Türkiyə çərkəzləri
Türkiyə çərkəzləri ya da Türkiyədəki çərkəzlər (çərkəzcə:Тыркуе aдыгэхэр) — XIX əsrdə Çərkəz bölgəsinin Rusiya imperiyası tərəfindən ələ keçirilməsindən sonra başladılan Çərkəz sürgünü adlı etnik təmizləmə hərəkatında Şimali Qafqazdan Osmanlı imperiyası torpaqlarına gələn çərkəzlərin daha sonra yaradılan Türkiyə sərhədləri daxilində qalan qismidir.
Türkiyədəki çərkəzlərin dəqiq sayı bilinməməkdədir. Bir çox etnik çərkəz çərkəz dilini bilmir və özünü sadəcə türk olaraq təqdim edir.
Türkiyədəki çərkəzlər içində dillərini ən yaxşı qoruyan qrup əsasən Kayseri və Sivasa bağlı kəndlər olan Uzunyayla ilə Maraş-Göksun ilçəsində yaşayan kabardeylərdir. TRT-3 televiziya kanalında dövlət tərəfindən yayımlanan ilk çərkəz dili də bu kəndin sakinlərinin danışdığı şərq çərkəzcəsidir.
Çərkəz adı Qafqazda çərkəzcə danışan ləhcə qrupunun qərb çərkəzcəsi və şərq çərkəzcəsi olmaqla iki qolunu təşkil edən şimali qafqazlıları təmsil edərkən, Türkiyədə (və keçmiş Osmanlı coğrafiyasında) isə bunlardan əlavə, abazalar, çeçenlər, abxazlar, osetinlər, qaraçaylılar və balkarlar kimi fərqli dil ailələrindən olan toplumları da bildirmək üçün istifadə edilir.
Türkiyədəki bütün Çərkəz boyları İstanbulda da yaşasa da, Anadoluda çoxluq formada yaşadıqları bölgələr bunlardır:
Abadzexlər — Sinop, Tokat, Balıkesir, Sakarya (Akyazı ilçəsi)
Şapsuqlar — Samsun, Balıkesir, Bolu, Aydın, Sakarya, Bursa
Ubıxlar — Balıkesir, Bolu, Sakarya, Samsun, Ordu
Bjeduğlar — Çanaqqala (Biqa ilçəsi ətrafı)
Hatukaylar — Kayseri, Bileçik
Çemguylar — Düzcə
Mahoşlar — Samsun (Alaçam ilçəsi)
Kabardalılar — Kayseri, Tokat, Sivas, Qəhrəmanmaraş
Besleneyler — Çorum, Amasiya
1965-ci il siyahıyaalmasına görə, çərkəz dilini ana dili kimi danışanlar faiz nisbəti ilə ən çox Kayseridə olmuşdur. Onlar burada ümumi əhalinin 3.2 faizini təşkil etmişdir. Sonrakı yerlərdə 1.2 faiz göstərici ilə Tokat, 1.0 faizlik göstərici ilə Qəhrəmanmaraş gəlmişdir.
Türkiyənin ən şərqindəki Çərkəz diasporası Əxlatda yaşamaqdadır.