is. [
ər. ]
1. Lütfkarlıq, lütf, mərhəmət, etina.
Vardır şirin-şirin xoş ixtilatın: Nə fayda Vaqifə yox iltifatın. M.P.Vaqif.
Kəsmə iltifatın qul Ələsgərdən; Kərəmli sultanım, getmə, amandı. Aşıq Ələsgər.
[Eldar:] Mən ağlımı itirmişəm, mənim iztirablarımı sənin ancaq belə iltifatların azalda bilər. S.Hüseyn.
// Hörmət, ehtiram, hüsntəvəccöh, gülər üz göstərmə, xoş münasibət.
Qarı Aqilin ürək tərpədən iltifatına qarşı indi heyran-heyran baxır. S.Rəhimov.
Cəmil utandığından cavab verə bilməyir, yalnız gülümsəyirdi.
Sara isə müdirin iltifatından razı idi. Mir Cəlal.
□ İltifat etmək (eləmək, göstərmək və s.
) –
1) mərhəmət etmək, xeyirxahlıq göstərmək, yaxşılıq etmək, mərhəmət edib vermək.
Sən belə hərgah mənə qəmxar isən; Bir qədər ip tap, mənə qıl iltifat. A.Səhhət;
2) xoş üz göstərmək, hörmət göstərmək, lütf etmək.
Nayib Cəfər bizə iltifat elədi və oturmağa yer göstərdi. C.Məmmədquluzadə.
[Mozalan bəy:] Hacı mənə həqiqət artıq iltifat eylədi. Ə.Haqverdiyev.
İltifat buyurmaq köhn. – bax
iltifat etmək. [Cəfər:] Bağışlayın, yoldaşlar. Sizdən bir ricam var.
Biletiniz varsa, bir naharlıq iltifat buyurun. Çəmənzəminli.
Əgər bu növ kəşfiyyatçılardan biri iltifat buyurub türk qadınlığına da balaca bir nəzər salsa idi, … biz də bu gün seçki zamanında Tükəzban xalanı meydanda tək qoymazdıq. B.Talıblı.
◊ İltifatın(ız) artıq olsun! – təşəkkür bildirir (bəzən kinayə yerində işlənir).
[Vəli:] Bəy, iltifatın artıq olsun. Ü.Hacıbəyov.
[Nəriman:] Çox sağ ol, Qərənfil! İltifatın artıq olsun! İ.Əfəndiyev.
[Sevinc:] İltifatın artıq olsun, biz sənin çörəyini yemirik. Z.Xəlil.