Ağa Əliyev
Ağaqurban Əliyev, Ağa Qurban oğlu Əliyev (1911 Göyçay-1997 Bakı) — xalq arasında Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı, Azərbaycanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor.
== Həyatı ==
Ağa Əliyev 1911-ci ildə Göyçay şəhərində anadan olmuşdur. O, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş, neft və qaz yataqları geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Gənc geoloqun təyinatı Suraxanı rayonundakı Kaqanoviç NMİ-yə verilmiş və tezliklə baş geoloq vəzifəsinə təyin olunmuşdur.
1945-ci ildə dəniz kəşfiyyatının xüsusi tresti yaradılarkən dənizdə geoloji kəşfiyat işlərinə rəhbərlik Ağa Əliyevə tapşırılmışdır. Onun apardığı geoloji tədqiqatlar nəticəsində Abşeron və Bakı arxipelaqları sahəsində neft və qaz yataqlarının proqnozunu vermiş və geoloji axtarış və kəşfiyyat işlərinin harada aparılmasını əsaslandırmışdır. Ağa Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqları aşkar edilmişdir ki, bunlardan Neft Daşları, Gürgən-dəniz, Qum adası, Bahar və başqalarını göstərmək olar. Küryanı vilayətində isə Kürovdağ, Mişovdağ, Qalmas, Qarabağlı, Kürsəngə, Kəlaməddin və Abşeron yarımadasında Şabandaq, Qaradağ, Qaraçuxur neft və qaz yataqları kimi 20-yə yaxın zəngin neft və qaz yataqları açılmışdır. Neft Daşlarının kəşfindən sonra bu böyük antiklinal xəttin üstündəki Neft Daşlarının ardınca Günəşli, Çıraq, Azəri, Kəpəz kimi böyük ehtiyata malik neft yataqları aşkar olunmuşdur.
Ağa Əliyev neft geologiyası sahəsində təkcə tədqiqatlar aparmaqla kifayətlənmişdir.