□ Baş-başa durmaq – bax baş-başa vermək 3 və 4-cü mənalarda.
Baş-başa gəlmək – üz-üzə gəlmək, rastlaşmaq.
Usta yarı yol getməmişdi, bir ayrı kişi ilə baş-başa verib toqquşdular və ikisi də üzlərini turşudub, sudan çıxdılar ki, bir-birini döysünlər.
Baş-başa vermək – 1) bir-biri ilə gizli danışmaq, məhrəmanə danışmaq, sirləşmək;
// məc. quşlar haqqında.
Yoxsa danışırsız dilbər sözünü; Veribsiniz nə baş-başa, durnalar?
Ötədəki iki quşcuğazın baş-başa verib də həsb-hal etməsi … nə qədər şairanə. ;
2) işlərini, dərdlərini bir yerdə müzakirə etmək, götür-qoy eləmək, məsləhətləşmək. Gecə sübhədək iki yoldaş başbaşa verib tədbir tökdülər. – [Kazım:] İllərdən bəri yan-yana yaşayan, adət və qaydaları bir, yalnız dinləri başqa olan bu iki ailə baş-başa verib, bir-birinin dərdinə ağlayırdı. Çəmənzəminli;
// bir yerdə çalışmaq, əlbir olmaq, birgə hərəkət etmək. Baş-başa verməyincə daş yerdən çıxmaz. ( Ata. sözü );
3) bir yerdə oturmaq, yan-yana oturmaq, bir yerə cəmlənmək.
[Qənbərqulu:] [Əsgər] cibindən bir qəpik çıxarıb ət almazdı ki, aparıb evində uşaqları ilə baş-başa verib abgüştdən-zaddan bişirib yesin. ;
4) bir-birinə yaxın durmaq, yanaşı durmaq, yan-yana düzülmək, durmaq.
Xəzər sahilində verə baş-başa; Qocaman çinarlar, yekə ağaclar.
Meşələr görmüşəm qoca palıdlı; Hündür vələsləri verib başbaşa. ;
5) bir yerə yığışmaq, büzüşmək, yazıq-yazıq bir-birinə sıxılıb durmaq. Uşaqlar baş-başa verib oturublar. Soyuqdan quşlar baş-başa verib bir daldalanacaqda durmuşdu.