Dead Can Dance
Dead Can Dance — 1981-ci ildə Avstraliyanın Melburn şəhərində Liza Cerrard və Brendan Perri tərəfindən yaradılmış neoklassik art rok qrupudur. Qrup fəaliyyətinə 1982-ci ilin mayında İngiltərənin London şəhərində başlamışdır. Avstraliyalı musiqi tarixçisi və jurnalist Yan Makferleyn, Dead Can Dance qrupunun musiqi tərzini belə təsvir edir:
"Ovsunlayıcı əzəmətin və ağır başlı gözəlliyin yaratdığı musiqi mənzərəsi; Afrikan poliritmləri, Kelt folku, Qriqorian dini nəğməsi, Şərqi Asiya mantrası və Art rok".
1998-ci ildə dağılan qrup, 2005-ci ildə qısa müddətlik dünya turuna çıxdı. 2011-ci ildə fəaliyyətini bərpa edən qrup, 2012-ci ildə Anastasis adlı albomunu yayımlayır və müxtəlif turlara imza atır.
== Qrupun yaranması ==
Dead Can Dance, 1981-ci ilin avqust ayında Avstraliyanın Melburn şəhərində bas gitarada Paul Erikson, vokalda Liza Cerrard, barabanda Simon Monre və gitara, vokalda Brendan Perri olmaqla yaranmışdır. Qrup yarandığı zaman Liza ilə Brendanın münasibətləri var idi. 1982-ci ildə Simon Monre qrupu tərk edir və Dead Can Dance qalan heyət ilə birlikdə İngiltərənin London şəhərinə yola düşür. Qrup burada alternativ rok səsyazma şirkəti olan 4AD ilə müqavilə imzalayır.
Qrup 1984-cü ilin fevralında "Dead Can Dance" adlı debüt albomunu yayımlayır.