Əsəd bəy Ağabababəyov
Əsəd bəy Hüseyn bəy oğlu Ağabababəyov (1891, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – bilinmir) — Ermənistan Demokratik Respublikası Parlamentinin I və II çağırış deputatı, hüquqşünas.
Əsəd bəy Hüseyn bəy oğlu Ağabababəyov 1891-ci ildə İrəvan şəhərində anadan olmuşdur. 12 sentyabr 1902-ci ildə İrəvan kişi gimnaziyasının 1-ci sinfinə daxil olub. Buranın 8-sinifli tam kursunu 5 iyun 1911-ci ildə bitirib. Yaxşı qiymətlərlə oxuyub.
4 iyul 1911-ci ildə İrəvan şəhəri, Pənah xan küçəsi, 10-cu ev ünvanında Moskva Universitetinin rektoruna yazdığı ərizəsinə sənədlərini və 25 manat təhsil haqqını əlavə edərək hüquq fakültəsinin 1-ci kursuna götürülməsini xahiş edib. 9 avqust 1911-ci ildə onun adı artıq İmperator Moskva Universitetinin hüquq fakültəsi tələbələri siyahısına salınmışdı.
Universitetdə Əsəd bəy hüquq ensiklopediyası, Roma hüququ tarixi, Rusiya hüququ tarixi, hüquq fakültəsi tarixi, siyasi iqtisad, statistika, dövlət hüququ, kilsə hüququ, cinayət hüququ, cinayət prosesi, mülki proses, maliyyə hüququ, beynəlxalq hüquq kimi fənlərdən imtahan verib və onların əksəriyyətindən yüksək qiymət alıb.
Hüquq İmtahan Komissiyasının 29 mart 1916-cı il tarixli qərarı ilə ona 2-ci dərəcəli diplom verilib və o, 45308 saylı diplomu 7 dekabr 1916-cı ildə alıb.
Əsəd bəy Ağabababəyovun sonrakı həyat fəaliyyəti haqqında heç bir məlumat yoxdur.