f. 1. Rəqəmləri sıra ilə demək, sadalamaq, sanamaq. Yüzə qədər saymaq.
– Salman ona qədər saydı. S.Rəhimov.
[Yusif Hümmətə:] Barmağınla sayırsan ki, filanıfilanı doldurmuşuq, yaxşı eləmisiniz. B.Bayramov.
// Miqdarını bilmək üçün hesablamaq. Günləri saymaq.
– Koroğlu da başladı pulu saymağa. “Koroğlu”.
…Bir qoca rus arvadı pullarını sayırdı. Ə.Haqverdiyev.
[Şahin Firəngizə:] Onu demək istəyirəm ki, çox oxumuşam, hamısını bəlkə də saya bilmərəm. B.Bayramov.
2. Bir-bir adlarını çəkmək, eyni cinsdən olan şeyləri adbaad sıra ilə demək; sadalamaq. Kitabları saymaq. Uşaqları saymaq.
– Sinədə yarələrim saydı, dedi, min cərrah; Səhv edib, hələ bu mindən birinin sayı deyil. S.Ə.Şirvani.
…Saydığımız ağalar ən hörmətli üləma və sadat zümrəsindəndirlər. C.Məmmədquluzadə.
3. məc. Ehtiram etmək, hörmətini saxlamaq, hörmət etmək; hesablaşmaq. Sayanın quluyam, saymayanın ağası. (
Ata. sözü ).
Əsgər indi səni sayacaq. Ə.Əbülhəsən.
Quliyev bu adamların onu bir o qədər də saymadıqlarını başa düşürdü. Ə.Sadıq.
4. Ehtiyat etmək, çəkinmək.
[Nəbi:] Qubernat, naçalnik gəlsə, saymaram; Düşmənin qanından içsəm, doymaram. “Qaçaq Nəbi”.
5. məc. Bilmək, hesab etmək.
[Hacı Qara:] Mənim sözlərimi zarafat sayırsınız? M.F.Axundzadə.
Özünü yenidən dünyaya gəlmiş sayırdı. Mir Cəlal.
Samirə mənim bu arzumu adi zarafatlarımdan biri sayırdı. M.Hüseyn.
◊ Saymaqla bitməz (qurtarmaz) – həddindən çoxdur, sayı-hesabı yoxdur.
Saymaq ilə bitən deyil göstərdiyin hünərlər; Bülbül deyir bağçalarda dastanını hər səhər. S.Vurğun.