Fəxri Müslüm
Quliyev Fəxri Müslüm oğlu (10 aprel 1948, Düzrəsullu, Gədəbəy rayonu) — Azərbaycanlı şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Prezident mukafatçısı (2010–2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), iqtisad üzrə fəlsəfə doktoru (2012), Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (2015)
== Həyatı ==
Quliyev Fəxri Müslüm oğlu 10 aprel 1948-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. Düz Rəsullu kənd orta məktəbində 8-ci sinifə qədər həmin məktəbin dəyərli müəllimlərindən dərs almış, sonradan təhsilini Tovuz rayonunda A. S. Puşkin adına şəhər orta məktəbində davam etdirmiş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967–1969-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1971-ci ildə Bakı Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı (hal-hazır ki, Azərbaycan Dövlət İqtisad Universiteti) insitututnun maliyyə fakültəsini bitirmişdir. Fəxri Müslüm, Tovuz rayonunun Yekallar kəndinin sakini, XIX əsrin axırlarında Xankəndinin pristavı olmuş Tanrıverdi kişinin qız nəvəsidir. Uşaqlıq dövrünün əksər hissəsini Yekallarda Tanrıverdi kişinin qardaşı (Tanrıverdi kişi 1913-cü ildə dünyasını dəyişmişdir) Qulam kişinin, eləcə də onun oğlu Həmid Suleymanovun evində keçirmişdir.
== İş fəaliyyəti ==
Fəxri Müslüm Quliyev, əmək fəaliyyətinə Bakı Yeyinti Sənaye Texnikumunda oxuyarkən 1970-ci ildən gözətçi vəzifəsilə başlamışdır. O,1971–1973-cü illərdə Bakı Tütün Kombinatında "Texnoloq", 1973–1977-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriyinin Normativ Tədqiqat İdarəsində "Böyük iqtisadçı", 1977–1997-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında "Təftişçi", "Böyük təftişçi", "Kassalarla hesablaşma şöbəsinin rəisi", "Nağdsız hesablaşmalar və yığım idarəsinin rəis müavini", "Pul dövriyyəsi və kassa əməliyyatı idarəsinin rəisi", 1997–1999-cu illərdə "AZAL" Səhmdar Kommersiya Bankında şöbə rəisi, 1999–2005-ci illərdə Azərbaycan Hava Yolları QSC-də müfəttiş-mühasib və baş mühasib vəzifələrində çalışmışdır.
== Pedaqoji fəaliyyəti ==
Fəxri Müslüm Quliyev pedoqoji fəaliyyətə 2005-ci ildən Milli Aviasiya Akademiyasının "Beynəlxalq İqtisadi Münasibətlər" kafedrasının müəllimi kimi başlamışdır.