Pənah Muradov
Muradov Pənah Zülfiqar oğlu — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Mikrobiologiya İnstitutunun direktor müavini.
== Həyatı ==
Muradov Pənah Zülfiqar oğlu 01 oktyabr 1960-cı ildə Ağcabədi rayonunun Şahsevən kəndində anadan olub, 1967-77-ci illərdə orta məktəbdə təhsil almış, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) biologiya fakültəsini bitirmişdir.
P.Muradov 1990-cı ildə biologiya üzrə fəlsəfə doktoru və 2005-ci ildə biologiya üzrə elmlər doktoru elmi dərəcəsini, 1995-ci ildə dosent, 2011-ci ildə professor elmi adı alıbdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilibdir. P.Z.Muradov əmək fəaliyyətinə AMEA-nın Mikrobiologiya
İnstitutunda baş laborant kimi başlamış, kiçik elmi işçi, əyani aspirant, elmi işçi, böyük elmi işçi, qrup rəhbəri, laboratoriya müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. 1995-ci ildən bu günə kimi isə elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir.
Onun rəhbərliyi ilə biologiya üzrə 17 fəlsəfə, 1 elmlər doktoru hazırlanmışdır ki, onların arasında xarici ölkə vətəndaşları da yer alır.
2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın biologiya və aqrar elmləri üzrə ekspert komissiyasının üzvü seçilən P.Z.Muradov hazırda həmin komissiyanın sədr müavini, 2013-cü ildən AMEA-nın Aqrar elmlər bölməsinin büro üzvü, 2009-cu ildən Gürcüstan Mikrobioloqlar Cəmiyyətinin “Mikrobiologiya və biotexnologiya” və Moskva Dövlət Vilayət Universitetinin “MDVU-nun Xəbərləri, təbiət elmlər seriyası” jurnallarının redaksiya heyətinin üzvüdür.
P.Z.Muradov mikrobiologiya elminin inkişafındakı xidmətlərinə görə iki dəfə AMEA-nın “Fəxri Fərmanına” layiq görülmüşdür.
== Ailəsi ==
Evlidir, 3 övladı var.