Call of Duty 7: Black Ops
Call of Duty: Black Ops (azərb. Borcun çağırışı: Qara əməliyyatlar) — "Treyarch" tərəfindən hazırlanan, "Activision" şirkəti tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Call of Duty" oyun seriyasındakı 7-ci əsas epizoddur və 2008-ci ildə satışa çıxarılan "Call of Duty: World at War" videooyununun davamıdır. Oyun 9 noyabr 2010-ci il tarixində Microsoft Windows, PlayStation 3, Xbox 360 və Wii platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra "Aspyr Media" tərəfindən 27 sentyabr 2012-ci il tarixində OS X platforması üçün satışa çıxarılmışdır.
Oyunun əsas süjeti Soyuq müharibə dövründə, 1960-cı illərdə cərəyan edir. Oyunun protaqonisti MKİ əməkdaşı Aleks Meyson bir nömrəli radiostansiyanın mövqeyini müəyyənləşdirmək üçün bəzi xatirələrini xatırlamağa çalışır. Bu radiostansiya kimyəvi silahlarla ABŞ-yə hücum etmək istəyən agentlərə məlumat yayır. Meyson, başqa bir MKİ əməkdaşı olan Ceyson Hadson və Qızıl Ordu hərbçisi Viktor Reznov oyunun əsas idarə edilən personajlarıdır. Oyunun əsas süjeti Kuba, Rusiya, ABŞ, Qazaxıstan, Honkonq, Laos, Vyetnam və Arktikada cərəyan edir.