İLTİCA

is. [ ər. ]
1. Sığınma, birinin yanına qaçıb himayə istəmə, pənah gətirmə.
[Fərhad:] Mən ömrümdə bir kəsə yalvarmadığım halda, namusum yolunda iltica dili açaraq sizə yalvarıram. C.Cabbarlı.
[Sarıköynəyin] gözlərinin dərinliklərində rica ilə qarışıq bir iltica xahişi var idi. S.Hüseyn.

□ İltica etmək (eyləmək, gətirmək) – pənah gətirmək, sığınmaq, himayə istəmək.
Dərgahına saqi eylər iltica; Baş əyər sürahi, piyalə sənə. Q.Zakir.
[Xanım:] Siz bilirsiniz ki, mən onun xanımı deyiləm, zatən aramızda iyirmi yaş fərq var.
Ancaq bir parça çörək üçün evinə iltica etmişəm… Çəmənzəminli.

2. məc. Xahiş, rica, yalvarış.
Aşıq-məşuq olub, qəlbi yanmasa; Bir bu qədər ilticayə düşərmi? Aşıq Ələsgər.
Uzun ilticadan sonra Babaxan qızı inandırmışdı. Mir Cəlal.

□ İltica etmək (eləmək) – xahiş etmək, rica etmək.
Məşədi Əsgər təcilən… [müsafirə] tərəf yan alıb, çamadanını aparmaq üçün öz dili ilə ona iltica etdi. S.M.Qənizadə.
…Mirzə Fətəli əziz və mehriban dayısının ayağına düşüb, ondan … iltica eləyir ki, onu qulluğa qoysun. F.Köçərli.

İLMƏKLİ
İLTİFAT

Digər lüğətlərdə