Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur.
1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu.
1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar.
Böyük Azərbaycan şairi Molla
Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır.
== Abidə ==
Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir.
Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır.
Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir.
Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir.