1. [ ər. ] Nağıllara və bəzi inanclara görə gözə görünməyən varlıq mövhumi bir məxluq. Cini tutub evdə işlədirmişlər. Cin hər işi tərsinə eləyirmiş… Cin hər gün yalvararmış ki, üstündəki iynəyi çıxartsınlar.
2. məc. Xırdaca, cılız, lakin çevik, zirək uşaq haqqında. Elə bil bu uşaq cindir.
◊ Cin atına mindirmək – bərk hirsləndirmək, cinləndirmək.
Cin atına minmək – bərk hirslənmək, cinlənmək.
Cin başına (beyninə, təpəsinə) vurmaq – bax cin atına minmək.
Cin bismillahdan qorxan kimi qorxmaq – bir şeydən və ya adamdan çox bərk qorxmaq, ehtiyat etmək, çəkinmək.
Cin dəmirdən qorxan kimi qorxmaq – bax cin bismillahdan qorxan kimi qorxmaq.
Cin kimi – zəkalı, zirək adam haqqında.
Cin tutmaq – dəli olmaq, çıldırmaq.
Cini tutmaq – birdən bərk hirslənmək, bərk acığı tutmaq.
Cinini başına yığmaq – bax cin atına mindirmək.
Cinni-Cəfər qoşunu (kimi) zar. – çox hay-küylü, səs-küylü uşaq izdihamı haqqında.