Pənah xan Makinskinin evi
Pənah xan Makinskinin evi — İrəvan şəhərində mövcud olmuş məşhur evlərdən biri. Sovet hakimiyyəti dövründə dağıdılmış ev hal-hazırkı Nalbəndyan küçəsində yerləşirdi. Ev və ya imarət Makinskilər ailəsinə mənsub olan Pənah xan Makinski tərəfindən tikdirilmişdir.
Pənah xan Makinskinin evi və ya imarəti İrəvandakı Xan sarayı üslubunda tikilmişdir. İmarət İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri Süleyman xanın oğlu Pənah xana məxsus yaşayış kompleksi onun adını daşıyan meydanda, Nalbandyan küçəsi-19 (keçmiş Ter-Qukasov küçəsi) ünvanında yerləşir. Kompleksə xanın ikimərtəbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə nökərlər üçün birmərtəbəli ev və tövlələr daxil idi. İmarət İrəvanda dövlət tərəfi ndən qorunan memarlıq abidələri siyahısına salınmış, lakin 1960–1970-ci illərdə imarətin ətrafında tikilmiş yöntəmsiz obyektlərdən sonra tanınmaz hala düşmüş və baxımsızlıqdan yox olma həddinə çatmışdır. Pənah xan Makinskinin evinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı və yaxud Pənah xan bulvarı adlanırdı.
XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlı teatr həvəskarlarının İrəvan şəhərində tamaşalar üçün toplandıqları məkanlardan biri də Pənah xan Makinskinin evi olmuşdur. Həmin tamaşaların arasında Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1901, 1903, 1904, 1905, 1906), Vasaq Mədətov Nəzminin "Qırt-qırt" (1900, 1903), "Tamahkarılq düşmən qazanır" (1903, 1905, 1906), Nəcəf bəy Vəzirovun "Hacı Qənbər" (1904, 1908), "Ev tərbiyəsinin bir şəkli" (1905, 1906, 1908), Rüstəm xanın "Əqdi biməhəbbət" (1906), Namiq Kamalın "Vətən" (1908), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (1909, 1910) pyesləri var idi.