Maliyyə və bank menecmenti
Maliyyə və bank menecmenti — Maliyyə menecmenti – müəssisənin strateji və taktiki məqsədlərinə nail olmaq üçün rasional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və onlardan daha səmərəli istifadə olunması yolu ilə pul axınlarını effektiv idarə edən elmdir. Maliyyə menecmenti müəssisələrin maliyyə fəaliyyətinin , yəni onların kapital və gəlirlərinin formalaşması və istifadəsi ilə əlaqədar pul münasibətlərinin idarəetmə
məharətidir. Bank menecmenti bankın strateji və taktiki planlaşdırması, təhlil, tənzimləmə və bank fəaliyyətinə nəzarətlə əlaqədar olan münasibətlərin, maliyyə resurslarının, marketinq fəaliyyətinin, bank əməliyyatlarının yerinə yetirən işçi qrupunun idarəolunmasını tərənnüm edir.
== Maliyyə menecmenti ==
Maliyyə menecmenti – maliyyə resurslarının idarə edilməsi sistemidir. Maliyyə siyasətini, metodlarını, vasitələrini, eləcə də maliyyə sabitliyini və artımının təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün idarəetmə qərarlarını qəbul edən və bu qərarları praktikada həyata keçirən insanları əlaqələndirən maliyyə resurslarının idarə edilməsi sistemidir.
Maliyyə menecmenti maliyyə sisteminin bütün elementlərinə nüfuz edir və bazar iqtisadiyyatı şəraitində idarəetmə strukturunun ən mühüm tərkib hissəsi kimi çıxış edir. Maliyyə menecmentinin predmetini kapitalın hərəkətini əks etdirən pul axınları təşkil edir. Maliyyə menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki nəzəri işləmələri və onun çərçivəsində hazırlanmış yanaşmaların praktiki tərəflərini müvəffəqiyyətlə əlaqələndirən iqtisad elminin ən perspektiv istiqamətlərindən biridir.
Maliyyə menecmentinin vəzifələrinə daxildir:
maliyyə hesabatının təhlili;
pul vəsaitinin proqnozlaşdırılması;
səhm buraxılışı;
kredit və borcların alınması;
investisiyalarla əməliyyatlar;
firmaların birləşmə və sərfetmə əməliyyatlarıının qiymətləndirilməsi
=== Maliyyə menecmentinin məqsədləri ===
Maliyyə menecmentinin əsası qısamüddətli və uzunmüddətli perspektivdə maliyyə resurslarından səmərəli istifadə edilməsi amillərinin təhlilinə əsaslanan və maliyyə xidmətlərinin fəaliyyət istiqamətlərini müəyyənləşdirən maliyyə siyasətidir. Müvafiq siyasətin işlənib hazırlanması üçün maliyyə təhlilinin mənbələri dövlət maliyyə orqanlarının rəsmi hesabatları, institusional bazar strukturlarının (banklar, investisiya şirkətləri, əmtəə, fond və valyuta birjaları) informasiyası, statistik məlumatlar, sahələrarası və ölkələrarası məlumatların müqayisə edilməsi, şirkətlərin kənar istifadəsi üçün hazırlanmış maliyyə-mühasibat hesabatlarıdır.