sif. 1. Yağı olan, tərkibində yağ çox olan. Yağlı ət. Yağlı xörək. Yağlı balıq.
– Yadın oğlu yağlı aşa mehmandı; Dar günündə baxarsan ki, usandı. Aşıq Ələsgər.
Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani.
Axşamın toranında közərib parıldayan kömürün üzərində şişlərə yağlı qabırğalar çəkilmişdi. İ.Hüseynov.
// Tərkibində yağ maddəsi olan. Yağlı bitkilər.
2. Yağa bulaşmış.
…Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman.
// Üzərində yağ ləkəsi olan; kirli, çirkli. Yağlı əsgiləri yumaq. Köynəyin boynu yağlıdır.
3. məc. dan. Pullu, varlı, gəlirli, yaxşı gəlir mənbəyi olan. Yağlı yer.
– Molla Xəlil düşünürdü: hər üç, beş Quran oxudan Hacı Hüseyn kimi yağlı müştərilər Quranların sayını ixtisara salsalar, o zaman mədaxili birə-üç, birə-dörd azalacaqdır. S.Hüseyn.
Leylək Ələmdar çovğunun, azanın və zənglərin qatqarış səslərinə qulaq verir, onda yağlı bir qarət həvəsi doğurdu. S.Rəhimov.
4. məc. dan. Kəsərli, tutarlı, təsirli, şiddətli. Yağlı töhmət aldı.
– Cəbhədə dəydimi ona yağlı, tutarlı bir kötək; Atəş alır, quduzlaşır, dörd yanı qapır köpək. Ə.Nəzmi.
◊ Yağlı boya rəss. – tərkibində yağ olan rəssam boyası.
Vəzir taxt üstündə oturdu və bir müddət hamamın kəllə divarındakı yağlı boya ilə çəkilmiş əfsanəvi ənqa quşuna baxaraq fikrə getdi. Ə.Məmmədxanlı.
Yağlı dil – şirin, lakin yalan sözlər, aldadıcı dil.
Qərəz, o yan-bu yan, Xoca Əziz yağlı dilini işə salıb qoruqçunun hirsini yatırtdı. “Koroğlu”.
[Qəhrəman:] Mən [xanımın] hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. H.Nəzərli.
İndi Leylək … o yağlı dili tapa bilərdimi? S.Rəhimov.