is. [
fars. ]
1. Qısa vaxt, an, ləhzə.
□ Bir dəm –
1) bir vaxt, bir anlıq.
Xəstənəm, çox dilərəm yanıma bir dəm gələsən; Çəkibən xəncəri, bağrım başını bir dələsən. M.P.Vaqif;
2) heç, əsla.
Gözəl üzündə bir dəm; Nə dərd görmüşdüm, nə qəm. S.Vurğun.
Bir dəmdə – bir anda, bir ləhzədə, dərhal, göz açıb-yumunca.
Dönər rəyimlə bir dəmdə bu çərxi-kəcmədar əlbət. S.Ə.Şirvani.
Bu dəm(də) – bu vaxt, bu əsnada.
Hərgah bu dəmdə Nurəddinin nəzəri Əmiraslana düşsəydi, onun gözlərində parlayan odu və üzündə zühur edən acığı görərdi. S.S.Axundov.
Bu dəmdə havadakı mələkdən bir səs gəldi. Ə.Haqverdiyev.
O dəm(də) – o saat, o vaxt, o dəqiqə, dərhal.
Ağaclar tərpədəndə baş çəməndə; Söyüd söylər o dəmdə: – Mən də, mən də. (
Ata. sözü ).
Cütçü baba böylə deyib qeyznak; Eylədi ol qırğını ol dəm həlak. A.Səhhət.
Mən istədim mane olam, amma o dəmdə yadıma saldım ki, bu gün, … bayram günüdür… C.Məmmədquluzadə.
Hər dəm – hər dəqiqə, hər an, hər ləhzə, həmişə, daim.
Quzuya qurd desəm – istəməz quzu; Yazıqlar! Hər dəmdə yazıqdı onlar. M.Araz.
// Ümumiyyətlə, vaxt, çağ, zaman, əyyam, dövr (çox vaxt cəmdə işlənir). Cavanlıq dəmi.
– Yorğun qanadlarım çırpınmaq istər; Gəl keçən dəmləri etməyəlim yad. M.Müşfiq.
Bu dəmlərdə heç nəyə də əlim çatmasa; Qaysağını qopardıram Araz dərdimin. M.Araz.
□ Dəmi gəlmək – vaxtı gəlmək, növbəsi yetişmək.
Araza gəmi gəldi; Su daşdı, gəmi gəldi; Yaş tök, ağla, gözlərim; Ayrılıq dəmi gəldi. (Bayatı).
2. Ədat mənasında. Gah, bəzən.
– Ay hacı, dünyadır da, dəm eniş, dəm yoxuş, bilmirsən? S.Rəhimov.