Müzəffər Abutalıbov
Abutalıbov Müzəffər Heydər oğlu (14 dekabr 1908, Ordubad, Naxçıvan qəzası – 8 noyabr 1984, Bakı) — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1968).
Abutalıbov Müzəffər Heydər oğlu 1908-ci il dekabrın 14-də Ordubad şəhərində anadan olmuşdur.
Müzəffər Abutalıbov Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakultəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun və Azərbaycan Dövlət Universitetinin dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ EA Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-1947), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-1959), Azərbaycan Milli EA Genetika və Seleksiya İnstitutunun (1960-1962), Botanika İnstitutunun (1947-1950; 1962-1978) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir.
Tədqiqatları, əsasən pambıq, kartof və digər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterin inkişafına və torpağın azotmənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur.
0, 300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və Azərbaycan dilində ilk ikicildlik "Bitki fiziologiyası" dərsliyinin, "Bitkilərin mineral maddələrlə qidalanması” (1962) dərs vəsaitinin müəllifidir.Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir.
M.Abutalıbov elmi tədqiqat işləri ilə yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərmiş və Azərbaycanda yüksək ixtisaslı bioloqların hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Onun rəhbərliyi altında 55 fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır.
0, SSRİ Elmlər Akademiyasının Bitki fiziologiyası və biokimyası, Fotosintez Problem Şuralarının və Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü,
SSRİ "Fiziologiya və biokimya” və "Fotosintez problemləri” üzrə Koordinasiya Sovetinin üzvü,
Azərbaycan üzrə həmin Problem Şurasının və SSRİ Botanika cəmiyyətinin Azərbaycan bölməsinin sədri olmuşdur.