Aidə Şirinova
Aidə Rəcəb qızı Şirinova (7 avqust 1959, Bərdə) — Mayor, Qarabağ müharibəsinin iştirakçısı, azərbaycanlı polis, ilk hərbi komandir müavini qadın, İSBAM departament rəhbəri.
== Həyatı ==
Aidə Şirinova 7 avqust 1959-cu ildə Bərdə şəhərində anadan olub. 1977-ci ildə Bərdə şəhər 3 saylı tam orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub.
1981-ci ildə ali məktəbi bitirib, Bərdə rayon Uşaq gənclər İdman məktəbində metodist vəzifəsində çalışıb.
1992-ci ildə Xocalı soyqırımından sonra hərbi xidmətə gedib. Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) döyüşüb. 1 iyun 1992-ci ildən 2 dekabr 1992-ci ilə qədər Müdafiə Nazirliyinin Bərdə Özünü müdafiə batalyonunda (733 nömrəli Hərbi hissə) İdman xidməti rəisi, Əsgərlərin sosial müdafiəsi üzrə Komandir müavini vəzifəsində xidmətdə olub. Azərbaycanın Hərb tarixində bu vəzifəyə yüksələn ilk hərbçi qadın olaraq tarixə keçib.
1993-cü il 1 yanvar tarixində Şuşa rayonunun polis şöbəsində, 1994-cü il mart ayından Ağdərə rayonunun polis şöbəsində baş leytenant olaraq xidmət edib.
Xidmət etdiyi müddətdə Şuşa və Ağdərə polis şöbələrinin şəxsi heyəti ilə birlikdə torpaqlarımızın bütövlüyü uğrunda [Yuxarı Qarabağda gedən döyüşlərdə, Tərtər rayonun müdafiəsində, o cümlədən keçmiş Şaumyan (hazırkı Goranboy), Gülüstan, Talış, Marağa, keçmiş Marquşavan (hazırkı Şıxarx), Həsənqaya, Aşağı-Yuxarı Çaylı, Ağdərə rayonunun alınmasında və Qırmızı kənd, Kasapet, Dəmirli, Orta kənd, Dranbon, Çıldıran yaşayış məntəqələrində aparılan döyüşlərdə iştirak edib.