SƏNƏT

is. [ ər. ]
1. Müəyyən hazırlıq tələb edən və sahibinin yaşaması üçün əsas mənbə sayılan əmək fəaliyyətinin bir növü; peşə. Özünə sənət seçmək. Sənət öyrənmək. Sənətini dəyişmək.
[Yusif] usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzadə.
[Qurban Nənəxanıma:] [Şaqqulunu] istəmişəm sənətə qoyam ki, avara qalmasın, demisən ki, o neynir sənəti, cavan uşaqdı, qoy böyüsün. Çəmənzəminli.
…Qulam müəllim bütün sənətlər içərisində öz sənətini [müəllimliyi] çox yüksək tuturdu. S.Rəhimov.

// İş, peşə, məşğuliyyət.
Hacının sənəti hamamçılıq idi… C.Məmmədquluzadə.
Gördü ayı kəndli çəkir zəhməti; Var əcəb asudə, asan sənəti. // A.Səhhət.
Gəmi muzdurçuluğu … çox ağır sənətdir. S.M.Qənizadə

// Məc. mənada.
[Sultan bəy:] Qərəz ki, təklik bir sənət deyildir. Ü.Hacıbəyov.
Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun. S.Vurğun.

2. İncəsənətin qollarından hər biri. Musiqiçilik gözəl sənətdir. Bədii sənətin gücü. Sənət əsəri.
– Əsil tamaşaçılar [Səttarzadəni] görəndə musiqi aləminin, sənət dünyasının zənginliklərini bir daha xatırlayırlar. Mir Cəlal.

3. bax sənətkarlıq 2-ci mənada.
◊ Sənət məktəbi – ixtisaslı fəhlə hazırlayan məktəb.
[Aslan:] Mən sənət məktəbini təzə qurtarmış ustaların briqadiriyəm. S.Rəhman.
Sənət məktəbinə məxsus göy rəngli paltar Həsənlə Lətifə çox yaraşırdı. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏNƏT SƏNƏT, PEŞƏ Tezliklə peşə yiyəsi, sənət sahibi olacaqlar (Ə.Vəliyev); İXTİSAS [Ənisənin] əmək bursasında bir ixtisası olmadığı üçün qeyd etməyirdilər
  • SƏNƏT peşə — iş — məşğuliyyət
SƏNƏM
SƏNƏTÇİ

Digər lüğətlərdə