is. 1. Bəzi molyuskların balıq-qulaqlarından çıxarılan ağ və ya çəhrayı (nadir hallarda qara) rəngli dənələr şəklində qiymətli sədəf maddəsi; mirvari, dürr.
// Həmin maddədən hazırlanan qiymətli qadın bəzəyi (muncuq).
Nə göyçək yaraşır, nə xoş görünür; Mina, inci kəmər bel arasında. Q.Zakir.
[Qətibə] baş örtüsünün qarşısına almaz, yaqut və incilərdən düzülmüş bir cıqqa taxmışdı. M.S.Ordubadi.
Ləpələrin qucağında dolaşdım axşam-səhər; Gözlərimi qamaşdırdı dibindəki incilər. B.Vahabzadə.
2. məc. Çox qiymətli şey haqqında.
Yığır öz əliylə torpaq altından; Yerdə gizlədilmiş o inciləri. S.Vurğun.
3. məc. Təşbehlərdə: saflıq, təmizlik parlaqlıq mənasında. İnci tər.
– Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət.
Yenə ay işığında qumlar sanki incidir. N.Rəfibəyli.
…Məxmər otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə.
// Eyni mənada dişlər haqqında.
Dəhanın sədəfdir, dişlərin inci; Sanasan ağzın püstədir, ay qız! M.P.Vaqif.
Bir xoş yerişlinin, inci dişlinin; İncə baxışlının, tər qumaşlının; Bir allı, güllünün dağı məndədir. Aşıq Rəcəb.
Rozanın dodaqları qaçdı, qaranlıqda onun ağ, inci dişləri parıldadı. S.Rəhimov.
◊ İnci kimi (təki) – kiçik, təmiz və düzgün.
Aygün oxuduqca nəzər saldı ki; İncitək düzülmüş sözlər yanaşı. S.Vurğun.
…Çobanın təkcə gözləri, bir də inci kimi düzülmüş saf dişləri ağarırdı. İ.Hüseynov.