Dərbənd Haşimiləri
Dərbənd əmirliyi — Dərbənd ərazisində olan qədim dövlət.
== Dərbəndin ərəblər tərəfindən işğalı ==
Azərbaycanı tutmuş ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") adlandırdıqları sərhəd şəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə çevirdilər. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların başlıca vəzifəsi şimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin müdaxiləsinin qarşısını almaq idi.
IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə yetirilirdi, lakin 851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı.
861-ci ildə xəlifənin ölümündən sonra türklərin Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaşmalar baş verdi. Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi hakimiyyətlə əlaqəsini tamam kəsərək, Şirvanı müstəqil elan etmiş qardaşı Heysəm ibn Xalid bundan istifadə etdilər.
869-cu ildə, qiyam etmiş türk əmirlərinə qarşı Xilafət mərkəzində mübarizə aparıldığı bir zamanda, Haşim ibn Suraka əs-Suləmi Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. O dövrün hadisələrini bizə çatdıran qaynaqda deyilir: "Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığına, türk məvaliləri dövlətin idarəsini ələ keçirtdiklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin qazıları (yəni din uğrunda döyüşən əsgərləri) bir yerə yığılaraq, Haşimi öz əmirləri etdilər, ona böyük itaət göstərdilər"
Ərəb və yerli qaynaqların başqa məlumatlarından aydın olur ki, Haşimin Sulaym nəslinə mənsub, mənşəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında Dərbənd şəhərinin siyasi həyatında fəal rol oynamış, onlardan biri Əsəd ibn Zafir əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmişdi. Onun digər xələflərinin, Harun ər-Rəşidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuş Nəcm ibn Haşimin və onun Azərbaycan və Ərminiyənin ərəb hakiminə qarşı üsyan etmiş oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baş vermiş böyük hadisələrlə bağlıdır.