Böyük sürgün
Böyük sürgün – I Şah Abbasın əmri ilə 1604–1605-ci illərdə Ağrı vadisi, Çuxursəəd, Naxçıvanəhalisinin (müsəlmanlar, ermənilər və yəhudilərin) İran ərazisinə köçürülməsi hadisəsidir. Köçürülən əhali arasında ermənilər üstünlük təşkil edirdilər. Müxtəlif mənbələrdə 250.000 – 300.000 arası əhalinin ərazidən İranın mərkəzlərinə köçürülməsi haqqında məlumatlar vardır.
== Ərəfə ==
1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanmış Amasiya müqaviləsinə əsasən Qərbi Gürcüstan vilayətləri (İmereti, Meqreli və Quriya), Bağdad və Ərmənniyə ərazisi Osmanlı dövlətinin, Şərqi Gürcüstan vilayətləri (Mesxetiya, Kartli və Kaxeti) isə Səfəvilər dövlətinin hakimiyyətinə düşdü. Lakin, 1579-cu ildə Osmanlı ordusunun Krım xanının 100.000-lik ordusu ilə Səfəvilərin nəzarətində olan ərazilərə hücum etməsi ilə Amasya müqaviləsinin şərtləri pozulur. Türk-tatar ordusunun Cənubi Qafqaza talançı yürüşləri 1589-cu ilə kimi davam edir. Həmin dövrdə hücuma məruz qalan ərazidə yaşayan əhalinin böyük bir hissəsi öz yurdunu tərk etməyə məcbur olmuş, qul kimi əsir edilmişdi; təkcə İrəvan şəhərindən 60.000 insan qul edilmişdi. XVI əsr erməni tarixçisi Hovannisik Çaretsi bu hadisələrlə bağlı yazır: Lala adlı bir sərkərdə çoxlu sayda döyüşçülərlə hücuma keçərək Ararat əyalətinə kimi irəlilədi, 60 mindən çox erməni və müsəlmanı qul edərək rumluların ölkəsinə sürdü.
21 mart 1590-cı ildə imzalanmış İstanbul müqaviləsinin şərtlərinə görə Osmanlı dövləti, Təbriz, Qarabağ, Şirvan, Dağıstan və Şərqi Gürcüstan ərazilərini də ələ keçirdi. I Şah Abbas hakimiyyətə gəldikdən sonra, İstanbul müqaviləsinin şərtlərini qəbul etməyərək ordu quruculuğu ilə məşğul olur və Osmanlı dövlətinə qarşı yeni müharibəyə başlayır.