Vasif Qafarov

Vasif Vaqif oğlu Qafarov (25 yanvar 1982, Cəngəmiran, Lerik rayonu) — Azərbaycan tarixçisi, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent, "Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası" elmi qrupunun rəhbəri,[1] Milli Məclisin VII çağırış deputatı.[2]

Vasif Qafarov
Vasif Vaqif oğlu Qafarov
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
Seçki dairəsi2024 — 80 saylı Lerik-Astara seçki dairəsi
Şəxsi məlumatlar
Doğum tarixi (42 yaş)
Doğum yeri Lerik rayonu, Cəngəmiran
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili Bakı Dövlət Universitetinin Tarix fakültəsi
Fəaliyyəti tarixçi, siyasətçi
Uşağı 3
Dini islam
Elmi fəaliyyəti
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı dosent
İş yeri A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu

Vasif Vaqif oğlu Qafarov 1982-ci il yanvar ayının 25-də Lerik rayonunun Cəngəmiran kəndində ziyalı ailəsində anadan olub. 1988-1999-cu illərdə Cəngəmiran kənd orta məktəbində təhsil alıb.

1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə qəbul olunub. 2003-cü ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib.

2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani doktorantı olub. 2009-cu ildə “Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə münasibətlərində (1917-1922)” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 aprel 2017-ci il tarixli qərarı ilə dosent elmi adına layiq görülüb.

2014-2019-cu illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru istiqaməti üzrə doktorantı olub. V.Qafarov 2022-ci il sentyabrın 30-da "Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Ali Attestasiya Komissiyasının 23 iyun 2023-cü il tarixli qərarı ilə Vasif Qafarov tarix elmləri doktoru elmi dərəcəsini alıb.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vasif Qafarov əmək fəaliyyətinə 2006-cı ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb. 2007-2017-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.[3]

Vasif Qafarov 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu”nda tarixçi-ekspert vəzifəsində işləyib.

2017-ci ildə AMEA Qafqazşünaslıq İnstitutunda şöbə müdiri, 2017-2023-cü illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi vəzifələrində çalışıb. 2023-cü ildən indiyədək AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçi, "Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası" elmi qrupunun rəhbəri vəzifəsində çalışır.[3] AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.

Vasif Qafarovun elmi axtarışlarının əsas istiqamətini Azərbaycanın XIX əsr – XX əsrin əvvəlləri dövrü tarixinin müxtəlif məsələlərinin araşdırılması təşkil edir. O, Azərbaycanın XIX-XX əsrlər tarixinin müxtəlif problemlərini əhatə edən elmi əsərlərin yazılmasında, sənədlər toplularının hazırlanmasında iştirak edib. Vasif Qafarov Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş 12 kitabın və 100-dən çox elmi məqalənin müəllifidir. O, Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, Monteneqro və digər ölkələrdə keçirilən 30-dan çox beynəlxalq elmi konfransda iştirak edib və elmi məruzələrlə çıxış edib.[3]

Vasif Qafarov 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar parlament seçkilərində 80 saylı Lerik-Astara seçki dairəsindən deputat seçilib.[4] Milli məclisin Regional məsələlər və Elm və təhsil komitəsinin üzvüdür.[5]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Vasif Qafarov ailəlidir, üç övladı var.

  1. 1 2 Tarixçi Vasif Qafarov Elmlər Doktoru adına layiq görülüb[ölü keçid]
  2. "VII çağırış Milli Məclisin deputatları - SİYAHI". 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
  3. 1 2 3 "AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI Abbasqulu Ağa Bakıxanov adına TARİX İNSTİTUTU QAFAROV VASİF VAQİF OĞLU". 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  4. "Mərkəzi Seçki Komissiyası". www.infocenter.gov.az. 2024-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
  5. 80 saylı Lerik - Astara seçki dairəsi - QAFAROV Vasif Vaqif oğlu

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]