1. Yer kürəsinin acı-duzlu su ilə örtülü olan və az-çox quru ilə əhatə olunmuş böyük sahəsi, okeanın bir hissəsi; dərya. Qara dəniz. Xəzər dənizi. – Dəniz okeanların az-çox təcrid edilmiş hissələridir ki, bunların özlərinin xüsusi rejimi vardır. “Ümumi fiziki coğrafiya”.
// Acı-şor suyu olan çox böyük göl. Aral dənizi. – Dənizdə tufan qalxır.
// Yer üzündəki okean və dənizlərin məcmusu. Dənizlə Amerikaya getmək.
// Süni surətdə düzəldilmiş çox böyük sututar. Mingəçevir dənizi.
□ Dəniz nəqliyyatı – dənizlərdə işləyən nəqliyyat vasitələri (gəmilər və s.).
2. məc. Təşbehlərdə, müqayisələrdə çoxluq, nəhayətsizlik, intəhasızlıq bildirir.
◊ Dəniz tutmaq – gəminin yırğalanması nəticəsində ürəkbulanması və başağrısı şəklində təzahür edən xəstəlik halı.
Dənizdə balıq sövdası – ortada mövcud olmayan qeyri-real bir şey haqqında söhbət aparma. Dənizdə balıq sövdası olmaz. ( Ata. sözü ).
Dənizdə bir damcı – müqayisəedilməz dərəcədə az, çox cüzi bir şey haqqında.