Emin Axundov
Emin Axundov (azərb. Emin Axundov Tofiq oğlu; 1971, Bakı) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1998-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİPS), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİJA) və 2004–2005-ci illərdə vitse-prezidenti, AİJA jurnalının Baş redaktoru, Dağlıq Qarabağ müharibəsi veteranı, Qızıl qələm mükafatı laueratı.
Emin Axundov 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı 31 saylı orta məktəbi oxumağa başlayıb, 1988-ci ildə isə Bakı 267 saylı orta məktəbi bitirib. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetiniə (ATU) daxil olub və 1994-cü ildə oranı bitirib.
1999-cu ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi tərəfindən göndərişlə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-nin Mətbuata Texniki Dəstək Fondunun keçirdiyi jurnalist, 2008-ci ildə isə Yunanıstan Respublikasında Beynəlxalq İdman Jurnalistikası kursunu bitirib.
Ailəlidir, üç övladı var.
1988-ci ildə "Azneftmaştikinti", sonra isə DİN-nin Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. Dağlıq Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməklə bərabər, həm də "Hünər" qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış edib.