Heydər Əliyev adına İdman və Konsert Kompleksi
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri.
== Haqqında ==
İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir.
Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir.
Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur.
İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib.