Space (musiqi qrupu)
Space (ing. space — "kosmos") — kosmik elektronika və disko janrlarında musiqilər ifa edən fransız qrupu.
== Tarixi ==
Qrup 1977-ci ildə fransız prodüser Jan-Filip İliesko de Qrimaldi və bəstəkar/müğənni Didye Maruani tərəfindən yaradılıb. Didye klavişçi/aranjimançı Rolan Romanelli, basçı Yannik Top, barabançı Pyer-Alen Daan və məşhur amerikalı müğənni Madlin Belli bir araya gətirdi.
Didye Maruani o vaxta qədər solo pop ifaçısı kimi müəyyən şöhrət qazanmışdı, lakin tezliklə astrologiyaya həsr olunmuş bir televiziya proqramı üçün 1976-cı ildə yazılmış "Magic Fly" kompozisiyasının adından ilhamlanaraq "Space" adlandırdığı yeni qrupunda aktiv fəaliyyətə başladı.
Didye Maruani: "Mənə daim melodiyanın kosmosdan gələn səslərə bənzədiyini söyləyən insanların sözlərini nəzərə alaraq, ad qismində "Space"i seçdim".
İlk dövrdə musiqiçilər qruplarının elmi-fantastik istiqamətini hər cür vurğulayır, tez-tez skafandra bənzəyən səhnə geyimlərində çıxış edirdilər. Özlərini "kosmonavtlar" şəklində təqdim etmələrinin digər səbəbi Didye Maruaninin "Polydor" səsyazma şirkəti ilə davam edən müqaviləsi idi.
Didye Maruani: "Prodüser və mən səsyazma şirkətimə "Magic Fly"ı mənim adımla buraxmağı təklif etdik, lakin şirkət kompozisiyanın bunu etmək üçün kifayət qədər yaxşı olmadığına qərar verdi … Prodüserim başqa bir şirkət tapdı, amma mən öz adımı orada hallandıra bilməzdim, çünki öz şirkətimlə müqavilə qüvvədə qalırdı… Skafandrlar fikri həm də ona görə çıxdı ki, məni bu geyimdı heç kim tanıya bilməsin. Özümə təxəllüs də fikirləşməli oldum və mən Ecama üzərində qərarlaşdım".