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplanmışdı.
Bu muzeylərdə qorunub saxlanılan eksponatlar ermənilər tərəfindən ərazidən çıxarılıb. Təkcə Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Mövsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Şuşa tarix muzeyi, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan olub[4]
Heydər Əliyev respublikada muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.[5]