1. Yeyilən şeyi tutmaq, dişləmək, xırdalamaq və çeynəmək üçün ağızda olan sümük törəmə. Uşağın dişi çıxır. Dişi ağrımaq. Dişi ilə tutmaq. Dişi ilə qoparmaq. Dişi qamaşmaq. Dişlərini xırçıldatmaq.
□ Ağıl dişi – iyirmi yaşdan sonra çıxan axırıncı böyük diş.
Dişi doldurmaq – dişi plomblamaq, dişə plomb qoymaq.
Kəsən dişlər – ağzın qabaq tərəfində olub, yeyilən şeyi kəsib doğramaq vəzifəsini görən dişlər.
Köpək dişlər – ağzın yan tərəfində olan dişlər.
Qabaq dişlər – bax ön dişlər.
Ön dişlər – bax kəsən dişlər.
Süd dişi – uşağın ağzında çıxan və altı yaşdan sonra tökülüb daimi dişlərlə əvəz olunan birinci dişlər.
Süni diş, taxma diş – sonradan qayrılma diş, qoyma diş.
Yan dişlər – bax köpək dişlər.
2. Müxtəlif alətlərin, maşın hissələrinin, çarxların kənarlarında, üstündə, yaxud uc tərəfində olan ucuiti çıxıntı və ya dilik-dilik hissələrdən hər biri. Mişarın dişləri. Saat çarxının dişləri. Darağın dişləri.
3. Bəzi meyvələrin dilim şəklində olan hissələrindən hər biri. Bir diş sarımsaq.
4. Meyvənin hər dəfəsində dişlə qoparılan hissəsi. Bir diş alma. Bir diş xiyar.
◊ Canını dişinə tutmaq – bax can.
Diş ağartmaq – bax dişini ağartmaq 1-ci mənada.
Diş dəyişmək – 1) bax diş dişəmək;
2) məc. yeməyini dəyişmək, həmişə bir şey yeməmək.
Diş dişəmək – diş təzələmək, yenidən diş çıxarmaq. Uşaq keçən il dişlərini dişəməyə başlamışdır.
Diş əti – ağızda dişlərin dibini əhatə edən ət.
Diş göstərmək – boyun əyməmək, boyun qaçırmaq.
Diş hədiyi – uşaqların diş çıxarması münasibətilə bişirilən yemək.
Diş itiləmək – 1) qisas, intiqam almaq, əvəz çıxmaq üçün səbəb aramaq, hazırlanmaq;
2) bir şeyə göz dikmək, ələ keçirməyə hazırlanmaq.
Diş keçirmək – haqqı olmayan bir işə qarışmaq.
Diş kirəsi köhn. – 1) keçmişdə kəndlilərdən alınan vergilərdən birinə xalq arasında verilən ad;
2) qonaqlıqdan əlavə qonağa verilən pul, mal və s.
Diş qıcamaq (qıcatmaq) – 1) hədələmək, qorxutmaq.
2) ələ keçirmək niyyətində olmaq, göz dikmək.
Diş qurdalamağa bir çöpü yoxdur – çox kasıbdır, heç nəyi yoxdur.
Diş salmaq – 1) qocalmaq (heyvanlar haqqında);
2) süni diş qoymaq. Həkim onun dişlərini saldı.
Diş taqqıldatmaq – hədələmək, qorxutmaq.
Diş yeri – bir şeyin dişləndiyi yerdə qalan diş izi, dişlək yeri.
Diş(i)-dırnağı ilə; dişi ilə, dırnağı ilə – əzabla, əziyyətlə, çox məşəqqətlə.
// Var gücü ilə, bacardığı qədər.
Dişə vurmaq – bax dişinə vurmaq.
Dişə-dilə düşmək – bax dilə-dişə düşmək (“Dil-diş”də).
Dişi bağırsağını kəsmək – daxilən əsəbi hal keçirmək, əsəbiləşmək, hirsini büruzə verə bilməmək.
Dişi batmaq – öhdəsindən gəlmək, gücü çatmaq.
Dişi batmamaq – öhdəsindən gələ bilməmək, gücü çatmamaq, təsiri olmamaq, təsir edə bilməmək. [Kosaoğlu:] …Kəndimizdə mənim əleyhimə qruppa var.
Dişi dişinə dəymək – bax dişləri birbirinə dəymək.
Dişi qarnında olmaq – hiyləgər, gizli iş görən adam haqqında.
Dişində şirə qalmaq – dadanmaq, alışmaq, öyrəşmək, adət etmək.
Dişinə vurmaq – sınamaq, dadmaq.
Dişini ağartmaq – 1) acıq vermək, gülmək, istehza etmək.
2) bax dişlərini ağartmaq.
Dişini dişinə qıcamaq – bərk hirslənmək.
Dişini qıcamaq – intiqam almaq üçün bəhanə aramaq, üzərinə atılmağa hazırlaşmaq.
Dişinin dibindən çıxanı demək – ağzına gələni demək, bərk söymək.
Dişləri bir-birinə dəymək, dişləri taqqıldamaq – 1) soyuqdan, qorxudan, vahimədən qeyri-iradi olaraq dişləri bir-birinə dəymək.
2) bərk üşümək.
Dişlərini ağartmaq – səbəbsiz gülmək, irişmək.
Tamah dişini çəkmək – bax tamah.