Paris Sülh Konfransı Ali Şurasının 1920-ci il 19 yanvar tarixli qərarı
Paris Sülh Konfransı Ali Şurasının 1920-ci il 19 yanvar tarixli qərarı — müttəfiq dövlətlərin Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərmək barədə qərarı.
1919-cu ilin sonu - 1920-ci ilin əvvəllərində sovet Rusiyasının hərbi uğurları nəticəsində Denikin qüvvələri darmadağın edilmişdi. Qırmızı ordu hissələri Şimali Qafqaz ərazisinə soxularaq, sürətlə Cənubi Qafqazdakı müstəqil dövlətlərin sərhədlərinə yaxınlaşırdı. "Dünya inqilabı" şüarını xarici siyasət fəaliyyətinin əsas prinsipinə çevirmiş sovet Rusiyası 1920-ci ilin əvvəllərindon başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinə diplomatik təzyiqləri daha da artırmışdı. Yeni yaranmış digər gənc dövlətlər kimi, Azərbaycan Xalq Cümhuriyyətinin də bolşevik təhlükəsinə qarşı təkbaşına mübarizə aparması qeyri-mümkün idi. Əlimərdan bəy Topçubaşovun baçşılığı ilə Paris sülh konfransında (1919-20) iştirak edən nümayəndə heyəti böyük dövlətlərdən Azərbaycan Xalq Cümhuriyyətinə dərhal hərbi yardım göstərilməsini xahiş etmişdi. Böyük dövlətlərin başçıları aydın dərk edirdilər ki, sovet Rusiyasının təcavüzü təhlükəsi qarşısında Azərbaycanın və Gürcüstanın diplomatik baxımdan tanınması hələ kifayət deyildir. Bolşevizmin Yaxın və Orta şərq ölkələrinə yayılmasının qarşısını almaq üçün, Azərbaycan və Gürcüstana hərbi yardım göstərilməsi böyük dövlətlərin də maraqlarına cavab verirdi. Beləliklə, 1920-ci il yanvarın 15-də Versalda toplanmış hərbi eskpertlər şurası Azərbaycana və Gürcüstana hərbi yardım göstərilməsi məsələsini müzakirə etdi. Məsələnin ciddiliyini nəzərə alan B.Britaniya özünün yüksək rütbəli hərbçilərini - hərbi nazir U.Çörçilli, imperiya baş qərargahının rəisi feldmarşal H.Vilsonu, admirallığın birinci lordu U.Lonqu, admiral lord Bittini və b.