Mais Bərxudarov
Mais Şükür oğlu Bərxudarov (bəzi yerlərdə Mayis Bərxudarov; 20 aprel 1976, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin General-leytenantı, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Vətən müharibəsinin Komandanlarından.
== Həyatı ==
Mais Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldu. 1993-cü ildə Mais Bərxudarov cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırır və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirir.
== Hərbi xidməti ==
Baş leytenant Mais Bərxudarov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Polkovnik Mais Bərxudarov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.
=== Vətən müharibəsi ===
Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mais Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən isə "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı. və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
== Lələtəpə döyüşü ==
2016-cı il, aprelin 1–5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak etmiş, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarmışdır.