Tuğ (Xocavənd)

TuğAzərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd.[2] 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]

Tuğ
39°35′06″ şm. e. 46°57′55″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 843 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 700 nəf. (2005)[1]
Tuğ xəritədə
Tuğ
Tuğ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şuşa qəzası 1 yanvar 1903-cü illər xəritəsi

Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır.

Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.[4]

Tuğ kəndinin məlikyeqanovlar, məlik-aslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, budaqlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri vardır. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarasıTağlar mağarası Tuğ kəndi yaxınlığındadır.

Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizağ nahiyəsinin Haderud kəndi olaraq keçir.[5]

Qarabağ xanlığı dövründə Dizaq mahalının başkəndi Tuğ şenliyi idi. 1727-ci ilə bağlı qaynaqda qeyd olunur ki, Tuğ kəndində 73 qeyri-müsəlman yaşayır. Kəndin 10 dəyirmanı var. Əhali dənli bitkilərdən buğda, arpa, darı əkir və çəltik becərir. Baramaçılıqla da məşğul olanlar var. Tuğ kəndinin gəliri 80.000 ağça idi.

Dizaq mahalını məliklər idarə edirdilər. Məlik mahalın başkəndi Tuğ şenliyində əyləşirdi. Atadan oğula irsi keçən məliklik məhdud səlahiyyətli vəzifə idi. Məliklər öncə bəylərbəyindən, sonra isə Qarabağ xanından asılı idilər. Nadir şah Qırxlı-Avşarın (1736–1747) ağalıq dönəmində bir sürə yarımmüstəqil oldularsa da, Pənahəli xanın təzyiqi nəticəsində yenidən tam asılı vəziyyətə düşdülər.

I Şah Abbas Səfəvinin (1587–1629) hakimiyyəti dönəmində Dizaq mahalının başçısı Məlik Sucum idi. Dizaq mahalını XVIII yüzildən bəri Məlik Yeqan və onun uruğu idarə etmişdi. Dizaq mahalı, onun mərkəzi Tuğ şenliyi Rusiya-İran savaşları dönəmində tapdaq yeri olmuşdu. Varlı, çörəkli olduğundan dolayı həm Qarabağ, həm rus, həm də İran ordusunun düşərgə yerinə çevrilmişdi.

1805-ci ildə İran ordusunun sərkərdələrindən biri Əbülfət xan Tuti Sarıcalı-Cavanşir Şuşaya basqın edib, taxtı atasından almaq istəyi ilə gəlib Bərgüşad mahalında əyləşmişdi. İbrahimxəlil xan da bu yürüşü duyub digər oğulları ilə gəlib, Tuğ kəndində bərə-bəndərgah tutmuşdu. Tarixçi Mir Mehdi Xəzani yazır: "Bu xəbərlərdən Əbülfət xan müstərib olub, sürət ilə Dizaq mahalına əzm eylədi. Məqsədi bu oldu ki, İbrahim xanın və Məhəmmədhəsən ağanın hənuz cəmiyyətləri güc toplamamış gəlib Tuğ kəndində Məhəmmədhəsən ağanı tutub və İbrahim xanı dəxi bidəxil edib, gəlib Şuşa qalasına daxil ola."

Tuğ kəndində iki qoşun arasında baş verən savaşda Əbülfət xan yenilib İrana qaçdı. Atışma zamanı kənd xeyli ziyanlıq görmüşdü.

Bu savaşdan bir müddət sonra İran şahının vəliəhdi Abbas Mirzə Naibəssəltənə çoxsaylı qoşunla Qarabağa daxil oldu. Qarabağ xanının vəliəhdi Məhəmmədhəsən ağa bir dəstə atlı, bir az rus əsgərləri ilə onu qarşılamağa çıxdı. Savaş yeri kimi yenə Tuğ kəndini seçdi. Qaravulun gətirdiyi xəbərə görə İran qoşunu çoxsaylı və müasir silahlarla təchiz olunmuşdu. Xanzadə az miqdar atlı ilə İran qoşunun önündə tablamayacağını bilib Şuşaya çəkildi. Mir Mehdi Xəzani yazır: "Əlqissə, həman günü Məhəmmədhəsən ağa Tuğ kəndindən gəlib, Rusiya qoşunu ilə qalaya varid oldular."

1811-ci ildə Cəfərqulu xan İrana qaçmışdı. Qaçarkən bir çox elləri, obaları və kəndlərin əhalisini özü ilə aparmışdı. Qaradağın hakimi olarkən tez-tez Qarabağa çapqına gəlir, yerdə qalan kənd camaatını da sürüb Arazı adladırdı. Növbəti gəlişlərinin birində Tuğ kəndinin əhalisini də özü ilə aparmaq istəmişdi. Hətta Araz çayının yaxasınadək aparmışdı da. Mir Mehdi Xəzani bu barədə yazır: "Cəfərqulu ağa sonra da qoşun ilə gəlib, Qarabağdan Tuğ kəndini köçürüb Araz kənarına apardı."

Rus sərkərdəsi Pyotr Kotlyarevski Cəfərqulu xana kənd əhalisini Arazdan keçirməyə mane oldu. Kənd əhalisini geriyə qaytardı. Mir Mehdi Xəzani yazır: "Tuğ kəndinin xalqını ki, Araz kənarında idilər, hənuz o taya getməmişdilər, köçürüb geri yenə özlərinə gətirdi…"

Tuğ kəndində olan bir neçə evi İrandan Qasım bəy Sarıcalı-Cavanşir (Zakir) gətirmişdi. Qasım bəy Zakir 1828-ci il 24 aprel tarixli, müsəlman əyalətlərinin hərbi rəisi general-mayor İvan Abxazovun adına yazdığı diləkçədə deyirdi: "…1827-ci ildə Abbas Mirzənin qoşunları məğlubiyyətə uğradıqdan sonra, Mehdiqulu xanın yanına gedərək bir gecə onun yanında oldum, onunla söhbətdən sonra Araz çayının o tayında, on iki ağaclıq məsafədə olan Soraqlı camaatından 500-ə yaxın evi Arazın bu tayına köçürüb Tuğ kəndində yerləşdirdim…"

Xaçın mahalı istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına "haqq" qazandırmaq üçün həmin məliklərə "erməni dövlətçiliyinin" davamı kimi baxmaları kökündən yanlışdır, daha doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bundan başqa, yuxarıdakı cədvəldən göründüyü kimi Xaçın istisna edilməklə XVII yüzildən əvvəlki dövrdə onların Qarabağda kökü yoxdur. "Məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər".

Məliklərin separatçı-mərkəzdənqaçma fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadelli qüvvələrin Qarabağa hücumunun həyata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məlikliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün görülən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə yönəlmiş qəsdlərə qarşı mübarizə idi. Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı. Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sürdü.

Əhməd bəy Cavanşir yazır: "Qonşu vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dizaq məliyi Yeqan öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərdikdən sonra onların bir hissəsi qırılmış, bir hissəsi isə islam dinini qəbul etmişdi… Çiləbörd məliyi Allahqulu Sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar xəyanətdə ittiham edilərək Pənah xanın əmri ilə öldürülmüşdü. Onun qardaşı Məlik Hətəm Talışın beşinci məliyi Məlik Usubla ittifaq bağlayıb uzun müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından müdafiə etmiş, lakin Ağdərə kəndində məğlub olduqdan sonra Tərtər çayının yuxarılarında yerləşən alınmaz Cermux qalasına çəkilmişdi. Bir ilə qədər qalada qaldıqdan sonra nəhayət, öz ailəsi ilə birlikdə qürbət ellərdə nicat axtarmalı olmuşdu, lakin bununla öz siyasi fəaliyyətlərini bitirmədi. Belə ki, sonralar onun həm özü və həm də övladları (birincinin oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər…". Pənah xan Sarıcalı-Cavanşirin məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi. Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular.

Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət Məlik Bahtama keçdi, lakin tezliklə o da dönük çıxdı.

Rusiya işğalı

[redaktə | mənbəni redaktə et]

İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada – Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə "xristian dövləti", daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı. Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birlikdə tutulub cəzalandırıldı, lakin Şuşa həbsxanasındakı məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığına qarşı hazırlanmış qəsdi gürcü çarı II İrakli (1744–1798) və rus polkovniki Burnaşovun köməyilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığına qarşı "xaç yürüşü"nə başlayan düşmənlər Gəncəyə yaxınlaşdılar, lakin 1787–1791-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması nəticəsində bu "xaç yürüşü" baş tutmadı. İbrahim xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi. 1795-ci ilin yayında İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd Qacar (1742–1797) Qarabağ xanlığına hücum etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. V. Zubovun komandanlıq etdiyi rus qoşunlarının hücumu ilə Ağa Məhəmməd Qacar geri çəkildi. Rus çariçası II Yekaterinanın (1764–1796) ölümü ilə V. Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağa Məhəmməd Qacar yenidən Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürüldü. XVIII yüzilin sonları – XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu. İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı P. D. Sisianovla (1802–1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.

İmperialist qüvvələrin öz aralarında apardığı İkinci Dünya müharibəsinə Azərbaycan xalqı da öz istəyinin əleyhinə qoşuldu. Tuğ kəndinin əhalisi də bu müharibədə böyük itkilər verdi. Kəndin əhalisindən 600 nəfəri bu müharibəyə yığılaraq aparıldı, onların 400 nəfərinə geri qayıtmaq nəsib olmadı. Qarabağ müharibəsinin lap erkən dövrlərində, hələ Sovet hakimiyyətinin mövcud olduğu dövrdə, 1991-ci il oktyabrın 30-da kənd erməni hərbi birləşmələri tərəfindən işğal olundu. Kəndin əhalisi buradan qovuldu, onların çoxusu Beyləqan rayonu ərazisindəki çadır şəhərciklərində məskunlaşdı.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Tuğ kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
226 Alban məbədi[6] 1197-ci il Tuğ kəndi Memarlıq Ölkə
227 Qırmızı məbəd[7] 1000-ci il Tuğ kəndi Memarlıq Ölkə
4320 Məbəd[8] XIII əsr Tuğ kəndi Memarlıq Yerli
4321 Məbəd[9] 1747-ci il Tuğ kəndi Memarlıq Yerli
4322 Körpü[10] XVIII əsr Tuğ kəndinin yaxınlığında Memarlıq Yerli

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Tuğ kəndi Xocəvənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[11] XXXX XXXX XXXX
2009[12] ↗XXXX ↗XXXX ↗XXXX

Əhalisinin sayı 2000 nəfərdir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Məlik Yeqan

Məlik İsay

Məlik Aslan bəy

Xudadat bəy Məlik-Aslanov

Fərhad bəy Məlik-Aslanov

Cavad bəy Məlik-Yeqanov

Əbülfət Mədətoğlu

Muxtar Aslanov (Məlik-Aslanov)

Firudin bəy Məlik-Aslanov

Lütfəli Məlik-Aslanov

Sadıx bəy Məlik-Aslanov

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olurdu.

Kənddə mədəniyyət evi, kitabxana fəaliyyət göstərirdi.

Kənddə 125 yaşı olan orta məktəb vardı.

1883-cü ildə Sadıx bəyMehdi bəy Məlik-Aslanovlar Tuğ və Qubadlı məktəbinin kasıb şagirdlərinə tədris və maddi vəsaitlə kömək göstərərək, bütünlüklə Azərbaycanda maarifin inkişafına təkan verən və o dövr üçün müasir hesab edilən rus-Avropa tipli Tuğ məktəbi yaratmışdılar[13].

1885-ci il Zemstvo məktəbi açılmışdır.[14]

Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. Müxtəlif dövrlərdə ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rolu olan bu kəndin – Tuğun tanınmış ziyalılarından, onun qürur və iftixar hissi doğuran tarixindən söhbət açacağıq. Azərbaycan Milli İstiqlal hərəkatı tarixində ictimai siyasi xadim kimi tanınan, xalqımızın əsrlər boyu yetirdiyi böyük şəxsiyyətlərdən biri olan Cavad bəy Rza bəy oğlu Məlik-Yeqanov 1883-cü ildə Tuğ kəndində anadan olmuş, ilk təhsilini Tuğ məktəbində aldıqdan sonra Şuşa realnı məktəbində davam etdirmişdir. O, 1903-cü ildə Bakıya gələrək neft mədənlərində işə düzəlmişdir.

Cavad bəy Məlik-Yeqanovun dünyaya gəldiyi Tuğ kəndi Azərbaycan tarixində əhəmiyyətli rol oynamaqla yanaşı, onun tarixi çox qədim dövrlərə gedib çıxır. "Tuğ" sözünün bir necə mənası var: birində "zirvə", o birində "bayraq". Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII-ci əsrlərin mənbələrində xatırlanır. Tarixi bilinməyən Ki-Tış qalası və digər abidələri ilə Tuğ, Azıx mağarasına aid milli-mənəvi dayaqlarımızı möhkəmləndirən, tamamlayan, təsdiqləyən kəndlərimizdən biridir. O, bir çox ziyalılarımız kimi Cavad bəyin də taleyində çox mühüm rol oynamışdır.

125 il əvvəl tarix yazmağı, yaratmağı xoşlayan bu kəndin, eləcə də bütün Azərbaycanın həyatında çox mühüm, qeyri-adi bir hadisə baş verdi – rus-Avropa tipli yeni bir məktəbin əsası qoyuldu. O vaxt Qarabağda maarifpərvər əməlləri ilə böyük hörmət qazanmış Sadıx bəy və Mehdi bəy Məlik-Aslanovların yaxından köməyi, çar hökumətinin icazəsi ilə təşkil olunan bu məktəbə dövrün tanınmış ziyalılarından biri olan Mir Mehdi Xəzani (1811–1893) rəhbərlik edirdi. Onun ölümündən sonra – 1894–1922-ci illərdə məktəbə Məhəmməd bəy Məlik-Yeqanov, 1922–1934-cü illərdə Mustafa Cahangirov rəhbərlik edib.

Bu məktəbin yetirmələri olan neçə-neçə tanınmış ziyalı tariximizin müxtəlif dövrlərində nəinki Qarabağda, bütün Azərbaycanda ad-san sahibi idi. AXC hökumətinin iki üzvü – poçt, rabitə və dəmiryolu naziri Xudadat bəy Məlik-Aslanov və Bakı-Lənkəran qubernatoru, haqqında söhbət açdığımız Cavad bəy Məlik-Yeqanov məhz bu məktəbin yetirmələri idi. Bu kənddən "Hacı Qara" əsərində Mirzə Fətəli Axundov yazıb, "1905-ci ildə" pyesində Cəfər Cabbarlı söhbət açıb. Vaxtilə Qarabağın bu hissəsində böyük Üzeyir bəy dərs deyib -Vətən, millət, qəhrəmanlıq dərsi. O dərslərdən ruhlanan neçə-neçə elm-mədəniyyət xadimi, siyasət adamı, ən başlıcası, hünərvər müəllimlər ordusu yaranıb…

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavad bəy parlamentin üzvü, Zaqafqaziya Seymində müsəlman fraksiyasının daimi nümayəndəsi idi.

1919-cu ildə Lənkəran qəzasında hakimiyyət general Denikinin tərəfdarlarından biri olan polkovnik İlyaşeviçin əlinə kecmişdi. O, Azərbaycan hökumətini tanımaq belə istəmirdi. General-mayor Səlim bəy və Cavad bəyin rəhbərliyi ilə ora göndərilən Azərbaycan Ordusunun hissələri qiyamçıları məğlub edərək Lənkəran qəzasında Azərbaycan hakimiyyətini bərpa etdilər.

1919–1920-ci illərdə Cavad bəy Lənkəran və Muğan qəzasının qubernatoru, Bakı şəhər polis idarəsinin rəisi olmuşdur.

Cavad bəy Məlik-Yeqanov Azərbaycanda ilk fəhlə həmkarlar təşkilatının yaradıcısı olmuş, Cümhuriyyət dövründə sənayedə aparılan islahat işlərinə başçılıq etmişdir.

Sovet hakimiyyəti illərində – 1920-ci illərdən başlayaraq Cavad bəy 7 dəfə həbs edilmiş, sonuncu dəfə isə həbs edilərək uzaq Kareliyaya sürgün edilmişdir.

Ömrünün 20 ildən çoxunu həbsxanalarda və QULAQ düşərgələrində keçirən Cavad bəy 1942-ci il mayın 18-də dünyasını dəyişmişdir. Ölümündən 17 il sonra – 1959-cu ildə Kareliya Muxtar Respublikası Ali Məhkəməsinin hökmü ilə ona bəraət verilmişdir.

Cavad bəyin həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova (1898–1987) Azərbaycanda maarifçiliyin əsasını qoyanlardan biri idi. O, ilk təhsilini Bakıda rus-müsəlman məktəbində almış, daha sonra müqəddəs Nina qız məktəbini qızıl medalla bitirərək pedaqoji fəaliyyətə başlamışdır. 1918–1920-ci illərdə Bakıda və Lənkəranda qız məktəblərinin açılmasında onun müstəsna xidmətləri olmuşdur. 1921–1937-ci illərdə Məryəm xanım Bakı Sənaye Texnikumunda və Tibbi-Pedaqoji Texnikumda fəaliyyət göstərmişdir.

Sonralar Məryəm xanım Moskvada ali təhsil alaraq hüquqşünas olmuşdur. 1925-ci ildə I Ümumittifaq müəllimlər qurultayında N. K. Krupskaya ona SSRİ Maarif Komissarlığında yüksək vəzifə təklif etmiş, lakin Məryəm xanım Azərbaycandan ayrılmaq istəməmişdi. 1937-ci ildə Məryəm xanım keçmiş müsavat funksionerinin həyat yoldaşı kimi həbs edilərək Arxangelskə, sonra isə Qazaxıstana sürgün edilmişdir. O, 1948-ci ildə "islah olunaraq" Bakıya qayıtmış, yalnız 1956-cı ildə bəraət ala bilmişdir.

Bu kəndin ad-san qazanmış oğullarından biri də Xudadat bəy Ağabəy oğlu Məlik-Aslanovdur (1879–1935). Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Xudadat bəy Azərbaycanın məşhur ictimai-siyasi xadimlərindəndir. O, 1905-ci ildə Qarabağda erməni təcavüzünə, qırğınına qarşı fəal mübarizə aparan Ağa bəyin oğludur.

Xudadat bəy ilk təhsilini Şuşa realnı məktəbində almış, sonra isə məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqda Dəmiryol İnstitutuna daxil olaraq təhsilini davam etdirmişdir.

1904-cü ildə Xudadat bəy institutu əla qiymətlərlə bitirərək Voloqda-Peterburq dəmiryolunun inşasında mühəndis kimi çalışmağa başlamışdır. 1905-ci ildə Xudadat bəy Tiflis şəhərinə Zaqafqaziya Dəmiryolu İdarəsinə məsul işə göndərilir. Məhz həmin dövrdə onun rəhbərliyi altında Qafqazda mühüm dəmiryolları inşa edilib istifadəyə verilir.

1917-ci ilin mart ayında müvəqqəti hökumət Xudadat bəy Məlik-Aslanovu Zaqafqaziya Dəmiryolu İdarəsinin rəisi təyin edir. 1917-ci ilin noyabrında bu idarə Zaqafqaziya Dəmiryolu Komissarlığına çevrilir və Xudadat bəy komissar vəzifəsini icra edir. 1916-cı ildə komissarlıq Zaqafqaziya Federativ Respublikasının nazirliyinə çevrilir və Xudadat bəy dəmiryol naziri olur.

1918-ci ilin mayında Azərbaycan Zaqafqaziya Seymindən çıxaraq öz müstəqilliyini elan edir və Xudadat bəy Məlik-Aslanov müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü olmaqla yanaşı, dəmiryol, poçt və teleqraf naziri olur.

Bilik və bacarığı nəzərə alınaraq sovet hakimiyyətinin ilk illərində ona toxunmamışlar. O, Tikinti, Nəqliyyat və Rabitə Komitəsinin sədri işləmiş, dəfələrlə Azərbaycanın ali seçkili orqanlarında rəhbər vəzifələrə seçilmişdir.

Azərbaycanın ilk texnika elmləri doktoru – professorlarından biridir, 3 monoqrafiya və 70-dən çox məqalənin müəllifidir.

Sonrakı illərdə Xudadat bəy ömrünün sonunadək ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Politexnik İnstitutunda inşaat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Onun təşəbbüsü ilə Bakıda Dəmiryol Texnikumu açılmış, metropoliten yaradılmasının ideya müəlliflərindən biri də Xudadat bəy olmuşdur.

30-cu illərin əvvəllərində SSRİ-də ilk repressiyalar dalğası başlayanda Xudadat bəy keçmiş müsavatçı kimi 1930-cu ildə həbs olunmuş və 1933-cü ildə həbsdən azad edilsə də, 1934-cü ilin avqustunda yenidən həbs edilmişdir.

Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov 1935-ci ilin iyun ayında vəfat etmiş, 1959-cu ildə ona bəraət verilmişdir.

Azərbaycan Sovet Ensiklopediyasını vərəqləyərkən bu "xəsis" məlumatların arxasında qalan insan taleləri, qırılmış ümidlər, yarımçıq arzular göz önundə canlanır.

Qarabağa, xüsusən onun dağlıq hissəsinin inkişafına, orada yaşayan azərbaycanlı əhalinin problemlərinə sabiq prezident Heydər Əliyev həmişə diqqət yetirib. Ümumiyyətlə, istər Dövlət Təhlükəsizlik Komitəsinin sədri, istərsə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olduğu bütün dövrlərdə o, erməni millətçiliyinə qarşı amansız mübarizə aparıb. Bu mənada, 1968-ci ildə Xankəndidə azərbaycanlılara qarşı baş verən vəhşiliklər zamanı göstərdiyi qətiyyəti hadisə iştirakçıları indi də yaxşı xatırlayırlar.

1988-ci ildə Qarabağda başlayan məlum hadisələrdən sonra kənd sakinləri kimi Tuğ məktəbi də öz qaçqın ömrünü yaşamağa başladı. İşğala qədər Tuğ məktəbində 420 şagird təhsil alır, 55 müəllim, 24 texniki işçi çalışırdısa, indi onların sayında xeyli fərq var. Beyləqanda salınan "Yeni Tuğ" qəsəbə məktəbində hazıda 105 şagirdin təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur. Müəllim və şagirdlərin böyük bir hissəsi fəaliyyətini müxtəlif məktəblərdə davam etdirirlər. Şərait dəyişsə də, problemlər çoxalsa da, məktəb əvvəlki ənənələri qoruyub saxlamağa çalışır.

İşağlda olduğu üçün həmin müddət ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəifndən 2020-ci ilə qədər kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə xəstəxana mövcud idi.

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 59" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-12.
  3. "Xocavəndin işğaldan azad olunmuş yaşayış məntəqələri (https://xocavend-ih.gov.az/)". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  4. Tuğ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
  5. "Gence-Karabağ Eyâleti’nin Mufassal Defteri"
  6. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 9" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-14.
  7. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 9" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-14.
  8. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 110" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-14.
  9. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 110" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-14.
  10. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 110" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-14.
  11. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  12. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.
  13. İctimai TV. "Xocavəndin işğaldan azad edilmiş Tuğ kəndindən reportaj" (az.). Youtube.com. 15.11.2020. İstifadə tarixi: 2020-11-15.
  14. "Arxivlənmiş surət". 2020-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.
  • Ənvər Çingizoğlu. Tuğ, "Soy" dərgisi, 12 (32), Bakı. 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]