Vasif Eyvazzadə
Vasif Rasif oğlu Eyvazzadə (19.08.1985) ABŞ-da Johns Hopkins Universitetinin Jhpiego Korporasiyasının Müxtəliflik, Bərabərlik, İnkluzivlik və Mənsubiyyət məsələləri üzrə Qlobal Meneceri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının həmtəsisçi prezidenti (Birləşmiş Krallıq), Innovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunun (ABŞ) təsisçi direktoru.
Vasif Rasif oğlu Eyvazzadə 19 avqust 1985-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə 2002–2008-ci illərdə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci ali təhsil almış, daha sonra 2017–2019-cu illərdə Böyük Britaniyanın Koventri Universitetində Dövlət idarəçiliyi və Qlobal müxtəlifliyin idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirib. 2021-2023-cü illərdə isə İspaniyada GBSB Qlobal Biznes Məktəbində Biznes innovasiyaları üzrə magistr təhsili almışdır. 1996, 1999 və 2000-ci illərdə İstedad Festivalının poeziya nominasiyası üzrə qaliblərindən biri olub. 2009–2010-cu illərdə Xarici İşlər Nazirliyinin Azərbaycan Diplomatik Akademiyası, Avropa İttifaqı və Britaniya Şurasının birgə təşkil etdiyi "Beynəlxalq danışıqları aparma bacarıqları", "Beynəlxalq idarəetmə bacarıqları", "İctimai əlaqələr üzrə beynəlxalq bacarıqlar", 2022-2023-cü illərdə ABŞ-da HRCI və Cənubi Florida Universitetinin müxtəliflik, bərabərlik və inklüzivliyin idarəedilməsi üzrə sertifikatlaşdırma kurslarını bitirib.
Vasif Eyvazzadə 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin Elmi Mərkəzinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, 2006–2009-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi, 2011–2012-ci illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri, 2012 – 2018-ci illərdə isə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2018–2020-ci illərdə Aparat rəhbərinin müavini — Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri olmuşdur. 2020-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri olmuş və bir sıra beynəlxalq layihələrlə bağlı öz istəyi ilə aparat rəhbəri vəzifəsindən ayrılmışdır.
Vasif Eyvazzadə 2008-ci ildən UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaşı olduğu "Bakı Prosesi" Beynəlxalq İşçi Qrupun katibi, 2016–2022-ci illərdə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) İcraiyyə Şurasının üzvü və Azərbaycan Respublikası üzrə Milli Komissiyasının baş katibi olmuşdur.