is. [
ər. ]
1. Hər hansı bir əməli məqsəd üçün sistematik istifadə etmə, faydalanma, işlətmə. Neft quyularının istismarı. Təbii sərvətlərin istismarı.
– Lakin Nobelin bütün o inadlı səylərinə baxmayaraq, Şibayev də adaya pəncəsini ilişdirdi, o da tələsik bir-iki quyu qazdırıb istismara başladı. Ə.Məmmədxanlı.
□ İstismar etmək – işlətmək, istifadə etmək, faydalanmaq.
İstismara verilmək – işlənməyə (istifadəyə) başlanmaq.
Mexanikləşdirilmiş üsulla ilk neft quyusu Azərbaycanda 1871-ci ildə … qazılıb istismara verilmişdir. S.Quliyev.
Sabah sex istismara verilməli idi. H.Seyidbəyli.
2. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət sayəsində insanların bir qisminin başqalarının əmək məhsulunu mənimsəməsi.
İstismarın son dərəcəyə çatdığını, zəhmət şəraitinin qabalığını, fəhlənin rütubətli zirzəmilərdəki fəryadını bizdən başqa da hiss edənlər vardır. M.S.Ordubadi.
Hər kəs zəhmət və istismarın nə olduğunu indicə anlamağa başlayır. H.Nəzərli.
□ İstismar etmək – başqasının zəhmətini, məhsulunu mənimsəmək, amansızcasına özü üçün işlətmək.
İstismar olunmaq – zəhmətinin məhsulu amansızcasına mənimsənmək.
Fəhlələr amansız surətdə istismar olunurdu… H.Nəzərli.